“Repetitorluq artıq hüquqi əsaslarla formalaşdırılmalıdır”

540
“Məktəblərimizdə fənlər elə tədris olunmalıdır ki, şagirdlərin repetitor yanına getməyinə ehtiyac qalmasın. Amma görünən odur ki, repetitorluq etmək istəyən müəllimlər saxtakarlıq edirlər. Hətta ən yaxşı oxuyan uşaqları belə öyrətmirlər. Onlar süni formada ehtiyac yaradırlar ki, həmin şagirdlər əlavə məşğələ üçün müraciət etsinlər. Belə müəllimlərin heç dərin bilikləri də yoxdur”.
Azərbaycanda repetitorluqla məşğul olan müəllimlərin sayı günü-gündən çoxalmaqdadır. Son bir neçə ildə məktəblilər arasında repetitor yanına getmək kütləvi hala çevrilib. Müşahidə olunan bu tendensiya repetitorların fəaliyyətinin dövlət tərəfindən müəyyən qanunla tənzimlənməsinin və şagirdlərin bu ehtiyacının aradan qaldırılması məqsədilə ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasının zəruri olmasını göstərir. Mövzumuzla bağlı fikirlərinə müraciət etdiyimiz ekspertlər hesab edirlər ki, ölkənin aparıcı və yüksəkkeyfiyyətli təhsil verən “Çağ Öyrətim İşlətmələri” şirkətinin bağlanması da repetitor yanına üz tutan şagirdlərin sayının çoxalmasına şərait yaradacaq.

“Son dövrlərdə repetitorluq məktəbi sıxışdırıb”

Suallarımızı cavablandıran pedaqoq Əjdər Ağayev bildirdi ki, repetitorluğun qədim tarixi var. Lakin günümüzdə repetitorluğun mahiyyəti dəyişib: “O vaxtlar insanlar repetitor yanına hansısa bir sahə üzrə biliklərini dərinləşdirmək, daha yaxşı ixtisaslaşmaq üçün gedib. Repetitorluq bizim pedaqoji təcrübədə də var. Misal üçün, Bağdaddan Səmərqəndə mütəxəssis yanına gələn tələbə aylarla, illərlə onun yanında qalıb bilik və bacarığını dərinləşdirərdi. Yəni tarixən belə şeylər olub. Amma onun məqsədi insanın bir sahə üzrə ixtisaslaşmasına xidmət edirdi”. Müsahibimizin sözlərinə görə, son dövrlərdə repetitorluq məktəbi sıxışdırıb: “Görünür ki, məktəblərimiz repetitorla rəqabət apara bilmirlər. Çünki repetitorun hazırladığı şagirdlər ali məktəbə daxil olur, amma orta məktəblərin şagirdləri arasında bu göstərici çox aşağıdır”. Ə. Ağayevin sözlərinə görə, hazırda repetitorlar müəyyən mənada ölkədə təhsilin keyfiyyətinə ziyan vururlar: “Repetitorluqda bir yanlış meyil var. Bu ondan ibarətdir ki, şagirdlər repetitor yanına biliklərini dərinləşdirmək, mütəxəssis kimi yetişmək üçün yox, sadəcə, imtahan testlərinə hazırlaşmaq üçün gedirlər. Testlərin cavablarını bilmək isə əslində biliyə yiyələnmək deyil”. Müsahibimiz onu da əlavə etdi ki, repetitorların xidmətlərini də danmamaq lazımdır: “Əgər valideyn repetitor  yanına uşaq göndərir, ona pul ödəyirsə və onun hazırladığı şagirdlər ali məktəbə qəbul olursa, onun xidmətlərini də danmaq lazım deyil. Bu mənada həmin fərdlər üçün repetitorlar faydalıdır. Amma cəmiyyət üçün faydalı deyil. Çünki cəmiyyətə bilik dairəsi geniş olan vətəndaşlar lazımdır”.

 “Repetitorluq etmək istəyən müəllimlər saxtakarlıq edirlər “

Hazırda repetitorluq edən müəllimlərin çoxunun saxtakarlıq etdiyini iddia edən Ə. Ağayev problemin həlli yolunu, ilk növbədə, ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılmasında görür: “Məktəblərimizdə fənlər elə tədris olunmalıdır ki, şagirdlərin repetitor yanına getməyinə ehtiyac qalmasın. Amma görünən odur ki, repetitorluq etmək istəyən müəllimlər saxtakarlıq edirlər. Hətta ən yaxşı oxuyan uşaqları belə öyrətmirlər. Onlar süni formada ehtiyac yaradırlar ki, həmin şagirdlər əlavə məşğələ üçün müraciət etsinlər. Belə müəllimlərin heç dərin bilikləri də yoxdur. Ona görə də onların fəaliyyətlərinə heç repetitorluq da demək düzgün deyil. Bütün bunlar cinayət tərkibli işlərdir və  müəllimlik məsləkinin aliliyinə xələl gətirir”. “Hər bir hərəkət onun üçün yaradılmış mühitdə, şəraitdə meydana çıxır”-, deyən Ə. Ağayev onu da əlavə etdi ki, repetitorlar dövlət tərəfindən qeydiyyata alınmalıdır. Onlar dövlətə gəlirlərindən vergi verməlidir. Və hamı da bilməlidir ki, bu insan nə işlə məşğul olur. Onların təhsil müəssisələrində işləyib-işləməməsi isə həmin repetitorun özündən asılı olmalıdır. Bütün bunları dövlət qanuni əsaslarla tənzimləməlidir”.

 “Repetitorların peşə standartları olmalıdır”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə isə bildirdi ki, hər ölkənin repetitorluğa qarşı öz praktikası var: “Bu praktika həmin ölkənin təhsil mədəniyyətinə uyğundur. Cənubi Afrika Respublikası və ABŞ-da repetitorlar akkreditasiyadan keçir və keyfiyyət sertifikatı alırlar”.  Repetitorluğun ölkəmizdə artıq peşə sahəsinə çevrildiyini deyən müsahibimiz qeyd etdi ki, onların da peşə standartları olmalıdır: “Xarici təcrübəyə əsaslanaraq deyə bilərəm ki, fərdi müəllimliklə məşğul olanların bacarığı dövlət tərəfindən əvvəlcədən müəyyən olunan standartlara cavab verdikdən sonra qeydiyyata alınmaq şərtilə onlara repetitorluqla məşğul olmaq hüquqi verilməlidir. Repetitorluq sahəsində Azərbaycanda mövcud olan mənzərə isə fərqlidir. Repetitorlar özlərini sosial şəbəkələr vasitəsilə, ya da tanış-biliş vasitəsilə reklam edib, şagird toplayırlar”. E. Kazımzadənin sözlərinə görə, fərdi müəllimlik fəaliyyətlərinin rəsmi qaydada təsdiq edilməsindən repetitorların özləri də razı qalarlar: “Ölkə ərazisində fərdi müəllimlik institutu artıq hüquqi əsaslarla formalaşdırılmalıdır”. Fərdi müəllimlik fəaliyyətlərinin  cəmiyyətdə  sosial bərabərsizliklə yanaşı, təhsil xidmətlərində də bərabərsizlik yaratdığını dilə gətirən müsahibimiz bunun aradan qaldırılmasının mümkün olduğunu dedi: “Repetitorluq fəaliyyətini ona qarşı mübarizə aparmaqla yox, məktəblərimizdə təhsilin keyfiyyətini artırmaqla aradan qaldırmaq olar”. Repetitorların fəaliyyətinin təhsil siyasəti çərçivəsində tənzimlənməyə ehtiyac duyulduğunu dilə gətilən E. Kazımzadə bildirdi ki, məktəblərdə əlavə dərs saatları repetitor kurslarına çevrilib. Valideynlər bu dərs saatları üçün əlavə pul ödəyirlər.

“Repetitorluq müəllim hazırlığındakı  boşluğun nəticəsidir”

Müsahibimizin sözlərinə görə, müəllimlərin kütləvi şəkildə repetitorluqla məşğul olmağa maraqlı olmasının da müəyyən səbəbləri var: “Bunlardan biri müəllimlərə verilən aylıq məvacibin çox aşağı olmasıdır. Digər bir yandan, onu deyə bilərəm ki, repetitorluq müəllim hazırlığındakı boşluğun nəticəsidir. Belə ki, müəllimlər şagirdlərə ev tapşırıqlarını normaya uyğun şəkildə vermirlər. Şagirdlər də onlara müəllimləri tərəfindən verilən ev tapşırıqlarını görməkdə ciddi çətinliklər yaşayırlar. Valideyn də məcburən uşağına kömək etməyin yolları haqqında düşünməli olur. Repetitorlara müraciətin səbəbləri günü-gündən artır. Valideynlər öz hüquqlarını bilməlidirlər; bu  hüquqi normalar əsasında müəllimlərdən haqlarını tələb etməlidir. Bunun üçün də valideynlər maarifləndirilməlidirlər. Onlar tədris proqramları və onun standartlarından xəbərdar olmalıdırlar. Bu işi məktəblər aparmalıdır”. Müsahibimiz onu da əlavə etdi ki, repetitorluq təhsil xidməti kimi bazarda öz yerini tapıb. Onun sözlərinə görə, repetitorluq MDB ölkələri arasında daha çox Azərbaycanda populyardır. E. Kazımzadə bildirdi ki, bu, ölkənin iqtisadi inkişafı ilə də bağlıdır: “Ölkəmizdə valideynlər tərəfindən uşaqların repetitor yanına göndərilməsi onun gələcəyinə qoyulan sərmayə kimi dəyərləndirilir. Onlar başa düşürlər ki, ölkəmiz sürətlə inkişaf edir. Rəqabət yüksəlir. Belə düşünən və imkanlı ailələr istənilən halda uşaqlarını repetitor yanına göndərəcəklər. İkinci qrup valideynlər isə məktəbdə təhsilin keyfiyyətindən narazı olan qruplardır. Onlar uşaqları ali məktəbə daxil olsun deyə məcburən uşaqlarını repetitor yanına göndərirlər”. E. Kazımzadə repetitorların vergiyə cəlb olunması məsələsinə münasibətini belə ifadə etdi: “Repetitorluq xidməti verən kurslar vergi verirlər. Onlardan keyfiyyətli təlim standartları tələb olunur. Hesab edirəm ki, bütün bunlar fərdi repetitorlara da şamil edilməlidir”.

Suallarımızı cavablandıran “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin baş katibi Elməddin Mehralıyev qeyd etdi ki, repetitorluq fəaliyyəti sahibkarlıq fəaliyyətinə bərabərdir və müəllimlər əldə etdikləri gəlirdən dövlətə vergi verməlidirlər. Repetitorların vergidən, dərsdən yayınmaları cəzasız qalmamalıdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, repetitorluq fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi mütləqdir.

Elvin Əliyev