Ramiz Qusarçaylının “Vətən” kitabı nəşr olunub

32

Şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Ramiz Qusarçaylının “Vətən” adlı kitabı nəşr olunub. Kitabda şairin eyniadlı poeması nəşr olunub.

“Vətən” poemasında Azərbaycanın keçdiyi bütün tarixi mərhələlər, bu dövr ərzində baş verən ən mühüm hadisələr, yadelli müdaxilələrə və iç savaşlara qarşı mübarizə səhnələri, qəlbi vətən eşqi ilə döyünən qeyrətli oğul və qızlarımızın fədakar döyüş əzmi təsvir olunub.

Kitabın redaktoru tarix elmləri doktoru, professor Anar İsgəndərov, “Ön söz” müəllifi isə tarix elmləri doktoru, professor, şair Şahin Fazildir.

Ramiz Qusarçaylı 1958-ci ilin dekabrın 25-də Qubanın Çartəpə kəndində anadan olub. Uşaqlıq illərindən yaradıcılığa başlayan R.Qusarçaylının “Bağban” adlı ilk şeiri 1975-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilib. 17 yaşında ikən Xalq şairi Osman Sarıvəlli ona “Qusarçaylı” təxəllüsünü verərək, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edib. 1993-cü ildə bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaradan şair, sonradan həmin məclisin bazasında təsis edilən AYB-nin Quba bölməsinin sədri seçilmişdi.

Ramiz Qusarçaylı “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə özəldi yolun, Allah”, “Almalı kitab” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı fotoalbomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir. Şeirləri ingilis, rus, Ukrayna, fars dillərinə tərcümə edilib, kitabları Rusiya, Ukrayna, İran və Türkiyədə nəşr olunub. 2009-cu ildə Prezident təqaüdünə layiq görülüb.

Ramiz Qusarçaylı Azərbaycan bayrağı haqqında ən çox sevilən şeirlərdən birinin müəllifidir. Şairin ədəbi külliyyatında Vətənimizi tərənnüm edən, xalqımızın dünənini və bu gününü əks etdirən şeirlər xüsusi yer tutur.