Reynaldo Parisi niyə “partlatmadı?”

640

(Reynaldoya məktub)

— Çox hörmətli Reynaldo dos Santos Silva, əvvəla salam. Bu səmimi salamdan sonra birbaşa keçirəm mətləbə. Ay Reynaldo, xəbərin olsun ki, səndən möhkəm incimişəm. Gizlətmirəm, hətta hərdən dalınca da danışıram. (Yəqin bilirsən, bizlərdə adamın dalınca danışmaq adətdir). Danışmağım da səbəbsiz deyil, çünki sən məni elə yandırmısan ki…

Bir neçə gün öncə “Qarabağ” Bakıda Avropa Liqasının qrup mərhələsində sənin də iştirakınla fransızların “Sent-Etyenn” komandası ilə qarşılaşdı. Və bu mühüm oyundan cəmi 1 xal əldə etdi. Halbuki bir üç olmalı idi. Qənaətimə görə, 2 xalın əldən çıxmasının əsas günahkarı sənsən. Bu yerdə onu da deyim ki, mən bununla sənin fransızlara satılmağını iddia etmək fikrində deyiləm, heç belə niyyətim də yoxdur. İnsafən, sənin oyun üslubuna söz ola bilməz. Fikir vermişəm, oyunlarda hətta rəqibin iki oyunçusu səni “bağlamağa” çalışır. Hərdən sənin oyunun mənə bizim Banişevskini xatırladır.

Əzizim (Xahiş edirəm, demə ki, mən sənin əzizin-filan deyiləm) Reynaldo, əgər yadındadırsa, həmin oyundan öncə keçirilən mətbuat konfransında demişdin: “Mən əlimdən gələni edəcəyəm ki, “Qarabağ” bu oyunda qələbə qazansın”. Amma sən verdiyin sözün üstündə durmadın. (Nəzərinizə çatdırım ki, bizim tərəflərdə sözün üstündə durmaq da adətdir). Bu bir yana. Üstəlik, əlinə düşən üç əla imkandan birində komanda yoldaşına adi bir ötürmə verərək “Qarabağ”ın hesabı açmasına yardımçı ola bilərdin. Lakin olmadın. (Hətta komanda yoldaşın Riçard Almeyda da bunu sənə irad tutdu.) Necə? Mən yalan danışıram? Elə isə oyunun videosuna yaxşı-yaxşı bax… Amma öz aramızdır, əvvəllər belə deyildin, yəni bizim şərhçilərin sözləri ilə desək, məhsuldar ötürmələr verirdin. Bir mahnımızda deyildiyi kimi: “Söylə, söylə, sənə belə nə oldu?”

Bəli, yenə deyirəm, sən ötürmə vermədin. Elə məni hirsləndirən, səndən incik salan da budur. Çöx hörmətli Reynaldo, həmin epizodlarda ilk ağlımdan keçən nəsnənin nə olduğunu bilirsənmi? Mən deyim, sən eşit. Artıq bir ildən çoxdur ki, bizim məmləkətdəsən. Mənə elə gəlir ki, bu müddətdə bir qədər dəyişmisən, üstəlik, bizlərə məxsus bir “xəstəliyə” də yoluxmusan. Həmin “xəstəliyin” adı paxıllıqdır. O paxıllıq ki, neçə illərdir bizim belimizi qırmaqdadır. Məhz içində baş qaldıran bu paxıllıq sənə imkan vermədi ki, daha yaxşı mövqedə olan yoldaşlarına pas verəsən. (Hərdən də mənə elə gəlir ki, səndə mənəmlik də baş qaldırıb. Kim bilir, bəlkə də mən yanılıram). Reynaldo, inandırım səni, əgər həmin oyunda paxıllıq özünü büruzə verməsəydi, fransızlar buradan əlləri ətəklərindən uzun geri qayıdardılar. Və futboldan söz düşəndə bir özlərindən deyəndə, beşini də “Qarabağ”dan deyərdilər. Nə yazıq ki, buna sənin paxıllığın mane oldu. Kim bilir, bəlkə indi fransızlar həmin epizodlara baxaraq deyirlər: “Unudulmaz futbol matçı… Hi-hi-hi-hi… Şəhərin adı Bakı, bizim qapıya yol tapa bilməyən Braziliya əsilli Reynaldo. Bu səbəbdən fransız komandası kef edir”. Yəqin bu fraqmentləri izahlı da göstərirlər, izahsız da. İzahlı variantda, yəqin ki, sənin az bir zamanda azərbaycanlılaşdığını da vurğulayırlar. Ax Reynaldo, Reynaldo, sən Pariji “partlatmağa” nə qədər də yaxın idin… “Barıt”ın da kifayət qədər idi, üstəlik, sözün həqiqi mənasında texnikan da. “Partlatsaydın”, adın fransızların da tarixinə düşəcəkdi. Necə ki, iranlı bir dərvişin, (Dərviş Məstəli şahi deyirəm) adı düşüb.

Deyirəm, ay Reynaldo, daha olan oldu, keçən keçdi. Bəlkə bu paxıllığın daşını birdəfəlik atasan? Atmasan, vallah-billah, elə qrupdaca başımıza daş düşəcək. Güman edirəm ki, növbəti oyunlarda bu “xəstəlikdən” səndə əsər-əlamət qalmayacaq.

Ümidvaram ki, yazdığım bu məktuba cavab verəcəksən. Səbirsizliklə məktubunu gözləyirəm. A… lap unutmuşdum, bir də xahiş edirəm, bu məktub sənə çatan kimi oxu, sonra da cır, at. Qoy heç Qurban əminin də xəbəri olmasın.

Çox hörmətlə: Azarkeş

QVAMİ MƏHƏBBƏTOĞLU