Raifə Mürşüdova: “Mingəçevir təhsilinin uğurları ilbəil artır”

1240

Ölkəmizdə təhsilin məzmunca yaxşılaşdırılması, gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün təşkil edilməsi bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Prezident İlham Əliyev yeni inkişaf mərhələsində təhsilin dövlətçilik baxımından xüsusi rol oynamaqla yanaşı, bu sahədə çatışmazlıqların da olduğunu vurğulayır. Prezidentin mövqeyindən belə aydın olur ki, ölkəmizdə elm və təhsil sahəsində daha yüksək səviyyədə – ümumi ictimai tərəqqi konsepsiyasının tələblərinə uyğun gələn köklü islahatların aparılması qarşıda duran əsas vəzifələr sırasındadır.

Prezident İlham Əliyev dövrün bu tələbini nəzərə alaraq deyir: “Müstəqilliyi əbədi, dönməz etmək üçün təhsilin səviyyəsi ən vacib rollardan birini oynayır”. Bu gün Mingəçevir təhsili də bu prinsipi rəhbər tutaraq təhil sahəsindəki uğurları ilbəil artırır. 2016-2017-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək respublika üzrə ən yüksək nəticə əldə edilməsi də bunun bariz nümunəsidir. Biz də bu münasibətlə şəhər təhsil şöbəsinin müdir müavini Raifə Mürşüdovanı təbrik etdik və əldə etdikləri uğurlarla bağlı daha ətraflı məlumat aldıq.

“Mingəçevir təhsilinin uğurları ilbəil artır”, – sözləri ilə söhbətə başlayan Raifə xanım bildirdi ki, Mingəçevir təhsil şöbəsinin nəzdində 21 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Məktəblər üzrə 690 sinif komplektində 14 min 686 nəfər şagird təlim-tərbiyə alır: “Bu il də Mingəçevirin təhsili çox böyük uğurlara imza atıb. Belə ki, həm fənn olimpiadalarının  nəticələrinə, həm respublika üzrə keçirilən fənn müsabiqələrinə, həm də builki qəbul imtahanlarının faizinə görə təhsilimiz öndədir. Məlumat üçün bildirim ki, respublika üzrə 7-8 ci siniflər üzrə fənn müsabiqəsində 37 şagirdimiz respublika turuna vəsiqə alıb. Mingəçevir komandası respublika üzrə birinci yeri tutub və bu komandanın üzvlərindən iki nəfər Texniki Humanitar Liseyinin 7-ci sinif şagirdi Çələbizadə Aydın biologiya fənni üzrə 1-ci yeri, 7-ci sinif şagirdi Gültac Seyidova isə informatika fənni üzrə ikinci yeri qazanıb. Bundan əlavə, fənn olimpiadasında 10 şagirdimiz mükafata layiq görülüb və yer tuta bilməyən şagirdlərimizə isə Təhsil Nazirliyi tərəfindən sertifikatlar verilib. Tədris ili boyu məktəblilərimizin uğurları davam edib. Belə ki, “Sabahın alimləri” respublika müsabiqəsində 4 saylı məktəbin şagirdləri üçüncü yeri qazanıblar. Bu uğurda onların informatika müəlliməsi Natavan Mustafayevanın çox böyük əməyi olub. Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin 10-cu sinif şagirdləri – Tahirli Nilufər və İsmayıl Həbibov Aztv kanalı ilə yayımlanan “Əlaçı” verlişinin (IV mövsüm) qalibi olublar. Şagird və müəllimlərimizin uğurlarını sadalamaqla qurtarmır. Yeri gəlmişkən, Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş  “Ən yaxşı təqdimat” müsabiqəsində IX sinif şagirdimiz Raur Şirinov birinci dərəcələ diploma layiq görülüb.

Həmsöhbətimizin sözlərinə görə, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi hər il yuksək nəticələrə görə öndə olan liseylərimizdəndir: “Onların bu ilki uğurları da çox sevindiricidir. Belə ki, ali məktəblərə qəbul faizi həmişə yüksək olan liseyin bu il də faizi yüksək olub. Ali məktəbə sənəd verən 43 nəfərdən 4 nəfəri  xarici ölkələrə sənəd verib, qalan şagirdlərdən 10 nəfəri 600-dən yuxarı, digərləri isə 400-500 bal toplayıblar. Ən yüksək nəticə isə 691 bal olub”.

“Bizim IX və XI sinif məzunlarının da uğrları çox böyük olub”,- deyən həmsöhbətimiz onların buraxılış imtahanlarında yüksək nəticə göstərdiklərini və diqqətə çatdırdı: “IX siniflərimizi 982 şagird bitirib və onlardan 971 nəfəri imtahanda iştirak edib. Hər iki fənndən müvəffəq qiymət alan məzunların sayı 54 faiz təşkil edib. Tam orta təhsil səviyyəsini isə 802 məzun bitirib və imtahanda 788 nəfər iştirak edib. Onların 83 faizi müvəffəq qiymət alıb. Ötən tədris ili müqayisədə hər 3 fənndən müvəffəq qiymət alanların sayı 2 faiz artıb. Çox sevindirici haldır ki, Xİ sinif məzunlarının buraxılış imtahanlarında göstərdikləri nəticələr xüsusi ilə seçilir və olduqca yüksəkdir. Bu nəticələr də məktəb illərində qazandıqları biliyin nəticəsidir. Mingəçevirdə 56 şagird 600-700 arası bal toplayıb. Ən yüksək nəticəni (691 bal)Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi Cabbarlı Nurlan göstərib. O, həm də fənn olimpiadasında (coğrafiya fənni üzrə) mükafata layiq yer tutub. Onu da deyim ki, Texniki liseydən 10 nəfər , İstək liseyindən 4 nəfər, 3 saylı məktəbdən 6 nəfər, 10 saylı məktəbdən 5 nəfər, 13 saylı məktəbdən 4 nəfər 600-dən yuxarı bal toplayıb”.

“Bəs zəif nəticə göstərən məktəblərin aqibəti necə olacaq?” sualına həmsöhbətimiz bildirdi ki, bu il demək olar ki, 11-ci siniflərin buraxılış siniflərində zəif nəticə göstərən məktəblərimiz olmayıb: “Düdür, 600 bal toplamayan məktəblərimiz olub, amma həmişə zəif nəticə göstərən məktəblər sırasına 2 saylı, 6 saylı, 9 saylı məktəbləri göstərirdik. Amma sonuncu illərdə 9 saylı məktəb də yüksək nəticələr əldə edir. Ötən ilin nəticələrinə  və buraxılış imtahanların nəticəsinə görə 9 saylı məktəb respublikanın ən yaxşı məktəbləri sırasına daxil olub. Bundan əlavə, bu il 9-cü siniflərdə riyaziyyat fənni üzrə şəhərimizdə iki şagird 100 bal toplayıb və onlardan biri Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyinin şagirdi və biri də 9 saylı məktəbin şagirdidir”.

Söhbətimizin sonunda təmirsiz məktəblərlə bağlı sualımızı cavablandıran Raifə xanım bildirdi ki, 13 saylı və 14 saylı məktəblərimizin vəziyyəti çox acınacaqlıdır: “İstiyərdik ki, bütün məktəblərimiz təmir olunub şagird və müəllimlərin ixtiyarına verilsin. Hər bir valideynin arzusu onun övladının təmirli məktəbdə oxumasıdır. Yəqin ki, təhsil sahəsində bu qədər uğur əldə etmiş bir şəhərin təmirli məktəbləri də olmalıdır”.

 

Esmira Hidayətova, Mingəçevir