Ramiz Qusarçaylı ilə görüş keçirilib

886

Ötən şənbə “Hüseyn Cavid Ədəbi Məclisi”ndə AYB-nin üzvü, Prezid şair Ramiz Qusarçaylı ilə görüş keçirilib. Tanınmış ədiblərin iştirakı ilə keçirilən tədbirdə ədəbi məclisin sədri, şair Kəmələddin Qədim Ramiz Qusarçalının poeziya aləmindən ətraflı söz açıb. Daha sonra ədəbiyyatımızın çox sevilən şairi Nəriman Həsənzadə, Oqtay Rza, şair – publisist Mübariz Məsimoğlu, tənqidçilər – Rüstəm Kamal, Məti Osmanoğlu, Əzizxan Tanrıverdi, İlham Abbasov, Zakir Məmməd və başqaları maraqlı çıxışları ilə şairin yaradıcılığını geniş təhlil ediblər. Bildirilib ki, Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə kimi şairlərin xeyir-duası ilə ədəbiyyata gələn, mətbuatda çap olunan ilk şeirlərindən bənzərsiz istedadı, orijinal düşüncə və deyim tərzi ilə ədəbi mühitin diqqətini cəlb edən, oxucu rəğbəti qazanan Ramiz Qusarçaylı bu gün, sözün həqiqi mənasında, ədəbiyyat aləmimizin söz sahiblərindən biridir.
Vurğulanıb ki, Qubada yaşayıb-yaradan şair Ramiz Qusarçaylı həm də Quba ədəbi mühitinin formalaşmasında öz əməyini əsirgəmir. Belə ki, onun təşkilatçılığı ilə fəaliyyət göstərən “Ay işığı” ədəbi birliyi artıq şairlər oylağına çevrilib. Tədbirin sonunda Ramiz Qusarçaylı belə bir görüşdən məmnun olduğunu bildirib və yeni şeirlərini tədbir iştirakçılarına təqdim edib.
Qeyd edək ki, şair bazar günü Yasamal rayonundakı 286 saylı orta məktəb şagirdlərinin də qonağı olub.
Abdulla İsmayıl