Rəy, yaxud işsizlərin paradı

573

Bəli, ölkəmizdə Məşqçilər Komitəsi yaradılır. Artıq onun konturları da cızılıb. Bu komitənin futbolumuza nə verib-verməyəcəyi gələcəyin işidir. Ona görə də bu barədə fikir yürütmək o qədər asan deyil. Buna rəğmən, komitə barədə düşündüklərimi nəql etmək qərarına gəldim. Bəri başdan deyim ki, həmin komitənin müstəqil fəaliyyət göstərəcəyinə, onu söz sahibi olacağına məndə şübhələr var.

O gün oturub fikirləşdim ki, niyə bizdə belə bir komitə yaradılır? Az sonra belə qərara gəldim ki, bu suala cavab vermək üçün o qədər də uzağa getmək lazım deyilmiş. Nədən ki, cavab, şəkililər demişkən, lap ağzımızın içindədir. A kişilər, məgər neçə ildir ki, hazırda “fəxri” “məzuniyyət”də olan tanınmış məşqçilərimiz — Ağasəlim Mircavadov, Şahin Diniyev, Böyükağa Hacıyev, Vaqif Sadıqov futbolumuzun kəm-kəsirlərini özlərinəməxsus şəkildə quru yuyub, yaş sərmirlərmi? Sərirlər. İnsafən, onlar düz də edirlər. Amma onların bu açıqlamaları, təbii ki, yuxarıların əsla xoşuna gəlmir. Görünür, bu komitə bu insanları susdurmaq üçün onları bir çadır altına yığmaq niyyətindədir. Elə bu günlərdə aldığımız məlumat da bunu təsdiq etmirmi? Yəqin eşitmisiniz, adlarını çəkdiyim bu məşqçilər artıq Məşqçilər Komitəsinin üzvlüyünə əsas namizədlər sırasında yer alıblar. Bəli, onlar bir müddətdən sonra iş başında olacaqlar. Və onlar, heç şübhəsiz ki, futbol durumumuzu əvvəlki amplualarında şərh edə bilməyəcəklər. Yəni onların da səsi batacaq. Bəli, bu komitəyə üzv olan kimi, onların heç birinin səsi eşidilməyəcək. Yəni daşdan səs çıxacaq, onlardan yox. Axı kim yediyi qaba tüpürür ki, onlar da tüpürsünlər. Bir sözlə, onlar yuxarıların dedikləri ilə durub oturacaqlar. Necə deyərlər, azacıq aşım, ağrımaz başım.

Eşitdiyimə görə, guya komitə AFFA ilə bağlı layihələrin icrasında iştirak edəcək, ən aşağı yaş qrupundan tutmuş, milli komandaya qədər futbolçuları nəzarətdə saxlayacaq, onlara tövsiyələrini verəcək. Amma komitənin məşqçilərin işinə qarışmağa hüququ olmayacaq. Sadəcə, komandalarda nəyin çatıb-çatmadığına dair AFFA-ya məruzə ediləcək. Elə isə bu qurum nəyə lazımdır? Məgər futbolçularla klublar məşğul olmurmu? Kim bilir, bəlkə də, mən bu vacib qurumun fəaliyyətini başa düşməkdə çətinlik çəkirəm. Amma nə qədər çətinlik çəksəm də, iki təkliflə çıxış etmək istərdim. Zənnimcə, bu komitəyə daha bir incik düşmüşü — Vəli Qasımovu, eləcə də İsgəndər Cavadovu da cəlb etmək lazımdır. Yoxsa onlar öz fəaliyyətləri ilə bu komitənin işinə kölgə sala bilərlər. Nə qədər qəribə olsa da, indiyədək bizdə tanınmış məşqçilərimizə, veteran futbolçularımıza həmişə barmaqarası baxılıb. Bu mənada komitə günahları yumaq üçün çox yaxşı bir vasitə ola bilər.

Mənim fikrimcə, az sonra komitədə bir neçə əcnəbiyə də ehtiyac duyulacaq. Çünki unutmayaq ki, klublarımızda çalışan baş məşqçilərin əksəriyyəti əcnəbilərdir. Onlar sabah hüquqlarının tapdalanmasını əllərində şüar etməzlərmi? Odur ki, gözlənilən hərakatın qarşısını almaq məqsədilə belə bir addımın atılması da vacibdir.

Yeri gəlmişkən, sovet hakimiyyəti yenicə Qarabağa ayaq basanda Xudu bəydən (Qarabağın gülüş ustası) soruşublar ki, ay bəy, bu Şura hökumətindən ağlın nə kəsir? O da qaydıb deyib ki, bundan sonra nə təndiriniz çörək görəcək, nə də qazanınız bərəkət… Vallah, Xudu bəyin sözü olmasın, mənim də bu komitədən ağlım heç nə kəsmir.

… Öz aramızdır, mən də hərdən gic-gic danışıram. Deyirəm, kaş belə bir komitə bizim mətbuat aləmimizdə yaranaydı və mən də onun üzvü olaydım ki, canım belə yazılardan qurtulaydı.