“Raju”nun göz yaşları

455
Hindistanda filmlərə mövzu olacaq bir hadisə yaşanıb. 
Şimali London Vəhşi Həyat Dərnəyinin üzvləri əlli il zülm görmüş bir fili xilas ediblər. Sahibi tərəfindən turistlərin gəzdirilməsində kölə kimi işlədilən “Raju” adlı fil əlli ildən sonra azadlığına qovuşub. Gecəyarısı aparılan əməliyyat zamanı fil yarım əsr gəzdirdiyi tikanlı zəncirlərdən qurtulub. Dərnək nümayəndəsinin sözlərinə görə, filin ayaqlarındakı zəncir açılarkən o ağlamağa başlayıb: “Zəncirlər o qədər uzun müddət heyvanın ayağında qalmışdı ki, dəmir tikanlar onun qalın dərisində özünə yer eləmişdi. Biz onları açdıqdan sonra “Raju”nun gözlərindən yaş gəlməyə başladı”. Dərnəyin açıqladığı məlumata görə, sahibi filə çox əziyyət verib. Hətta yemək yemək üçün belə, “Raju” yalvarmalı olub. Heyvan xilas edildikdən sonra onun bədənindəki bütün yaralar təmizlənib və örtülüb. Daha sonra “Raju” təhlükəsiz və rahat bir məkana köçürülüb. Qeyd edək ki, fillər Hindistanda qazanc mənbəyi sayılır. Onlardan turistlərin gəzdirilməsi və əyləndirilməsində geniş istifadə olunur. Bu ağıllı heyvanlar kiçik yaşlarında analarından oğurlanır və kölələrə çevrilirlər.