Ramazan ayı mayın 6-da başlayır

0
304

Aprelin 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. BAununla əlaqədar keçirilən tədbirdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Tədbirdə çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların himayədarı kimi çıxış edir. Yeni Zelandiyada baş verən terror hadisəsi islamafobiyanın bariz nümunəsidir. Lakin, Azərbaycanda belə hallar yaşanmır.

O deyib: “Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi təqdirəlayiq haldır. Bu qərarlar Azərbaycanda dini tolerantlığın dövlət siyasəti olmasını bir daha təsdiq etdi. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlətimizin başçısının “İslam Həmrəyliyi İli” ideyası yalnız İslam dünyası daxilində deyil, İslam dini ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir”.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar fətvası oxunub.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2019-cu il üzrə hesablamalarına görə, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir. Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.