Regionda ən ucuz ərzaq məhsulları hansı ölkələrdədir?

558

Xam neftin ucuzlaşması fonunda Rusiyada yaşanan iqtisadi böhran və rublun ucuzlaşması öz təsirini region ölkələrində də hiss etdirir.

Bu baxımdan digər region ölkələrində də milli valyutalar dollar qarşısında devalvasiyaya məruz qalıb. Apardığımız araşdırmalar göstərir ki, ötən il dollar qarşısında ən çox dəyərdən düşən Azərbaycan manatı olub. 2015-ci ilin yanvar ayının 21-də 1 ABŞ dolları 0,78 manata bərabər olduğu halda, dünən 1 ABŞ dolları 1,66 manat səviyyəsində olub. Bu isə o deməkdir ki, son bir ildə milli valyutamız – manat dollar qarşısında 113% və ya 2,1 dəfə dəyərdən düşüb. Dollar qarşısında ən az dəyərdən düşən Ermənistan dramı olub. Dram son bir ildə dollara nisbətdə cəmi 1,9% ucuzlaşıb. Azərbaycan manatından sonra dollar qarşısında ən çox ucuzlaşan Ukrayna qrivnası olub. Qrivna son bir ildə dollara nisbətdə 56,7% dəyərdən düşüb. Digər region ölkələrinə gəldikdə isə qeyd edək ki, ötən bir il ərzində Rusiya rublu dollara nisbətdə 23%, Türkiyə lirəsi 30,3%, Qazaxıstan tengəsi 26,7%, İran rialı 9,8%, Gürcüstan larisi isə 25,2% ucuzlaşıb.

Ötən ilin dekabr ayının 21-də baş verən ikinci devalvasiyadan (ilk devalvasiya fevral ayının 21-də olub) sonra ölkədə ərzaq məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Milli valyutamız dollar qarşısında ucuzlaşmağa başladıqdan sonra xaricdən gətirilən ərzaq məhsullarında 2 dəfəyə yaxın artım baş verib. Bir çox yerli məhsulda isə 30-40%-lik artımlar olub. Bəs görəsən milli valyutaları dollar qarşısında dəyərdən düşən digər region ölkələrində ərzaq məhsullarının qiyməti hansı səviyyədədir. Apardığımız digər bir araşdırmada isə region ölkələrində ərzaq məhsullarının qiymətini və həmin ölkələrdə orta aylıq əməkhaqqını müəyyən etməyə çalışdıq. Rəqəmlərdən belə görünür ki, Azərbaycanda pendirin qiyməti region ölkələri ilə müqayisədə aşağıdır. Eyni zamanda südün də qiyməti Ukrayna və Qazaxıstan istisna olmaqla digər ölkələrdən aşağıdır. Sümüksüz mal ətinin qiyməti ən aşağı Ukraynada, ən baha isə Türkiyədədir. Ukraynada kiloqramı 3,84 dollara satılan mal əti Türkiyədə 14 dollara satılır. Ümumilikdə götürdükdə Qazaxıstan və Ukraynada bir çox məhsullar digər ölkələrlə müqayisədə aşağıdır. Məsələn, yumurta bu ölkələrdə digər ölkələrdən daha ucuzdur. Orta aylıq əməkhaqqına gəldikdə isə qeyd edək ki, müqayisə apardığımız 8 ölkə arasında Azərbaycan 7-ci sırada qərarlaşıb. Ölkəmizdə orta aylıq əməkhaqqı yalnız Ukraynadan yüksəkdir. Ən yüksək əməkhaqqı Türkiyədə, ən aşağı əməkhaqqı isə Ukraynada qeydə alınıb. Həmin araşdırmanın nəticəsini aşağıdakı cədvəldə təqdim edirik.

Allahverdi Cəfərov