“Rəvan” Premyer Liqanı tərk etdi

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qarabağ”ın qızıl, “İnter”in isə gümüş medallarını təqdim etdikdən sonra jurnalistlərin suallarını cavablandırdı.
– Çempionatın gedişinə uyğun olaraq, ilk “üçlük” ədalətli idi?
– Yadınızdadısa, “Qarabağ” çempionluğu təmin etdikdən sonra demişdim ki, Rövnəq Abdullayev AFFA-ya rəhbər gəldikdən sonra bütün komandalar qanuni və layiqli yerlərini tutublar. Bu il də kim layiqdirsə, o da çempion oldu, o da “gümüş” və “bürünc”ü götürdü.
– Rövnəq Abdullayevin mükafatlandırma mərasimində iştirak etməməsinin səbəbi nədi?
– Rövnəq müəllim təkcə futbolla məşğul deyil və tutduğu başqa vəzifə də var. İşlə əlaqədar olaraq, gələ bilmədi. Ancaq medal verilməzdən əvvəl zəng edib, vəziyyəti soruşdu, medalçıları təbrik etdi.
– Çempion komanda kimi, sonuncu komanda da var. Sonuncu yeri tutan “Rəvan” artıq Premyer Liqa ilə vidalaşdı, yoxsa hələ bilinmir?
– Bugünkü reqlamentə görə, “Rəvan” Premyer Liqanı tərk etdi. Son turdan əvvəl “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyevlə görüşümüz oldu. Bəhruz müəllim bildirdi ki, biz Premyer Liqanı tərk etsək belə, həvəsdən düşməyəcəyik və yenidən özümüzü toparlayıb I Diviziondan elitaya qalxacağıq. Bu sözləri Bəhruz müəllimə klubun rəhbəri Nuru Əliyev deyib.
– Son açıqlamanızda Premyer Liqada 12 komandanın olmasının tərəfdarı olduğunuzu bildirmişdiniz…
– Mən 12 yox, 18, 20 komandanın tərəfdarıyam.
– Bəs bu klublara lisenziya verilməsi necə həll olunacaq?
– Sözsüz ki, klublara lisenziyanı PFL vermir. AFFA-nın lisenziya məsələləri ilə bağlı fəaliyyət göstərən şöbəsi var. Əgər sponsor olsa və Premyer Liqaya lazım olan maddi vəsait ayrılsa, tərəfdarı olaraq. Doğrudan gəlmək istəsələr, o məsələni qaldırmaq olar. Yəni mən öz arzumu bildirmişəm. Bu o demək deyil ki, gələn ildən 12 komanda olacaq.
– Sizin arzunuzdan Rövnəq Abdullayevin xəbəri varmı?
– Mənim arzumdan bütün futbol ictimaiyyətinin xəbəri var.
– “Rəvan”ın elitada qalıb-qalmaması dəqiq nə vaxt bilinəcək?
– Yox, bu aydın məsələdir ki, “Rəvan” getdi. Bu gün üçün reqlamentdə dəyişiklik gözlənilmir. Mən yenə təkrar edirəm ki, əgər normal sponsor tapılsa, 12, 14 komanda da ola bilər.
– “Mil-Muğan”la “Qaradağ Lökbatan”ın da elitaya gəlməsi ilə bağlı söhbətlər var…
– “Qaradağ Lökbatan” lisenziya ala bilmədi. Ancaq “Mil-Muğan”ı eşitməmişəm.
– “Qarabağ”ın çempionluğunu və ümumi çempionata baxışınızı bilmək istərdik…
– Bu gün üçün bizi qane edir. Ancaq avrokuboklarda klublarımızın oyunu çempionatımızın hansı səviyyədə olduğunu göstərəcək.
– Növbəti mövsüm üçün sponsor məsələsi həll edilibmi? “Topaz” sizinlə əməkdaşlığı davam etdirmək istədiyini bildirmişdi…
– Sponsorluq məsələsində “Topaz” da maraqlıdır, başqa şirkətlər də. Bundan başqa, yayım məsələsi də qalıb.

ELGİZ ABBASOV