Rafiq müəllim, yüzə nə qaldı?

485

Bu gün Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafiq Əzimovun ad günüdür. Bu gün onun 79 yaşı tamam olur. Bu münasibətlə Rafiq Əzimovu saytımız adından təbrik etməklə yanaşı, ona bir neçə sual da ünvanladıq. Çəkiliş prosesində olduğuna görə, o, bir neçə sualımızı cavablandıra bildi. Təbrikə görə saytımıza minnətdarlığını bildirən Xalq artisti əvvəlcə çəkiliş prosesi barədə məlumat verdi: “Hazırda Teatr Xadimləri İttifaqında məşhur dramaturq Ejen İoneskonun “Stullar” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın çəkiliş prosesindəyəm. Çəkilişlər Azərbaycan televiziyası tərəfindən aparılır. Onu da deyim ki, üç personajın rol aldığı səhnə əsəri rejissor İlkin Mehdiyevin quruluşundadır. Faciə janrında olan tamaşanın bədii rəhbəri isə Xalq artisti Azərpaşa Nemətovdur. Bu səhnə əsərində iki uğursuz insanın həyat tərzi, yaşam tarixçəsi canlanır. Tamaşanın qəhrəmanı olan iki qarı və qoca reallıqda yaşamır, uğursuz həyatlarına rəng qatmaq istəyində çırpınırlar. Tamaşa davam etdiyi müddətdə səhnədə çoxlu stullar dayanır. Heç kəsin əyləşmədiyi stullar bir predmetə deyil, tamaşanın qəhrəmanına çevrilir. Məhz tamaşanı canlı edən də bu stullardır. Tənhalıqlarını unutmaq üçün qarı və qoca bir oyun fikirləşərək hər gün evlərinə xəyali qonaqlar dəvət edirlər. Bir sözlə, tamaşanın əsas məğzini tənha otaqda qalan iki yaşlı adamın son vidası təşkil edir”.
“Artıq 79 yaşınız var, sizin üçün indi səhnə həyatı çətin deyil ki?” sualına isə o belə cavab verdi: “Yox, mənim üçün əsla çətin deyil. Mən teatra o qədər bağlıyam ki… Bir də mənə elə gəlir ki, aktyor nə vaxt ki yoruldu, onda onun üçün teatr bitir”. Aktyor bu sözlərindən sonra zarafatından da qalmadı: “Hələ mənim istirahətimə çox qalıb”.
Onu da qeyd edək ki, Xalq artisti Rafiq Əzimov səhnəmizin ən yaddaqalan 4-5 simasından biridir. “Yeddi oğul istərəm”in Şahsuvarı “Xatirələr sahili”nin Vəlisi, “Babək”in Saray şairi, “Ad günü”nün Səlimi, “Arxadan zərbə”nin Hüseynovu və s. filmlərin personajı bu gün filmlərə nadir hallarda dəvət olunur, seriallara çəkilmir. Rafiq müəllimin bu məsələyə münasibəti çox lakonik oldu: “Məni məsləhət bilmirlər”. Özünün dediyinə görə, hələlik, bu sahədə son işi “Carçıfilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Qarabağnamə” çoxseriyalı bədii-sənədli televiziya filmidir. Rafiq müəllim bu filmdə Salnaməçi obrazında çıxış edir və Qarabağın tarixini yeni nəsilə başa salır. Sonra bir anlıq nə fikirləşdisə əlavə etdi: “Mən Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmi ilə tanınmışam. Eləcə də həmin filmin digər qəhrəmanları. Bizə “möhtəşəm yeddilik” deyirdilər”. O, həmin filmdəki həmkarlarının xatirəsini də yad etməyi unutmadı.
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının sözlərinə görə, gələn il Xalq artisti, teatrın aparıcı səhnə ustası Rafiq Əzimovun 80 illik yubileyinin geniş qeyd olunması nəzərdə tutulub.
Bir daha saytımız adından Rafiq müəllimi ad günü münasibəti ilə təbrik edirik! Ona sağlamlıq, könül xoşluğu arzu edirik. Qoy o bundan sonra da Azərbaycan teatrına yeni-yeni obrazlar bəxş etsin.
Məlumat üçün bildirək ki, Rafiq Əşrəf oğlu Əzimov 1938-ci il fevralın 6-da Bakıda anadan olub. 1962-ci il sentyabrın 10-da Akademik Milli Dram Teatrının truppasına qəbul edilib. O, qırx ildən çoxdur ki, fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır və bu müddətdə kifayət qədər rollar ifa edib. O, kino sahəsində də özünməxsusluğu ilə ürəklərə yol tapıb. Sənətdə qazandığı nailiyyətlərə görə Rafiq Əzimov 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2000-cı ildə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.
Qvami