“Rejissor aşpaz kimi bir şeydir”

0
303

Bunlar deyirlər yaxşı ssenari yoxdur, onlar isə deyirlər ki…   

“Bizim hər zaman peşəkar rejissorlarımız, potensiallı aktyorlarımız olub və bu gün də var. Kino sektorunda ən böyük bədbəxtçiliyimiz ssenari qıtlığıdır. Bu baxımdan çox korluq çəkirik” – bu fikirləri redaksiyamızın qonağı olan, filmləri ilə dünyanın bir çox tanınmış festivallarında iştirak edən rejissor Rüfət Əsədov bildirmişdi. 
 Nəinki Rüfət Əsədov, zaman-zaman rejissor və aktyorların dövrü mətbuatdakı çıxışlarında Azərbaycanın film və seriallarının ssenari qıtlığı yaşadığından şikayət edirlər. Biz də ekspertlərə “doğrudanmı hazırda Azərbaycanın film və serial sektorunda ssenari qıtlığı yaşanırmı?” sualı ilə müraciət etdik.   Yazıçı, kinodramaturq İlqar Fəhmi bizimlə söhbətində bildirdi ki, Azərbaycan teatrı və kinosu  hər zaman rejissor problemi yaşayıb: “Rejissor aşpaz kimi bir şeydir. Yaxşı aşpaz odur ki, əlində olan məhsullardan dadlı bir yemək hazırlamağı bacarsın. Misal üçün, əgər mən rejissoramsa,  bilirəm ki, mənim böyük büdcəm yoxdur, filmdə rol alan aktyorlarım hansı potensiala malikdir. Onun üçün əlimdə olanlardan maraqlı bir məhsul ortaya qoymalıyam. Ancaq bizdə isə rejissorlar xarici filmlərə baxıb, onlar kimi film çəkmək istəyirlər. Əllərində isə o məhsullar yoxdur. Rejissorlar düşünməlidir ki, bizim auditoriya ilə nə edə bilərik? Rejissor kinonun Allahıdır. Ümumiyyətlə, rejissorun filmdə şikayət etməyə ixtiyarı yoxdur. Orqanizmin düşünən hissəsi beyin olduğu kimi, filmdə də düşünən beyin rejissordur. İndi serial rejissorları deyir ki, ssenaristlər nə yazırsa, onu çəkirik. Ssenaristlər də ittihama cavab olaraq deyirlər ki, əgər ssenaristin yazdığı kimi çəkilsə, onda rejissora nə ehtiyac olar? Ssenaristlə operator oturub bir serial çəkərlər”.
İ.Fəhmi bildirdi ki, yaxşı rejissor pis məhsuldan yaxşı film ərsəyə gətirəndir: “Avropada artıq və lazımsız məhsullardan yemək bişirən aşpazlar ən yaxşı aşpaz hesab olunur. Dadlı məhsullarla yemək bişirməyə nə var ki? Cəsarətin çatır, lazımsız məhsullarla dadlı yemək hazırla. Hansı məhsulları ki, aşpazlar mətbəxdə istifadə etmirlər, tullayırlar, onlardan yemək hazırlayırlar. Film də onun kimidir. Rejissor əlinin altındakı məhsullara bələd olmalıdır. Əgər rejissor şikayət edirsə, demək yaxşı rejissor deyil. Bu gün bizim ən dadlı bildiyimiz yeməklərin çoxu o dövrün aşpazlarının çıxılmaz, dar məqamlarda məcbur qalıb, hazırladığı yeməklərdir. Hansı ki, bu gün həmin yeməklər Avropa mətbəxinin ən bahalı mətbəxi hesab olunur. Misal üçün, uzun illər bundan öncə İtaliyanın hansısa bir şəhəri mühasirədə olub, onların yeməyə heç nəyi olmayıb. Baxıblar ki, yeməyə un və pendir var. “Nə qədər pendir-çörək yeyək?” deyərək  pendiri xəmirin üstünə yaxıb pizza bişiriblər. Dünyaca məşhur pizza belə əmələ gəlib. Yaponiyada balıq xarab olmasın deyə, onu tikələrə bölüb, düyüyə bükürmüşlər. Sonra düyünü kənara atıb, balığı yeyirmişlər. Baxıblar ki, qıtlıqdı, məcbur qalıb düyünü atmayıblar. Balığı elə düyüyə büküb suşi hazırlayıblar. İndi bütün dünya pizza ilə suşi yeyir. Yəni çətinliklə,  problemlərin içərisində yaranan hər bir şey, elə filmlərin özü də daha çox tanınır. Ancaq, əfsus ki,  rejissorlarımız xarici filmlərə baxırlar, fantaziyaları yalnız o istiqamətdə inkişaf edir. Fantaziyanı reallaşdırmağa gəldikdə isə görür ki, imkanı yoxdur, şikayət etməyə başlayırlar. Rejissorlar daha çox Hollivud və Avropa kinolarına baxırlar, bir mövzu barədə düşünəndə avtomatik olaraq gözlərinin önündə böyük hadisələr – partlayışlar, helikopterlər canlanır”.  İlqar Fəhmi gənc rejissorların kitab oxumamağından gileyləndi: “Rejissorlarımıza məsləhət görərdim ki, məhdud imkanları olan ölkələrin filmlərinə baxsınlar. Baxırsınız ki, heç bir imkanları yoxdur, ancaq filmlərində gözəl ideyalar var,  ortaya nəsə qoyublar. İstənilən rejissor üçün dünya və Azərbaycan ədəbiyyatı boyda böyük bir mənbə var. Sadəcə, onları oxumaq  və əziyyət çəkmək lazımdır. Mən gənc rejissorların arasında elə birini tanımıram ki, klassik əsərlər oxusun. Əgər oxumursansa, bu ideya sənə hardan gələcək? Ən azından götür “Dəli Kür”ü, de ki, ay İlqar Fəhmi, mən sənin yazdığını bəyənmirəm, sən də pis yazırsan. Ancaq bu əsəri çox bəyənirəm, bunu mənə ssenariləşdir. Bunu düzəldib bir film çəkək. O boyda dünya ədəbiyyatı olan yerdə, kim deyər ki, ssenari yoxdur?”  Ssenarist, aktyor Valeh Əhmədov bildirdi ki, ortada güclü bir film, serial varsa, bu o deməkdir ki, onun yaradıcı heyəti, komandası güclüdür: “Məşhur rejissorlardan biri deyib ki, filmi güclü edən ssenari, ssenari yenə də ssenaridir. Mən bu fikirlə qismən razıyam. Bizim seriallarda ən kiçik xarakter belə, izləyicisi tərəfindən tanınır. Ssenarist yazır, rejissor onu çəkir, aktyor da öz potensialını ortaya qoyur və nəticədə uğurlu bir iş ortaya çıxır. Akira Kurasava deyir ki, yaxşı bir rejissor güclü bir ssenari ilə peşəkar komanda ilə şedevr yarada bilər. Ortabab rejissor güclü bir ssenari ilə normal bir iş ortaya çıxara bilər. Güclü bir rejissor isə zəif ssenari ilə heç nə edə bilməz.  Ssenari zəifdirsə, heç bir rejissor onunla möhtəşəm bir iş ortaya çıxara bilməz. Əgər bizim işlərimiz uğur gətirirsə, bu, bütün komandanın uğurudur. Demək ki, hadisələr, hekayələr, xarakterlər düzgün işlənilib və rejissorlar bunu peşəkarcasına aktyorlara ötürə bilib. Aktyor isə rejissordan aldığı enerjini tamaşaçıya ötürə bilib. Təbii ki, rejissorla ssenarist arasında hər zaman fikir ayrılığı olub və olacaq. Bu, dramaturgiyanın təməl qanunlarından biridir ki, yaradıcı işlər, konfliktlər, mübahisələr hər zaman işin xeyrinədir. Ancaq bu işdə ssenaristləri ittiham etmək düzgün deyil. Təbii ki, ittiham olmalıdır, bu da ancaq müzakirə zamanı, masa başında olmalıdır. Əgər film, serial tamaşaçıya təqdim olunursa və rejissor orada ssenaristi günahlandırırsa, bu, artıq boş  məsələdir. Bəzən görürsən ki, dünyanın ən yaxşı ssenaristini, rejissorunu, aktyorunu bir layihəyə gətirirlər və o layihə heç tutmur, izlənilmir. Amma onlar bu uğursuzluqda kimisə günahkar hesab etmirlər”.  Rejissor Ramin Hacıyev deyir ki, film kollektiv sənətdir: “Yaxşı ssenarini zəif rejissora versələr, o ssenari məhv olacaq. Film kollektiv sənət olduğu üçün bütün proses bir-birinə zəncirvari şəkildə bağlıdır. Burada rejissorla ssenarist bir-birilərini anlamalı və ortaq məxrəcə gəlməlidirlər. Rejissorla ssenaristin uyğunlaşması bu prosesdə çox vacibdir. Əgər keyfiyyətsiz bir məhsul ortaya çıxıbsa, burada günah tək ssenaristdə deyil. Bəzən elə anlar olub ki, möhtəşəm ssenari, peşəkar rejissor bir araya gəlib, ancaq operator tələb olunan kadrları tuta bilməyib. Verilən kadrlar ssenarini və rejissorun fikrini doğrultmayıb. Bu işdə bir nəfərin qeyri-peşəkarlığı bütün məhsulu zay edə bilər. Zəif ssenarinin üzərində rejissor çox işləsə, ortaya bir şey çıxarmaq mümkündür. Çünki biz izlədiyimiz filmdə seriala rejissorun gözü ilə baxırıq”.
Rejissor qeyd edir ki, filmin, serialın sütunu ssenaridir: “Ssenari sıfırdan düşünülüb, müəyyən həddə gəlib çatır, rejissor öz gözü ilə onu daha yaxşı təqdim edir. Rejissor-ssenarist qarşıdurması hər zaman olub, bu gün də var. Belə ki, ssenarist hər zaman deyib ki, mən bunu belə yazmamışam, rejissor da deyib ki, mən bunu belə görməmişəm. Ssenari yazırıqsa, “hansı məqsədə  xidmət edirik, bu ssenari ilə hansı mesaj ötürülür və mövqeyimiz nədir” kimi suallara cavab tapmalıyıq. Əgər burda hər hansı məqsəd varsa, ssenariyə pis demək çətindir. Hər bir filmin və serialın öz izləyici kütləsi var. Bizim pis dediyimiz filmə “bəh-bəhlə” baxanlar da az deyil. Bir dəfə məşhur rejissorlardan birinə demişdilər ki, sizin filminiz kinoteatrlarda satılan filmlər arasında reytinqdə birincidir. O isə deyib ki, demək ki, zəif film çəkmişəm. Rejissor hər dəfə düşünür ki, öz daxili aləmini çəksin, kütlənin arxasınca getməsin. Təəssüf ki, maliyyə gətirməsi üçün çox zaman rejissorlar kütlənin tələbinə uyğun filmlər çəkir. Hansı ki, hazırda bizim film sistemimiz indi belədir”.  Ssenarist, yazar Arzu Soltanınfikrincə, son zamanlar film və teatr sahəsində zəif ssenarilər olur: “O fikirlə razı deyiləm ki, rejissor və aktyorlarımız peşəkardır, ssenaristlərimiz qeyri-peşəkar. İndi demək olmaz ki, yaxşı ssenaristlərimiz yoxdur. Sadəcə, başqa sahədə olduğu kimi, bu sahədə də daha çox ucuz işçi qüvvəsinə üstünlük verilir. Serial aləmində daha çox işi bacarmayan ssenaristlərə müraciət edirlər, bacarana isə redaktə etdirirlər. Nədənsə, ssenaristlərə yaxşı maliyyə ayırıb, yaxşı ssenari yazdırmaq istəmirlər. Yəni çəkilən film və seriallarda ssenariyə o qədər də çox dəyər verilmir. Sanki bu mərhələdə əsas sütunun ssenari olduğunu qiymətləndirə bilmirlər. Dünyaca məşhur rejissorlardan biri deyib ki, yaxşı ssenaridən pis film çəkmək olar, ancaq pis ssenaridən yaxşı film çəkmək mümkün deyil”.A.Soltan bu gün gənc yazarlara inamın olmadığını, onların yazdıqlarını oxumadan belə imtina edildiyini vurğuladı: “Teatrlarımıza gənc yazarlarımızın əsəri yol tapmır, onları teatra yaxın buraxmırlar. Tanınmış dramaturqlarımız, ssenari yazanlarımız özlərindən sonra bir məktəb, davamçılarını yaratmayıblar ki, o ənənələri davam etdirən yeni nəsil olsun. Bu gün teatrlarda klassik mövzulara çox üstünlük verilir. Nə teatrlarımız, nə filmlərimiz yeniliklərə o qədər də açıq deyillər. Şəxsən özümün qarşılaşdığım bir problem var, bu da steorotipdir. Mən Bakı Uşaq Teatrında ədəbi hissə müdiri kimi çalışıram. 90-cı ildən, yəni bu teatr yaranandan bəri burdayam. Bu müddət ərzində burada uşaqlar və böyüklər üçün əsərlərim səhnələşdirilib. Ancaq deyirlər ki, niyə hər dəfə eyni müəllifə müraciət olunur? Hazırda mənim əsərlərim Bakı Uşaq Teatrında səhnələşdirilmir və bu, problemə çevrilib. Hər bir teatrın müraciət edə biləcəyi müəllifin olması, əslində çox yaxşı haldır. Məsələn, mən Bakı Uşaq Teatrında teatrın imkanlarına, aktyorların potensialına, auditoriyasına bələdəm. Bilirəm ki, hansı auditoriya ilə işləyirik, ona uyğun da ssenari yazıram.  Bu stereotiplər bir ssenarist olaraq mənə problemlər yaradır. Bir çox teatrlarda mənim əsərlərim səhnələşdirilib. Amma çalışdığım teatrda səhnələşdirilmir”. (kaspi.az)