Mingəçevir təhsil ictimaiyyəti yeni təqvim ili ərəfəsində xoş bir xəbər alıb. Belə ki, ənənəvi olaraq Fövqaladə Hallar Nazirliyinin təşəbbüsü və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən son texniki yaradıcılıq müsabiqəsində mingəçevirli məktəbli Atilla Muradlı müsabiqənin qalibi olub. Onun hazırladığı xilasetmə gəmisi respublika müsabiqəsinin ən yaxşı nümunəsi olaraq dəyərləndirilib.
FHN-nin Aran regional nümayəndəliyində rəsmi şəxslərin və dəvətli qonaqların iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. Müsabiqəni qalib olaraq başa vuran 20 saylı Mingəçevir şəhər orta məktəbinin 6-cı sinif şagirdi Atilla Muradlıya Fövqaladə Hallar Nazirliyinin Fəxri diplomu, qiymətli hədiyyələri və Təhsil Nazirliyinin Fəxri diplomu təqdim olunub.
Çıxış edən rəsmi şəxslər istedadlı yeniyetmənin son iki ildə bu müsabiqədə qazandığı mükafatları böyük naliyyət kimi xarakterizə ediblər. Qeyd edək ki, ötən ilki yarışmada Atilla müsabiqənin 3-cü mükafatına layiq görülmüşdü. Məlumat üçün bildirək ki, Atilla Muradlı Uşaq Gənclər İnkişaf Mərkəzinin nəzdində Fizuli Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Gəmi modelçiliyi dərnəyinin üzvüdür.

Qeyd edək ki, haqqında danışılan müsabiqədə daha bir mingəçevirli məktəbli mükafatçılar sırasında yer alıb. Belə ki, Təbiət, riyaziyyat, humanitar təmayüllü şəhər Liseyinin şagiirdi müsabiqəni 3-cü pillədə başa vurub.
Esmira Hidayətova, Mingəçevir