Rahib Alpanlının “Qarabağ Azərbaycandır!” şeiri dərslikdə

196

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi Rahib Alpanlını (Sədullayev) kəndimizdə tanımayan yoxdur. O, pedaqoji sahədə çalışmaqla yanaşı, bədii yaradıcılıqla da məşğuldur. Ona yaxın kitab müəllifi olan, dövri mətbuatda müxtəlif mövzularda çıxışlar edən Rahib müəllim artıq respublika miqyasında öz imzasını təsdiq etməyi bacarıb. Belə ki, rayonumuzun və kəndimizin sayılıb-seçilən müəllimlərindən biri olan Rahib müəllimin “Qarabağ Azərbaycandır!” şeiri 7-ci sinfin “Ədəbiyyat” dərsliyinə (2022) salınıb (səh. 184). Bununla da o, əsərləri dərsliklərə daxil edilən ilk həmyerlimiz, yəni ilk alpanlı olub.

Bəli, indiyədək bu mövzuda yüzlərlə şeir yazılıb. Amma həmin şeirlərdən Rahib müəllimin “Qarabağ Azərbaycandır!” şeirinin fərqləndirilməsi və onun orta məktəb dərsliyinə daxil edilməsi olduqca böyük uğurdur. Bu mübasibətlə Rahib müəllimi təbrik edir və ona yaradıcılığında yeni uğurlar arzulayırıq.

Yeri gəlmişkən qeyd edək ki, Rahib müəllim “Zəfər yazanlar” ədəbi yazı müsabiqəsində şeir janrı üzrə II yeri tutan bu şeirini Vətən müharbəsi zamanı Prezidentimizə, Müzəffər Ali Baş Komandanımıza yazdığı məktubuna daxil etmişdi. Dövri mətbuatda da dərc edilmiş həmin məktubda deyilirdi: “Sentyabrın 27-dən bəri xalqımız Sizin rəhbərliyiniz altında şanlı ordumuzun erməni işğalçılarına qarşı şiddətli döyüşlərdə imza atdığı silsilə qələbə xəbərlərinin sevincini yaşamağa alışıb. Sizin sözlərinizlə desək, bu qələbələr Azərbaycan tarixinin ən şərəfli səhifələri olacaq, çünki bu qələbələr çox çətinliklə qazanılır”. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözləri ilə tamamlanan məktuba Rahib müəllim “Qarabağ Azərbaycandır!” şeirini əlavə etməklə bu ifadəni daha yaddaqalan etməyi bacarmışdır.

 

 

Qarabağ Azərbaycandır!

Addımların torpağından güc alır,

Ermənidən yer də, göy də öc alır,

Bayrağımız zirvə-zirvə ucalır,

Gözləmişik bu günləri haçandı,

Əsgərim, “Qarabağ Azərbaycandır!”

 

Vətən üçün sən hər şeyə hazırsan,

Düşmənin gözündə səngər qazırsan,

Həm tarix yaradıb, tarix yazırsan,

Gözləmişik bu günləri haçandı,

Əsgərim, “Qarabağ Azərbaycandır!”

 

Sovurduqca işğalçının qəsdini,

Qaçır qoyub bayrağını, postunu,

Tanıyırıq yurdumumun dostunu,

Gözləmişik bu günləri haçandı

Əsgərim, “Qarabağ Azərbaycandır!”

 

Arxanda dağ kimi durub el hamı,

Sönəcək yağının öləzik şamı,

Aləm alqışlayır şanlı İlhamı.

İnanmışıq bu qüdrətə haçandı,

Əsgərim, “Qarabağ Azərbaycandı!”

Qvami Məhəbbətoğlu (Rəsulov)