Rəşad Səlimov: “Nəzəriyyələr təcrübəni əvəz etmir”

657
Hər bir sahənin inkişaf etməsi üçün o sahədə praktik biliklərə ehtiyac var. Çünki, tələbə təhsil aldığı müddətdə təcrübi biliklərdən öz payını ala bilmirsə, bu həmin sahədə fəaliyyət göstərəcək mütəxəssisin bir addım geridə olması deməkdir. Qafqaz Universitetinin Biologiya fakültəsinin baş müəllimi, fəlsəfə doktoru Rəşad Səlimov təhsilin bütün sahələrində təcrübi biliklərin əhəmiyyətli rolu olduğunu bizimlə paylaşdı. Həmin müsahibəni sizə təqdim edirik.
– Rəşad müəllim öncə fakültəniz haqqında məlumat verərdiniz.

– Qafqaz Universitetində Biologiya fakültəsi 2012- 2013-ci tədris ilində fəaliyyətə başlayıb. Bildiyimiz kimi biologiya müəllimliyi ixtisasının tədris olunmasında əsas məqsəd yüksək keyfiyyətli kadr hazırlamaqdır. Öncə tədris üsulundan bəhs edərkən onu qeyd edim ki, 5 illik təhsil müddətinin ilk ili hazırlıq mərhələsidir. İngilis dilində keçirilən dərslərin həftəlik sayı 20 saat təşkil edir. Tələbələr birinci il ingilis dilini öyrənir. Çünki növbəti kurslarda əsas dərslər ingilis dilində tədris olunur. Biz Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş minimum dövlət standartlarını əsas götürərək, yerli şəraitə uyğun şəkildə həmin dərsləri tədris edirik. Eyni zamanda tələbələrə seçmə fənnlər də tədris olunur ki, burada da əsas olaraq dünyanın məşhur universitetlərinin qabaqcıl təhsil metodları əsas götürülür. Müəllim kontingentinə gəldikdə isə, biz digər universitetlərin ingilis dilində mühazirə oxumağı bacaran müəllimləri ilə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ilə, yəni, elmi və pedoqoji təcrübəsi olan müəllimlərlə əməkdaşlıq etməyə çalışırıq. Hətta, hal- hazırda “Bitki fiziologiyası” dərsimiz Amerika Birləşmiş Ştatlarının Texas ştatından gələn Natalia Kastilia tərəfindən tədris olunur.

Qeyd etmək istərdim ki, sadəcə ixtisas fənlərin tədrisi ilə kifayətlənmir, eyni zamanda tələbələrə xüsusi günlərin qeyd edilməsi ilə bağlı tədbirlərin iştirakına da şərait yaradır və tədbirlər həyata keçiririk. Məsələn, dövlət bayrağı günündə biz tələbələrlə birlikdə dövlət bayrağını, eyni zamanda başqa tədris müəssisələrini ziyarət etdik. Bununla yanaşı 31 dekabr həmrəylik günü ilə əlaqədar olaraq fakültənin nəzdində “dama” yarışı keçirdik. Bu şəkildə sosial fəaliyyətlərimiz və tədbirlərimiz kollektivimiz tərəfindən təşkil olunur.

– Bu yaxınlarda Qafqaz Universitetində Biologiya fakültəsi üçün qurulmuş laboratoriyanın fəaliyyətə başladığını eşitdik. Laboratoriyanız haqqında məlumat almaq istərdik.

– Biz tədris sistemində nəzəriyyə ilə təcrübəni eyni müstəvidə tuturuq.Praktik biliklərə yiyələnmək üçün tələbələrimizin laboratoriyalardan səmərəli şəkildə istifadə etmələri bizim əsas məqsədimizdir. Laboratoriyalarımız universitet rəhbərliyinin köməkliyi ilə qurulmuşdur və demək olar ki, burada anatomiya, fiziologiya sahəsində təcrübi dərslər keçirilir. Və yuxarı kurslara keçdikcə daha mürəkkəb təcrübi biliklərə sahib olmaq üçün lazım olan köməklikləri göstərəcəyik. Yeri gəlmişkən qeyd edim ki, laboratoriyamız “AvroMed” şirkətinin maddi dəstəyi, yəni sponsorluğu ilə açılıb. Əlbəttə ki, laboratoriyanın qurulmasında Qafqaz Universitetinin də müstəsna xidmətləri olub.

-Biologiya fakültəsindən məzun olan tələbələr hansı sahələrə və ya hansı istiqamətdə fəaliyyət göstərən şirkətlərə daha çox meyilli olurlar?

-Qeyd etdiyim kimi, tədris proqramımızda, ixtisas olaraq pedoqoji sahəyə daha çox diqqət göstərilməsi nəzərdə tutulub. Ancaq seçmə fənlərdə biz elə fənlərə üstünlük vermişik ki, tələbələrimiz daha sonrakı magistratura və ya doktorantura təhsillərində istər elmi-tədqiqat sahəsində, istər pedoqoji sahədə öz təhsillərini davam etdirə bilsinlər. Ona görə də, bizim tələbələr həm özəl müəssisələrdə, həm də dövlət müəssisələrində fəaliyyət göstərə bilərlər. Müəllimliklə yanaşı digər sahələr üzrə müvafiq qaydalara uyğun olaraq Azərbaycanda və dünyanın başqa yerlərində özlərini doğrultmaq imkanlarına sahibdirlər.

-Tələbələrin laboratoriyalardan istifadə imkanlarından danışardınız.

-Biz çalışmışıq ki, laboratoriya dərslərinə üstünlük verək. Çünki nəzəriyyələr təcrübəni əvəz etmir. Laboratoriyalarda eyni anda 32 nəfər tələbənin iştirak edə biləcəyi şərait qurulmuşdur. Tələbələrimiz, hər qrup 8 nəfər olmaqla dörd nəfərlik qruplar şəklində həmin laboratoriyadan istifadə edə bilirlər. Bunun üçün də bizim həm laborant, həm də asistan müəllimlərimiz var ki, onların rəhbərliyi ilə eyni anda bu qruplara dərslər təşkil olunur.  Tədris proqramımızda nəzərə tutulan odur ki, laboratoriya üçün ayrılmış hər bir fənn, iki 45 dəqiqə, yəni 90 dəqiqə tədris olunsun. Ancaq bununla yanaşı, əgər ehtiyac olarsa, əlavə dərslər təşkil etməklə tələbələrimiz istədikləri şəkildə laboratoriyadan istifadə edə bilərlər.

-Biologiya laboratoriyasının fəaliyyətə başlaması tələbələri tədqiqata ruhlandıra bilibmi?

-Laboratoriyanın açılmasından sonra biologiya sahəsində tələbələrin bilik səviyyələri, öyrənməyə maraqları arasında ciddi mənada fərq var. Çünki,  nəzəri olaraq öyrəndiklərini praktik olaraq həyata keçirdikləri üçün həmin dərs onların yaddaşında daha möhkəm şəkildə həkk olunur. Bu da təbii olaraq onların tədrisə, öyrənməyə olan marağını artırır. Tələbələrimiz  arasında gələcəkdə tədqiqata meyilli olan da vardır. Onların laboratoriyalar haqqında tələbəlik dövründən məlumatlı olmaları, onları bu sahədə tədqiqata meyl etmələrində mühüm rol oynayır. Qeyd edim ki, bizim AMEA-nın müxtəlif institutları ilə əlaqələrimiz var. Rəhbərliyin icazəsi ilə bəzi tələbələr orada da tədqiqat mərkəzlərində iştirak edə bilirlər. Bu da onların elmi dünyagörüşünün formalaşmasında əhəmiyyətli yerə malikdir. Hazırda laboratoriyamız tədris istiqamətli bir laboratoriyadır, ancaq biz düşünürük ki, yaxın zamanda biz bunu genişlədərək tədqiqat laboratoriyası kimi də istifadə edək. Gələcəkdə biologiya üzrə magistratura və doktorantura təhsil pillələrinin planlaşdırılmasını da nəzərə alsaq, burada müxtəlif tədqiqat laboratoriyalarının olması şərtdir.

-Laboratoriyadakı təchizat hardan təmin olunub?

-Avadanlıqların əksəriyyəti Avropanın qabaqcıl ölkələrindən təmin olunub. Məsələn, Türkiyə, Fransa, Macarıstan, İngiltərə, Amerika və s. ölkələr bu siyahıya daxildir. Bunun üstünlükləri də ondan ibarətdir ki, bu ölkələrdən gətirilən aparatlar təhsil sahəsində tətbiq olunsa da, onların iş sistemi tədqiqat sahəsində istifadə olunan aparatlarla çox yaxınlıq təşkil edir. Bu da tələbələrə gələcəkdə tədqiqat sahəsində fəaliyyət göstərdikləri zaman öz faydasını göstərəcək. Bu da, təbii ki onların bir üstünlüyüdür. Müsbət addımlardan biri də odur ki, əvvəllər müəllim mikroskop altında hər hansı bir təcrübə apardığı zaman tələbələr müəllimin başına toplaşaraq bu müşahidəni aparırdılar. Ancaq indi, hər bir tələbə yerində əyləşərək, proyeksiya aparatı vasitəsilə prosesi müşahidə edə bilir. Bu kimi laboratoriyaların mövcudluğu və onlara olan maraq sayəsində inanıram ki,  keyfiyyətli gənc kadrlar yetişəcək.

-Çox sag olun Rəşad müəllim, minnətdaram.

-Yeni açılmasına baxmayaraq, laboratoriyamıza göstərdiyiniz diqqətə görə mən də sizə təşəkkür edirəm.