Ramazının səması dualı buludlarla doludur

546

Ramazan orucu – onun fəzilətinə inanaraq və mükafatını umaraq tutan şəxsi kamilləşdirir və tərbiyə edir. Çünki Ramazan – əfv, məğfirət, lütf və ehsan ayıdır. Qəlbən əllərini həzrəti Haqqın dərgahına açan və tövbə edən şəxsin günahları bağışlanacaqdır: könül xoşhallıqla dolacaq, simalarda təbəssüm canlanacaq, əllərdən xeyirxahlıq, comərdlik əməlləri əskik olmayacaqdır. Bu ayda iftarın sevinci və rahatlığı, sahurun bərəkəti vardır, bu xoş və xeyir-dualı, bərəkətli zamanı bütün varlığı ilə anbaan yaşayan mömin vardır. O zamanın içində əriyən və könlünü də haqq yolunda əsirgəməyən, ədadan-lovğalıqdan uzaqlaşıb təvazökarlığa bürünən müsəlman vardır, mömin insan vardır ki, onun orucu Allah üçündür, özü üçün deyil… Bu səbəblə hesabsız dərəcədə əcrini də Allaha verəcəkdir.
Bu duyğu və niyyətlə dolan mömin bu ayda bəxtiyardır. O, bilir ki, bu ayda cənnət qapıları açılmış, cəhənnəm qapıları bağlanmışdır. Bu ayda qəlbən, bütün duyğu ilə oruc tutan mömin şeytanın hiylə torundan uzaqdır. Adəm oğlu kərimdir, qiymətli varlıqdır. Ramazan da onun kimi qiymətli aydır. Qiymətli olan Adəm oğluna qiymətli Ramazan ayı… Necə də bir-birinə uyğunlaşır və bir-biri ilə iç-içədir.
Ramazan ayında oruc tutan üçün günah duyğuları qurumuş, savab hissləri coşmuşdur.
Bu coşqu dairəsi içində mömin bu ayda xeyrə, doğruya üz tutur. Şərin nəfəsi tükənmişdir. Oruc bir qalxandır, ona sahib olan üçün ən mükəmməl qoruyucudur. Kim istəməz ki, gözəlliklərə doğru gedib, pis şeylərdən uzaqlaşdıran bir qoruyucuya sahib olsun, bir müqəddəsliyə sığınsın?
Ramazanda qəlblər, könüllər oyanmış, zehinlər durulmuş, beynin idrak səhifələri zənginləşmişdir. Bu ayda ağıl da aydınlanmışdır. Hansı düşmən bu ayda möminin qarşısına çıxa bilər? Hansı günah bu ayda müsəlmanı arxası ilə apara bilər? Buna imkan yeri varmı? Görəsən, Ramazan ayında sadəcə mədəmiz ac qalacaqmı, yoxsa bir azca istirahət edəcəkmi? Orucun mahiyyəti görən nədir? Yoxsa insanlar bu ayda özlərini məhbus sayağı çöldən-bayırdan məhrum edəcəklərmi?
Orucun mahiyyəti nədən ibarətdir? Mədə ac qaldığı müddətdə dil yalanla, söyüşlə, iftira ilə, dedi-qodu ilə, qeybətlə məşğul olmaz. Gözlər əxlaqsız görüntülərə, harama arxa çevirər. Əks təqdirdə ac qalmaq ona ruhi rahatlıq əvəzinə yorğunluq və bezginlik gətirəcəkdir.
Ramazının səması dualı buludlarla doludur. Bu buludlardan başımıza xeyir-bərəkət yağar. Amma bir şərtlə: kaş feyzini, bərəkətini duya bilək, saf istəklə bu ibadətə niyyətlənək və bu ibadəti ancaq və ancaq Allah rizası üçün yerinə yetirək.