“Repetitorluq Azərbaycan millətinin kürəyinə vurulmuş bıçaqdır”

0
543

“Yaxın gələcəkdə Bakıda repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında birgə fəaliyyət müqavilələri imzalana bilər”. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib. Maraqlıdır, bu qərar şagirdin, müəllimin, yoxsa məktəb rəhbərinin xeyrinə atılmış addım olacaq? Mövzu ilə bağlı ekspertlərin fikrini öyrəndik.

“Repetitorluq Azərbaycan millətinin kürəyinə vurulmuş bıçaqdır”

“Bu, fərdi olaraq məktəbin, fərdi olaraq şagirdin, fərdi olaraq müəllimin xeyrinədir”. Bu sözləri Yeniavaz.com-a təhsil eksperti Şahlar Ələsgərov dedi: “Ancaq bu proses dövlətin, millətin ziyanınadır. Çünki fərdi repetitor məktəbləri 1920-ci ildən qabaq da var idi. Repetitor məktəbləri ictimai düşüncə yetişdirə bilməz, o fərdi düşüncə yetişdirə bilər, o mülkədar düşüncəsi, o feodal düşüncəsi yetişdirə bilər. Ona görə məktəb lazımdır ki, insanların hamısını bir mühitdə böyüdəsən, vətənpərvər edəsən, dövlətsevər, millətsevər eləyəsən. Axı repetitor məktəblərində bunların heç biri yoxdur. Mən bunu 10 il bundan qabaq demişəm, indi də təkrar edirəm. Repetitorluq Azərbaycan millətinin kürəyinə vurulmuş bıçaqdır”.

“Məgər repetitor qurumdur, təşkilatdır nədir, adicə müəllimdir də”

Təhsil eksperi Əjdər Ağayev verilən bu qərarın təhsil nizamnaməsinə və qanununa uyğun olmayan bir addım hesab edir. Onun sözlərinə görə, təhsil bağlı nə işlər görülüməlidirsə, təhsil qanununda öz əksini tapmalıdır: “Hansısa repetitorla əlaqə məsələsi nəzərdə tutulmayıb. Digər tərəfdən hər bir repetitor müəllimdir. Hardasa müəllim kimi işləməyən, ayrıca fəaliyyət göstərə bilən repetitor yoxdur. Hər biri müəllimdir və ya müəllim kimi fəaliyyət göstərir. Əlavə olaraq repetitorluq edir. Ona görə yaxşı olar ki, o adamlar öz müəllimliyini gücləndirsin, məktəblərdə öz işlərini qursunlar və ümümtəhsil məktəbinin funksiyalarını yertinə yetirsinlər. Ümümtəhsil məktəblərinin də funksiyaları test üzrə işinin qurulması deyil, onun hədəfi ali məktəbə şagird hazırlamaq deyil, onun hədəfi vətəndaş yetişdirməkdir. İntellektual, fiziki baxımdan və s. Belə bir qərarın verilməsi, ya təklifin irəli sürülməsi nə pedeqoji cəhətdən, nə siyasi cəhətdən, nə mənəvi cəhətdən düz deyil. Bu nə deməkdir? Məgər repetitor qurumdur, təşkilatdır nədir, adicə müəllimdir də. Müəllim qeydiyyatdan keçməsi, keçməməsi onun öz işidir. Məktəb onunla nə əlaqə saxlaya bilər? Məktəb öz işini düzgün qurmalıdır və müəllimləri də cəlb etməlidir. Ona görə də, mən verilən o təklifin təmamilə əleyhinəyəm, mən bunu qeyri-pedoqoji, məntiqə sığmayan iş hesab edirəm”.