Reza Deqati: Qarabağda çəkdiyim bütün fotoları Beynəlxalq Məhkəməyə göndərmişəm, bütün dünya bu dəhşəti görsün

40

Otuz ildir Qarabağdan fotolar çəkirəm. Birinci Qarabağ müharibəsində o dəhşəti görmüşəm. 44 günlük müharibədən sonra da Qarabağı qarış-qarış gəzir, erməni vandalizminin izlərini yaddaşa köçürürəm. Ermənilər burada daşı-daş üstə qoymayıblar – məzarlıqları uçurdub, evləri dağıdıb, bütün infrastrukturu məhv edib, ekoloji terror törədiblər.

Bu sözləri azərtac-ın bölgə müxbirinə açıqlamasında dünya şöhrətli fotoqraf Reza Deqati Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı söyləyib.

Birinci Qarabağ müharibəsində 4 mindən çox azərbaycanlının itkin düşdüyünü xatırladan məşhur fotoqraf deyib: “Təxmin edirdim ki, itkin düşənlərin çoxu artıq qətlə yetirilib. Bu gün Edilli kəndində bunun bir daha şahidi oldum. Çox müharibələri lentə almışam, çox məzarlıqlar görmüşəm, amma heç biri mənə bu qədər təsir etməmişdi. Bu, əsl cinayətdir, biz bu vaxta qədər torpağın üstündə olan cinayətləri görürdük. Burada isə insanlığa sığmayan vəhşiliyin torpağın altındakı izlərini görürük. Qarabağda iki ildir çəkdiyim bütün fotoları Beynəlxalq Məhkəməyə göndərmişəm. Çünki bu materiallar fotofaktlardır. İstəyirəm ki, bütün dünya bu dəhşəti görsün”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində erməni hərbçilərinin azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərin qalıqları aşkarlanıb.