“Repetitorluq məktəbləri gözdən salır”

897

Müəllimlik çətin, məsuliyyətli, eyni zamanda şərəfli və müqəddəs bir peşədir. Belə müqəddəs peşə sahiblərindən biri də ömrünün 40 ilini pedoqoji sahəyə həsr etmiş, şagirdlərin bir vətəndaş kimi yetişməsində əvəzsiz rolu olan Minayə xanım Məmmədovadır. Müəllim günü (5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür) ərəfəsində hazırda təqaüddə olan Minayə müəlliməyə baş çəkdik. Bizi çox səmimi qarşılayan Minayə müəllimə ilə birgə onun 40 illik pedaqoji fəaliyyətini vərəqlədik.
Minayə xanım yetirmələrinin sayını xatırlamağa çətinlik çəkdi. Sadəcə dedi ki, indi onların bəzilərinin sorağı müxtəlif müəssisələrdən gəlir: “Onları hər dəfə görəndə, xoş soraqlarını alanda elə bilirəm ki, dünyanı mənə bağışlayırlar”.
m2

Minayə xanım ziyalı ailəsində dünyaya göz açıb. Ailə çoxuşaqlı olmasına baxmayaraq, atası onların hamsını ali təhsilli görmək istəyib və bu istəyinə nail olub. Minayə xanım müəllimliyi seçib. Bu seçimində isə onun uşaqlara olan sevgisi böyük rol oynayıb. Buna rəğmən dediyinə görə, müəllimliyə başladığı ilk günlərdə çətinliklərlə üzləşib: “Bəzilərinə ibtidai siniflərlə işləmək asan gələ bilər. Amma bu heç də belə deyil. Çünki ibtidai siniflərlə işləməyin özəl çətinlikləri var. Nə isə, mən tədricən bu çətinlikləri arxada qoya bildim. Yenə deyirəm, bu işdə uşaqlara olan sevgim, əgər belə demək mümkünsə, əlimdən tutdu”.
Minayə müəllimənin fikrincə, yaxşı müəllim olmaq iştəyən hər bir müəllim həmişə çalışmalıdır: “Mən belə başa düşürəm ki, müəllim ilk növbədə uşaqları sevən, onlarla dostluq etməyi bacaran, uşağın qəlbini oxuya bilən, psixologiya və pedaqogika elmlərini bilən bir şəxs olmalıdır. Bir də müəllim üçün cəmiyyətin inamını qazanması vacibdir. Çünki cəmiyyət ən əziz nemətini, varlığını ona etibar edir. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən müəllim gələcək üçün düşünən vətəndaş və savadlı şəxsiyyət yetişdirməlidir. Bəli, müəllimlik çox şərəfli peşədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətlidir”. Söhbətinin bu yerində öz müəllimlərindən söz açan Minayə xanım onları həmişə hörmətlə xatırladığını söylədi və əlavə etdi: “Güman edirəm ki, yetirmələrim də məni beləcə yad edirlər”.
Onu da qeyd edək ki, 40 il öncə Mingəçevirdə pedaqoji fəaliyyətə başlamış Minayə Məmmədova 1977-ci ildə “baş müəllim” adına layiq görülüb. Üstəlik, dəfələrlə Təhsil Nazirliyi, şəhər təhsil şöbəsi, şəhər icra hakimiyyətinin fəxri fərmanlarını alıb. Bu gün də bu qurumlar, eləcə də yetirmələri tərəfindən unudulmadığını vurğulayan Minayə xanım bunu ona göstərilən qayğı kimi dəyərləndirdi: “Vallah, desəm ki, məni yaşadan elə bu diqqətdir, əsla səhv etmərəm”.
m3

Minayə xanımın 4 övladı, 9 nəvəsi var. Həyat yoldaşı dünyasını dəyişəndən ailənin bütün ağırlığı onun üzərinə düşüb: “Hər bir çətinliyə qatlaşdım. Çətinliklərimi iş yerimdə əsla büruzə vermədim. Çalışdım ki, camaatın uşaqlarına dərin bilik verim, onların həyat yollarında bir çıraq olum. Zənn edirəm ki, buna da nail oldum. Hə, onu da deyim ki, hazırda təqaüddə olsam da, mənə üz tutan məktəblilərə də müəyyən mənada yardımçı olmağa çalışıram. Nəvələrimin isə, demək olar ki, hər gün dərsləri ilə maraqlanıram. Yeri gəlmişkən, 3 nəvəm ali məktəblərdə oxuyur. Ən kiçik nəvəm isə ikinci sinif şagirdidir”.
Hazırda ölkəmizdə çox böyük quruculuq işlərinin getdiyini qeyd edən Minayə müəllimə bir məsələni xüsusu vurğuladı: “Son illər ölkəmizdə daha çox yeni məktəb binaları inşa olunur, bəziləri də əsaslı təmir edilir. Üstəlik, yeni avadanlıqlarla təchiz olunur və şagirdlərin və pedaqoji kollektivlərin istifadəsinə verilir. Amma mənim fikrimcə, belə bir şəraitdə bəzi müəllimlərin evlərdə uşaq hazırlamaları, yəni repetitorluq etmələri bu məktəbləri gözdən salır, təhsil ocaqlarında bir intizamsızlıq yaradı. İş o yerə çatıb ki, artıq ibtidai siniflərdə oxuyanlar da bu “metod”dan yararlanmağa çalışırlar. Mənim fikrimcə, bu missiyanı hər bir valideyn, xüsusilə analar üzərinə götürməlidirlər”.
Esmira Hidayətova