Ramazanla yenilənək

0
460

Dünyada hərəkətdə olan hər şeyin müəyyən vaxt sonra yenilənməyə ehtiyacı var.

Bu, bir zərurətdir. Çünki axıb gedən zaman monotonlaşmaya səbəb olur. Bu səbəbdən ötməkdə olan zamanın fərqinə varmaq və sanki silkələnib oyanmaq üçün xatırlatmalara ehtiyac duyulur. Hər gün qıldığımız namaz bizə bunu xatırladır. Həftədə bir dəfə qıldığımız cümə namazları isə eyni inancı bölüşdüyümüz müsəlman bacı-qardaşlarımızla birgə oyanışımıza vəsilə olur. Ramazan ayı isə il ərzində bir ay müddətində tutduğumuz oruc vasitəsilə paslanmış qəlbimizin təmizlənməsinə, unudulan iman əsaslarının xatırladılmasına xidmət edir.

Allah (c.c.) Ramazan ayını xüsusi olaraq seçib və sevimli qullarına, yəni bizlərə ərmağan olaraq göndərib. On bir ayın sultanı kimi yaddaşımıza həkk olunan Ramazan ruhumuzun yenilənməsi üçün növbəti böyük fürsətdir. Müqəddəs kitabımız Qurani-Kərim məhz bu ayda Yerə endirilməyə başlanıb. Quranın nuru ilə aydınlanıb bu ay. Bu ayda tutulan oruclar sayəsində də ruhumuz nurlanır.

Oruc səmimiyyətə əsaslanan müstəsna ibadətdir. Çünki oruc tamamilə Allah (c.c.) ilə qul arasında olan ibadətdir. Savabını da, mükafatını da bilavasitə Allah (c.c.) verəcək.

Oruc, eyni zamanda, əzm və iradənin tərbiyəsidir. Bu ibadət sayəsində gün ərzində insanoğlu nəfsinə qarşı mübarizə aparır, Allahın nemətlərinin cazibədarlığına qarşı iradəsi vasitəsilə çarpışır.

Orucun hikmətlərindən biri də aclıqdan əziyyət çəkən insanların halını anlamaqda müsəlmana kömək etməkdir. Allah (c.c.) bütün müsəlmanları bir-birlərinə qardaş olaraq yaradıb. Qardaş qardaşın dərdinə şərik olmazmı?

Nəticə etibarilə, oruc ruhun və imanın təzələnməsinə, nəfsin tərbiyəsinə, ümummüsəlman düşüncəsinin hər bir fərddə oyanmasına xidmət edən ibadətdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here