Rektor Havar Məmmədov BMU-İNHA ikili diplom proqramına qəbul olan tələbələrlə görüşüb

34

 

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov 2021/2022-ci tədris ilində BMU-İNHA ikili diplom proqramı üzrə universitetin İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarına qəbul olmuş tələbələrlə görüşüb. Bu barədə MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza məlumat verilib.

Rektor ikili diplom proqramına qəbul olan birinci kurs tələbələrini təbrik edib, onlara təhsil fəaliyyətlərində uğurlar arzulayıb.

Dövlətin təhsilə olan qayğısından söz açan Havar Məmmədov bu istiqamətdə görülən işlərdən ətraflı danışıb. Rektor çıxışında Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın önəmini, ikili diplom proqramlarının tələbələr üçün yaratdığı geniş imkanları diqqətə çatdırıb.

İkili diplom proqramına əsasən tələbələrin 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alacaqlarını qeyd edən rektor bildirib ki, İNHA Universiteti mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın ən prestijli universitetlərindən biridir və reytinqə görə ilk onluqda qərarlaşıb. Proqrama daxil olan tələbələrin yüksək nəticələr əldə etdiyini vurğulayan rektor bununla bağlı statistikanı tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Çıxışında rektor Havar Məmmədov BMU-nun tarixi, beynəlxalq əlaqələri, tədris sistemi və maddi-texniki bazası haqqında ümumi məlumat verib. Bununla yanaşı, zəngin və müasir standartlara cavab verən, beynəlxalq təcrübəyə əsaslanan BMU kitabxanasının onlayn sistem əsasında fəaliyyət göstərdiyini vurğulayan rektor, eyni zamanda, BMU-da ingilis dilində tədrisin üstünlük təşkil etdiyini fikirlərinə əlavə edib. BMU Tələbə Həmkarlar İttifaqı və BMU Tələbə Gənclər Təşkilatının fəaliyyətindən söz açan Havar Məmmədov universitetdə mövcud olan tələbə klublarının fəaliyyətinə də toxunub, tələbələri universitetin ictimai, sosial həyatında yaxından iştirak etməyə çağırıb.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişməsi üçün BMU-da davamlı işlərin həyata keçirildiyini deyən rektor onlara hər zaman Vətənə bağlı olmaqlarını, Vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalarını tövsiyə edib.

Havar Məmmədov Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbəyə toxunub, azad olmuş torpaqlardakı quruculuq işlərinə, eyni zamanda erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Çıxışının sonunda rektor I kursa daxil olan tələbələri ənənəvi tədris zamanı mövcud pandemiya qaydalarına riayət etməli olduğunu bildirib.

BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli çıxışında ikili diplom proqramın həyata keçirilməsinə dəstək göstərən hər kəsə minnətdarlığını ifadə edib və yaxın gələcəkdə proqram çərçivəsində görüləcək işləri vurğulayıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.