Reklamlarda yalan deyil, həqiqət əks olunmalıdır

543

Gündəlik həyatımızda hər gün, hər dəqiqə müxtəlif reklamlarla qarşılaşırıq. Avtobuslarda, dayanacaqlarda, küçələrdə, binalarda, televiziya kannallarında, qəzetlərdə və s. izlədiyimiz reklamlar, biz fərqinə varmasaq da, müəyyən dərəcədə bizə təsir edir. Hətta bəzən həmin reklam haqqında xeyli düşünürük. Buna səbəb isə peşəkarların reklamların təsirini artırmaq üçün kimin nəyi görüb duyacağını, neçə saniyədə nəyi anlayacağını incə-incə hesablamasıdır. Reklam insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir. Bu məlumatlandırma vasitəsi cəmiyyətə qəzet, veb-saytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülür. Bir qayda olaraq, reklam məhsulun və ya xidmətin adı və bu məhsul və xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Reklamın uğru onun nümayiş vaxtından, reklamda çəkiləcək insanın görünüşündən və əhalini “inandırma” qabiliyyətindən, qısa vaxt ərzində çox şey ifadə edən aydın, məzmunlu və dərin fikirdən və işlədilən sözlərin, ifadələrin çoxmənalılığından asılıdır. Reklam insanlara bəzən mənfi, bəzən də müsbət təsir edə bilir. Bu isə əsasən reklamın keyfiyyətindən asılıdır. Təəssüflər olsun ki, hazırda telekanallarımızda yayımlanan reklamları o qədər də uğurlu, keyfiyyətli hesab etmək olmaz. Bu işin isə ən böyük günahkarı yerli telekanalların reklam agentlikləridir. Bu haqda qəzetimizə müsahibə verən ümumi iqtisadiyyat üzrə fəlsəfə doktoru (i.f.d ), Qafqaz Universitetinin Biznesin idarə edilməsi şöbəsinin müəllimi Anar Rzanın hazırda telekanallarımızda yayımlanan reklamları professionallıq baxımından səviyyəli, uğurlu hesab etmir: “Bizim telekanallarda yayımlanan reklamların, demək olar ki, 95%-i idxal olunan məhsulların üstündə gətirilir. Onların da çox əcaib və səviyyəsiz tərcüməsi verilir”.

 “Yayımlanan reklamlarda qaydalara əməl olunmur”

Yayımlanan reklamlarda bütün qaydalara əməl olunmadığını deyən ekspert bildirdi ki, burada da inhisarçılıq mövcuddur: “Bundan əlavə, əgər reklam verilişin 5-10%-ni təşkil etməkdənsə, demək olar ki, 50-60%-ni tutur. Yaxşı ki, televizorlar pultla idarə olunur və bezdirici reklamları görməmək üçün digər kanallara çevirib baxmaq mümkündür”. Mütəxəssis hesab edir ki, yerli reklamların sayca az olmasına səbəb yerli ixracatın zəif və keyfiyyətsiz olmasıdır: “Xarici reklamlar yerli telekanallarımızda göstərilsə də, təəssüflər olsun ki, yerli reklamlarımıza xarici telekanallarda rast gəlmək mümkün deyil. Buna səbəb bizim məhsulların rəqabət qabiliyyətli olmamasıdır”.

Qanuna əsasən, spirtli içkilərin reklamı zamanı uğur qazanmaqla, psixi halın yaxşılaşdırılması ilə bağlı reklam qadağandır. Ancaq belə reklamlara rast gəlmək  mümkündür. Ekspertdən bunun səbəbini soruşduqda isə cavabı belə oldu: “Səbəbi inhisarçı biznes maraqlarıdır. Onların arxasında dayananlar bütün mənəvi dəyərləri tapdalayıb keçirlər və məsuliyyətə cəlb olunmurlar. Lakin ölkədə yeni reklam qanunu hazırlanır. Bu tip məsələlər yəqin ki, nəzərə alınacaq və problem aradan qalxacaq”.

 “Reklam deyil, istehlakçını aldatmaqdır”

Reklamlar barədə çoxlu sayda şikayətlər gəldiyini deyən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə müsahibəsində bildirdi: “Reklam haqqında çox sayda şikayətlərin gəlməsinə səbəb istehlakçının aldadılmasıdır. Bu hallara qəzetlərdə də rast gəlmək mümkündür. Məsələn, qəzetə “usta elanı” verilir. Ancaq həmin usta etdiyi işi yarımçıq qoyur və ya bacarmır. Yəni istehlakçını aldadır. Bundan başqa, reklamlarına hər yerdə rast gəldiyimiz kosmetik vasitələr, demək olar ki, çox vaxt həqiqəti təsdiqləmir və istehlakçının tələblərinə cavab vermir. Bu da insanların aldadılmasına gətirib çıxarır. Başqa yalan reklamlara isə klinikaların reklamlarında rast gəlinir. Bu tip reklamlarda qiymətlərin aşağı, keyfiyyətin isə yüksək olması vurğulanır. Ancaq reklama inanan şəxslər yenə də yanılırlar. Bu zaman ya qiymətlər yüksək olur, ya da istehlakçıya lazımi xidmət göstərilmir”.

Yayımlanan reklamların çoxunun əcnəbi dildə olduğunu söyləyən E. Hüseynov əlavə etdi ki, reklamları milli dildə yazılmalıdır və öz milli reklamlarımız olmalıdır: “Reklamlar özündə həqiqəti əks etdirməli, yalan olmamalıdır. Çünki reklamlar vasitəsilə istehlakçıların aldadılması prosesi hələ də davam edir. Bunun qarşısını almaq üçün reklam haqqında qanun müzakirələri Milli Məclisdə hələ davam edir və bəzi dəyişikliklər aparılır. “Ən yaxşı keyfiyyət, ən yaxşı qiymət, ən ucuz kredit bizdədir” və s. bu kimi şüarlı reklamlar qanunla qadağan edilmişdir. Çünki bu, reklam deyil, istehlakçını aldatmaqdır. Belə hallar istehlakçı hüquqlarının pozulması hallarıdır. Mağazaların, ticarət mərkəzlərinin üzərində yerləşdirilən endirim reklamlarının çox vaxt həqiqətlə üst-üstə düşmədiyini müşahidə edirik. Bu zaman reklama inanan istehlakçı mağazaya daxil olduqda başqa həqiqətlə qarşılaşır. “Bu mallar endirimə düşməyib” deyilərək insanlar aldadılır. Buna görə də istər telekanallarımızda olsun, istərsə də qəzetdə, jurnalda və s. yayımlanan reklamlar məni qane etmir. Çünki istənilən halda insanların aldadılması prosesi baş verir”.

 “Qoyulan qanunlara riayət olunmur”

Reklam haqqında qanun olmasına baxmayaraq, buna riayət edənin az sayda olduğunu deyən E. Hüseynov bildirdi: “Körpə qidalarının reklamında süni qidaların ana südü ilə müqayisə olunması qanunla qadağandır. Gərək belə reklamlarda qeyd olunsun ki, ana südü əvəzedilməzdir, körpələrinizi ana südü ilə qidalandırın. Bu, reklam haqqında qanunda da qeyd olunub. Lakin təəssüflər olsun ki, bu qanuna riayət olunmur. Bundan başqa, “Reklam haqqında qanun”da süni qida məhsulları reklamında körpələrin təsvir olunması, rezin əmzik göstərilməsi qadağandır. Lakin biz belə reklamlara rast gəlmişik. Reklam haqqında qanun yeniləndikdən sonra bunun cəzası və qadağası mütləq olacaqdır. Bu yaxınlarda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət  Xidməti “Prokter & Gembi Azərbaycan Servisləri” şirkətini 2,163 milyon manat cərimələdi. Buna səbəb isə “ən” şüarlı reklamlarla insanların aldadılması olub”.

Nərmin Haqverdiyeva