Rəsmilərin ölümlərinə səbəb olan müəmmalı təyyarə qəzaları

519
2014-cü ilin oktyabr ayının 21-də gecə, yerli vaxtla saat 23-də Vnukovo Hava Limanında baş verən təyyarə qəzası nəticəsində Fransanın “Total” neft şirkətinin baş direktoru Kristof de Marjeri faciəli şəkildə dünyasını dəyişdi. 
Marjerinin sərnişini olduğu şəxsi təyyarə Vnukovo Hava Limanından havaya qalxmaq istəyərkən qartəmizləyən maşınla toqquşaraq qəzaya uğradı. Qəzaya səbəb kimi isə pis hava şəraitinin olması göstərilir. Qəzaya səbəb olan qartəmizləyən maşının sürücüsünün sərxoş olduğu barədə Rusiya mətbuatında müxtəlif məlumatlar gedib. Lakin ilk baxışdan da aydın idi ki, baş verən qəza ilə əlaqədar bütün günahın sürücünün üzərinə atılması düz  deyil. Çünki bu müəmmalı qəzada iştirak edən digər tərəf, Vnukovo Hava Limanında uçuşlara nəzarət edən mərkəzin günahı daha böyükdür. Belə ki, məhz Vnukovo Uçuşları İdarəetmə Mərkəz öncədən hansı saatda və nə vaxt “Total” neft korporasiyasının baş direktoru Marjerinin şəxsi təyyarəsinin havaya qalxacağını yaxşı bilirdi. Bu baxımdan məhz Marjeriyə məxsus şəxsi təyyarənin havaya qalxdığı vaxt qartəmizləyən maşının hava limanının uçuş-enmə zolağına sürdürülməsi və bununla bağlı sürücüyə müvafiq göstəriş verilməsi anlaşılmazdır. Məntiqi baxımdan Vnukovo Uçuşları İdaretmə Mərkəzi  “Total” korporasiyasının baş direktorunun şəxsi təyyarəsinin havaya qalxdığı vaxt uçuş-enmə zolağına qartəmizləyən maşının girməsinə icazə verməməli və bu işi  təyyarə havaya qalxandan sonraya saxlamalı idi. Amma Vnukovo Uçuşları İdarəetmə Mərkəzi əksinə hərəkət edərək qartəmizləyən maşının sürücüsünə məhz Marjerinin təyyarəsi havaya qalxan zaman hava limanında qarı təmzləməyi tapşırmışdı. Bu, təsadüf idi, yoxsa məsuliyyətsizlik? Bu suala cavab tapmaq mümkün olmasa da, ortada bir fakt var: Bu da məhz qəzaya görə qartəmizləyən maşının sürücüsünün daha çox günahlandırılmasıdır. Əslində bu məsələnin pərdəarxası məqamlarının olduğu ilk baxışdan dərhal hiss olunur və bunun üçün ekspert də olmağa ehtiyac yoxdur.

 Günahkarlar tapılacaqmı?

Qəzanın araşdırılması ilə bağlı yaradılan komissiya isə son vaxtlar mətbuatda Marjerinin öldürülməsinin arxasında Moskvanın günahlandırılması ilə bağlı ehtimalların səsləndirilməsindən sonra hərəkətə keçib. Çünki qəzanın araşdırılmasının ağır getməsi və bu işdə birbaşa günahkarların aşkar edilməməsi Marjerinin ölümündə Rusiya xüsusi xidmət orqanlarının əli olması barədə yayılan ehtimalların doğru olmasını dolayı yolla təsdiq etmək anlamına gəlir.

Son məlumatlara görə, baş verən qəza ilə bağlı Vnukovo Hava Limanının Hava xidməti şöbəsinin aparıcı mühəndisi Vladimir Ledenevə təhlükəsizlik qaydasının pozulmasına görə iki və daha çoxadamın ölümünə səbəb olan ehtiyatsız hərəkətlə bağlı cinayət işi qaldırılıb. Ledenev artıq qəzanı araşdıran istintaq komissiyası tərəfindən dindirilib. Buna paralel olaraq hava limanında uçuşa rəhbərlik edən Roman Dunayev də istintaqa çağırılıb və onun haqqında cinayət işi başlayıb. Xatırladaq ki, bundan əvvəl hava limanının dispetçerləri Aleksandr Kruqlov və Svetlana Krivsuna qarşı da cinayət işi başladılıb. Qartəmizləyən maşının sürücüsü Vladimir Martınenko, əvvəlcə, günahkar hesab edilərək istintaqa cəlb edilsə də, sonra onun barəsində susmağa üstünlük verilib. Əslində Martınenkonun bu məsələdə günahının ola bilməsi də inandırıcı görünmür. Martınenkonun qartəmizləyən maşınla hava limanına daxil olduğu vaxt Marjerinin təyyarəsinin  havaya qalxacağından xəbəri olmaya da bilərdi. Çünki o bu işlə məşğul olmur və yalnız  yuxarıdan ona verilən əmri icra edir. Əmr isə təbii ki, yerinə yetirilməli idi. Qartəmizləyən maşınla öz vəzifə borcunu yerinə yetirərkən Martınenkonun içkili olmasına gəlncə, burada da qeyri-adi nə isə axtarmaq düz olmazdı. Çünki onsuz da Rusiyada soyuq havada qızınmaq üçün müəyyən qədər içmək adi hal hesab edilir. Ola bilsin ki, mətbuatda qəza ilə bağlı ilk vaxtlar Martınenko ətrafında müəyyən ajiotaj yaradılması, onun günahkar hesab edilməsinə çalışılması əsl həqiqətin ört-basdır edilməsinə yönəldilib. Məsələyə qəzaya uğrayan təyyarənin “qara qutu”sunun yoxlanılması da aydınlıq gətirə, bu işdə kimin günahkar olub-olmamasını müəyyən etməyə yardım edə bilərdi. Lakin faciəni araşdıran komissiya nə üçünsə “qara qutu” ilə bağlı hələ ki susmağa üstünlük verir. Bu baxımdan hadisələrin gedişi göstərir ki, “Total” korporasiyasının baş direktoru Marjerinin müəmmalı aviaqəza nəticəsində ölməsi ilə bağlı istintaq illərlə uzanacaq və sonda isə əsl günahkar tapılmayacaq…

Hədəf niyə Marjeri seçilib?

“Total” korporasiyası baş direktoru Marjerinin sırf bir təsadüf və ya hava limanı işçilərinin məsuliyyətsizliyi üzündən aviaqəza nəticəsində faciəli şəkildə ölməsini düşünmək sadəlövhlük olardı. Çünki Marjeridən əvvəl də həmin hava limanında çoxsaylı uçuşlar həyata keçirilmişdi və onların heç biri qartəmizləyən maşınla toqquşmamışdı. Ona görə də əksər beynəlxalq ekspertlər tərəfindən Marjerinin öncədən hazırlanmış hansısa ssenari əsasında aradan götürülməsi barədə çoxsaylı ehtimallar ürəli sürülüb. Təbii ki, Rusiyadan olan bəzi “ekspertlər” və mətbu orqanlar da öz növbələrində baş verən qəzada “xarici iz” axtarırlar. Məsələn, Rusiyanın “Poltrussia.com” internet jurnalı yazır: “ Şübhəsiz ki, Marjeri öldürülüb. Onun öldürülməsinə səbəb isə “ Total” baş direktorunun Rusiya ilə dost olması olub. Marjeri neft alış-satışında dollardan imtina edilməsi və digər valyutalardan istifadə təşəbbüsü ilə çıxış etmişdi.  Amerikalılar dərhal onun bu təklifinin əleyhinə çıxmış və Marjeriyə etiraz etmişdilər. Marjeri isə qətiyyətlə demişdi: “ Neftin yalnız dollarla alınıb-satılması üçün səbəb yoxdur”. O buna görə cəzalandırılacağını bilirdi. Ancaq həyatı bahasına belə, riskə getdi”.

Əslində belə bir iddia müəyyən qədər gülünc görünür. Belə ki, ABŞ xüsusi xidmət orqanları, həqiqətən də, Marjerini Rusiya ilə yaxınlaşmağa və ya dollardan imtina təşəbbüsünə görə öldürəsi olsaydılar, onda bunun üçün başqa yer və daha asan vasitələrə əl ata bilərdilər. Bu müstəvidə də Marjerinin uçduğu təyyarənin adi bir vintinin boşaldılması  qəza üçün yetərli ola bilərdi. Bunun üçün ABŞ Mərkəzi Kəşfiyyat  İdarəsinin Marjerinin məhz Rusiyada öldürülməsi kimi təhlükəli, üstü hər an açıla biləcək addım atmasına ehtiyac yox idi. Bu işin arxasında Marjerinin Rusiya ilə hansısa gizli sövdələşməsinin ola bilməsi və müəyyən məqamda onunla artıq işi davam etdirməyə ehtiyacın olmaması da dayana bilər.

Marjerinn Rusiya ilə yaxınlaşma tərəfdarı olmasına gəlincə, burada da qeyri-adi heç nə yoxdur.  O, həqiqətən də, Avropa Birliyinin sanksiyalarına baxmayaraq, Rusiyada işləməyə üstünlük vermişdi. Marjeri dəfələrlə Rusiya Pjrezidenti Vladimir Putinlə görüşmüşdü və onların arasında olduqca səmimi münasibət vardı.  Digər tərəfdən də, Marjeri əsl avropalı idi.  O, həmişə qeyd edirdi ki, Avropa öz maraqlarını ABŞ-a qurban verməsin. Lakin Rusiyanın Krımı işğal edərək Ukraynanın cənub-şərqində separatçı rejimi dəstəkləməsindən sonra Marjerinin Moskvaya münasibətində tərəddüdlər əmələ gəlmişdi. O bununla belə Rusiyanın bu səhv addımını düzəldəcəyinə inanmaq istəyirdi və Rusiyanın simasında Avropa üçün yeni təhlükə əmələ gəlməsindən narahat olduğunu gizlətmirdi.  Yenə də belə ehtimal edilir ki, Qərb ölkələri də öz növbələrində Marjerinin Putinlə və Rusiyanın digər yüksək səviyyəli rəsmiləri ilə isti münasibətlərindən istifadə etməyə çalışıblar. Marjeri Moskvaya məhz Rusiyanın Baş Naziri Dmitri Medvedevlə hansısa xüsusi, çox mühüm olan şəxsi danışıqlar üçün gəlmişdi. Onun Medvedevlə bağlı qapılar arxasında apardığı danışıqlardan sonra təcili şəkildə geriyə, öz ölkəsinə qayıtmaq istəməsi də təsadüfi hesab edilə bilməz. Ola bilsin ki, Medvedevlə Marjerinin görüşündə hansısa mühüm razılıq əldə edilibmiş və  o da bununla bağlı təcili şəkildə geriyə qayıdaraq bunu müvafiq yerlərə çatdırmaq istəyib…

Yenə də ola bilsin ki, Marjeri ilə hansısa razılıqdan sonra Medvedev fikrini dəyişib və bundan sonra Marjerinin geriyə qayıtmasına imkan verməmək qərarına gəlinib… Əlbəttə, bütün bunlar Marjerinin öldürülməsi ilə bağlı irəli sürülən çoxsaylı ehtimallardan biridir. Lakin yenə də məsələ ilə bağlı digər bir müəmma Rusiyanı idarə edən ikinci şəxslə görüşdən sonra Rusiya xüsusi xidmət orqanları tərəfindən belə mühüm bir şəxsin, rusların dostunun və amerikalıların “düşməni”nin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməməsidir. Niyə Rusiya xüsusi xidmət orqanları Marjerinin təhlükəsizliyini təmin etmədilər? Bu suala isə cavab tapmaq çox çətindir…

Əziz Mustafa