Regionlarımızın inkişafında Quba nümunəsi

30

Qədim tarixə malik Quba Azərbaycanın zəngin turizm və bərəkətli torpaqları olan kənd təsərrüfatı rayonudur. Yazılı mənbələrdəki ta­rixi iki min ildən çox olan Quba özünün rəngarəng milli və dini özünəməxsusluğu, tolerant və multikultural dəyərləri ilə də məşhur olan bir bölgədir. Quba toponimlərinə türk və islam coğrafiyasında da rast gəlinməkdədir. Lakin alman əsilli rus pedaqoq, qafqazşü­nas Karl Qan öz əsərlərində şəhərin qübbəyəbənzər hündürlükdə yerləşdiyindən “qübbə” sözündən götürüldüyü, sonradan tələffüz dəyişikliyinə uğrayaraq, “Quba”ya çevrildiyini qeyd etmişdir ki, əhali bu versiyaya daha çox inanır.

Təbii ki, bütün bu etimoloji izahatla­rın hər biri dünyada analoqu olmayan Qubanın əxlaqi-mənəvi, milli, multikul­tural və tolerantlıq dəyərlərini bir qədər də yüksəldir. Əsrlər boyunca bölgədə onlarca etnik xalqın nümayəndələrinin bir yerdə, qardaş kimi yaşaması da bu­rada məskunlaşmış insanların şərəf və ləyaqətlərinin yüksək olmasına dəlalət edir.

Azərbaycan və ya Qafqaz tarix­şünaslığı ilə məşğul olan alim və mütəxəssislərin əsərlərini oxuyarkan heç bir zaman bu xalqlar arasında hansısa milli, dini, sosial narazılıqlar­dan doğan ədavət və ya toqquşmaya rast gəlinməyib. Bölgədə yaşayan azərbaycanlılar, ləzgilər, yəhudilər, tatlar, qırızlar, buduqlar, ceklər, əliklər, xınalıqlı­lar, haputlar, yergüclər və digər xalqların nümayəndələri hər zaman bir-biri ilə yaxın olmuş, qohumluq münasibətləri ilə qanları qarışıb birgə mədəniyyətlər yaratmışlar.

Qubada milli münaqişə yaradan top­lum deyildikdə hər kəsin ağlına bir millət gəlir – ermənilər. 1918-ci ilin aprel-may aylarında dinindən, milliyyətindən asılı olmayaraq, ermənilər Quba qəzasında 167 kəndi talan edib yandırmış, 16 mindən çox günahsız insanı qətlə yetirmişlər. Bu faciə hər bir qubalının yaddaşında dərin iz buraxmışdır.

Tarixində ağrıacılı olayların baş verməsinə baxmayaraq, Quba daim inkişaf etmiş, yenilənmiş, böyümüş və müasirləşmişdir.

1930-cu ildə 2610 kvadratkilometr ərazidə yaradılmış Quba rayonunda hazırda 180 minə yaxın əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti çoxşaxəli kənd təsərrüfatı sahəsi olsa da, son illər turizm sektoru da fəallaşmışdır.

Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevin təşəbbüsü ilə neft-qaz sektorunun ölkə iqtisadiyyatın­dakı yerinin kənd təsərrüfatı və turizm sektoruna və intellektual istehsalatla məşğul olan sənaye sahəsinə ötürülməsi ilə bağlı həyata keçirilən dövlət siyasəti Qubada bir çox sahələrdə öz əksini tap­mışdır. Quba füsunkar təbiəti, memarlıq abidələrinin rəngarəngliyi ilə turizm sek­torunun, münbit torpaqları, düzənlik və dağətəyi hissədə mülayim iqlimi ilə kənd təsərrüfatının əkinçilik və meyvəçilik təsərrüfatlarının inkişafı üçün əvəzsiz məkandır.

Rayonda istehsal olunan məhsulların əsas hissəsi daxili bazarın tələbatını ödəməklə yanaşı, ABŞ, Kanada, Alma­niya, Rusiya, İsrail və Türkiyə bazarla­rına da ixrac olunur ki, bu da bölgənin beynəlxalq rəqabətliliyinin göstəricisi kimi qeyd edilə bilər. Rayon ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı, turi­zim və istehsalat yönümlü müəssisələrin hər biri dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğundan iqtisadiyyata verdiyi töhfələr də öz bəhrəsini vermişdir.

Bölgənin inkişafına dövlətin diqqət və qayğısı isə cavabdeh olan rayon rəhbərləri tərəfindən həyata keçirilir. Quba rayonunda da inkişafın hərtərəfli tənzimlənməsində, müsbət nailiyyətlərin əldə edilməsində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin məsuliyyətli əməyi danılmazdır. Rayon­da sosial-iqtisadi inkişafın əsas amilləri sırasında rayon rəhbərliyi tərəfindən idarəetmənin forma və metodlarının yeni tələblərə uyğun qurulması, əməli fəaliyyətin həyatın real tələbləri əsasında təşkil edilməsi və mövcud situasiyanın vaxtında və düzgün qiymətləndirilməsi sayəsində sosial-iqtisadi problemlər öz həllini tapmaqdadır. Belə ki, hər bir işin ən başlıca cəhəti insan amilinin fəallaşdırılmasından ibarət olduğundan bütün imkan və ehtiyat mənbələrdən səmərəli istifadə edərək, əhalinin sosial-rifah halının yüksəldilməsi RİH başçısı tərəfindən əsas prinsip olaraq qarşıya qoyulmuşdur. Ona görə də Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas məqsədi, vəzifələri və icrasının prioritet istiqamətlərini həyata keçirmək üçün Quba rayonunda sa­hibkarlıq mühitinin şəffaf və maneəsiz şəkildə qurulması sayəsində yeni iş yerlərinin təşkil olunmasına ciddi nəzarət mexanizmi tətbiq edilmişdir.

Dövlətin kənd təsərrüfatı siyasətini düzgün təşkil edərək bərəkətli tor­paqlara malik olan Qubada əsasən daha çox gəlir gətirən strateji təyinatlı məhsulların becərilməsinə başlanılmış­dır. Sahibkarlar onlara verilən dövlət subsidiyalarından dolğun yararlanaraq və əkin sahələrinin təyinatını dəyişərək daha çox gəlir əldə etmişlər. Bunu bir statistik göstərici əsasında əyani şəkildə müqayisə etmək də olar. Belə ki, kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2015-ci ildə 18053 hektar, 2020-ci ildə isə təxminən 16400 hektar olmuşdur, yəni təqribən 1650 hektar azalmışdır. Lakin meyvə və giləmeyvə bağlarının əkin sahəsi 2015-ci ildə 14338 hektar olduğu halda 2020-ci ildə təqribən 18500 hektara qalxmışdır. Yəni meyvə bağları 5 il ərzində təqribən 3380 hektar artmış­dır ki, bu da qubalı sahibkarın gəlirini artırmış, həmçinin də strateji təyinatlı müxtəlif ceşidli istehsalat müəssisələri üçün xammal təmin edilmişdir.

Arıçılıq 2015-ci illə müqayisədə arı ailələrinin sayı artaraq 7,2 mindən 20 minə çatmışdır ki, bunu da bal kimi strateji məhsulun satışından əldə edilən qazancda görmək olar. Təbii ki, belə nümunələri bir çox real nəticələr üzərində də göstərmək olar. Bu da Azərbaycan Respublikası Regionları­nın 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından gözlənilən nəticələr içərisində Quba­nın və kəndlərinin inkişaf potensialının daha da güclənməsi və bu potensialdan istifadənin səmərəliliyinin yüksəlməsində öz əksini taparaq, yerli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin daha da artırıl­masına gətirib çıxarmışdır.

Qubada uzun illər boyu həllini tap­mamış bir çox problemlər də öz həllini tapmışdır ki, bunlardan ən vacibi də yol infrastrukturu ilə bağlıdır. Qubanın fərqli istiqamətlərdə olan 2 dağ kəndi – Xına­lıq və Qonaqkəndə çəkilmiş yollar bu qədim diyarın mədəniyyətinə yeni bir ovqat gətirmiş oldu. Cənab Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən Qubadan Xınalığa 57 kilometr uzunluğunda asfalt yolun çəkilməsi, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun və şəhərdaxili yolların yenidən qurulması Qubanın turizm imkanlarını daha da genişləndirərək bölgəyə turist axınının artmasına zəmin yaratmışdır.

Təbii relyefinə, coğrafi yerləşiminə görə Azərbaycanın dağlıq ərazisi olan Qubada ən ucqar kəndlərə belə bu gün fasiləsiz elektrik enerjisi və rabitə xidməti göstərilir. Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq ölkəmizdəki bütün yaşayış məntəqələrinin qazlaşdırılması işi Quba­da da sürətlə icra edilməkdədir. Məhz bu gün Qubanın ucqar kəndlərində də qaz xətləri çəkilişlərinin yüksək səviyyədə həyata keçirilməsi yaxın gələcəkdə rayonda qazlaşma prosesini də 100 faiz həyata keçirməyə imkan verəcək.

Qeyd edilən iqtisadi potensiallarla ya­naşı, Qubanın intellektual potensialı da hər zaman yüksək olmuşdur. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində söylədiyi kimi, xalqımızın xoşbəxtliyi on­dan ibarətdir ki, zəngin təbii sərvətimiz, böyük iqtisadi potensialımız, intellek­tual potensialımız var. Xalqımız həm də intellektual potensialı yüksək olan xalqlardandır. Heç təsadüfi deyildir ki, Quba ta qədimdən təfəkkür mərkəzi kimi tanınır. Qubada yaşamış, yaradıcılığının böyük hissəsi Qubaya bağlı olan böyük mütəfəkkir Abbasqulu ağa Bakıxanovun dünyəvi düşüncə təsirindən formalaşmış böyük təhsil ənənəsi miras qalmışdır. XX əsrin 20-ci illərindən başlayaraq Quba məktəblərində dünyəvi təhsil üçün pe­daqoji kadr hazırlığı istiqamətində böyük işlər görülməyə başlamış və nəhayət, 1924-cü ildə böyük təhsil qurucusu Fürudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərlinin rəhbərliyi ilə Quba Pedaqoji Texnikumu yaradılmış­dır. Qısa müddət ərzində təhsil ənənəsi daha da genişlənərək müəllim kadrlara olan ehtiyac artmış və 1941-ci ildə Quba Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. 1953-cü ilədək fəaliyyət göstərən bu ali təhsil müəssisəsi 1000 nəfərdən çox müəllim yetişdirmişdir. Astronom alim Nadir İbrahimov, tibb elmləri doktoru Kubra Fərəcova və onlarca tanınmış mütəxəssis və alimlər də Qubanın ənənəvi təhsil mühitində yetişərək dünya miqyasında tanınıblar.

Dünya praktikasına istinad etsək görərik ki, ali təhsil müəssisələrinin möv­cudluğu regional inkişafa da öz müsbət təsirini göstərib. Belə ki, universitetlərin bölgələrin innovasiya sistemlərinin inkişafında oynadığı yaradıcı və inkişa­fetdirici rolların mahiyyətini intellektual tərəqqinin timsalında görmək olar.

Azərbaycan Respublikası Prezi­dentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələblərinə uyğun olaraq, Qubada son illər orta ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafında (onlarca yeni, müasir məktəb binalarının tikilib istifadəyə verilməsi) və yüksək təhsil göstəricilərinin əldə edilməsinin arxa­sında da Quba Rayon İcra Hakimiyyəti ilə təhsil müəssisələri arasında sağlam koordinasiyanın durduğu görünür.

Həmçinin adıçəkilən strategiyanın tələblərinə uyğun olaraq, hər 100 000 nəfərə düşən ali məktəb tələbələrinin sa­yına görə Quba rayonu üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmışdır. Əhali təbəqələri və regionlar arasında ali təhsilə çıxış imkanları genişləndirilmişdir. Belə ki, Qubada fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universite­tinin (ADPU) Quba filialında son 5 ildə ixtisas sayı 5-dən 10-a, tələbə sayı isə 700 nəfərdən 980 nəfərə yüksəlmişdir. ADPU-nun Quba filialı həm regionu­muzda, həm də ölkəmizdə elm, təhsil, mədəniyyət mərkəzi kimi tanınır.

Ali təhsil müəssisəsi bilavasitə gələcəyə hədəflənir, öz yetirmələrini innovativ münasibətlərə yiyələnməyə motivasiya etməyə çalışır. Onları yalnız lokal şərait üçün deyil, qlobal vətəndaş kimi dünyanın hər hansı nöqtəsində istənilən problemin həllində öz qabiliyyət və səriştəsi ilə faydalı ola biləcək mütəxəssis-vətəndaş kimi yetişdirir.

Həmçinin Azərbaycan Respublika­sı Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq, Quba filialında regionun sahibkarlıq fəaliyyətinin stimullaşdırıl­ması məqsədilə gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və ba­carıqlarının formalaşdırılması məqsədilə tədbirlərin görülməsi istiqamətində iş aparılır. Mövcud pandemiya şəraitində də filial Azərbaycan Respublikasının təhsil siyasətinin yerinə yetirilməsi istiqamətində rayon təhsil şöbəsi, həmçinin Quba Dövlət Sosial-iqtisadi Kolleci ilə sıx əməkdaşlıq şəraitində çalışır.

Həmçinin Quba rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir. İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanma­sı və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə tex­nologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. Bu isə kənd təsərrüfatı bölgəsi olan Qubada təsərrüfat subyektlərinin elmi yanaşma­larla idarə edilməsinə böyük dəstəkdir.

Qubada digər sahələrlə yanaşı, milli-mənəvi və ideoloji idarəetmə prinsipləri də yüksək səviyyədə qu­rulmuşdur. Azərbaycan xalqının Zəfər qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi dönəmində Quba Rayon İcra Hakimiyyətinin şəhidlərin dəfn törəninin təşkil edilməsində, müharibədən son­ra şəhid və qazi ailələrinin qayğılarına dəstək olaraq onların problemlərinin həllinə yardım göstərməsi dövlət siyasətinin regiondakı göstəricisidir. Şəhidlərin məzarlarının götürülməsi, Şəhid ailələri üzvlərinin işlə təmin olun­ması, onlara sosial dəstəyin göstərilməsi birbaşa RİH başçısının diqqətində olan işlərdir.

Həmçinin Vətən müharibəsində hər dəqiqə Azərbaycanın yanında olan qardaş Türkiyənin dəstəyinin simvo­lik ifadəsi və Azərbaycanda ilk örnək olan Azərbaycan-Türkiyə qardaşlıq parkının, Birinci Qarabağ savaşında və Vətən müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsini əbədiləşdirilmək məqsədilə Media şəhidləri parkının salınması Qubada milli-mənəvi, azərbaycançılıq ideoloji prinsiplərinin fundamental şəkildə qu­rulmasının, dövlətçilik ənənəsinin əyani təbliğinin bariz göstəricisidir.

Beləliklə, Azərbaycan iqtisadiyyatının inkişafında böyük töhfələrə malik, geniş turizm imkanları ilə fərqlənən, təhsil və təfəkkür ənənələri olan, milli-mənəvi zənginliyi ilə fərqlənən Qubanı regionla­rın inkişafı kontekstində bir nümunə kimi göstərərək doğma Azərbaycanımızın qüdrətinə bir daha şahidlik etmiş olduq.

Yusif ALIYEV,

Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru,

 fizika üzrə fəlsəfə doktoru, dosent 

xalq qəzeti