Rəhman Hacıyev: Hər birimiz Qarabağın dirçəldilməsi istiqamətində güclərimizi birləşdirməliyik

68

“Karabakh.Center” layihəsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Biz artıq qalib ölkənin vətəndaşlarıyıq və hər birimiz Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərə dəstək olmalı, bu mühüm vəzifə ətrafında güclərimizi birləşdirməliyik.

Bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Karabakh.Center” layihəsində yer alan fotoşəkillərdən ibarət sərginin açılışında deyib.

O qeyd edib ki, “Karabakh.Center” internet resursunda 10 mindən çox foto və videogörüntülər əksini tapıb. Bütün fotoşəkillər və videolar saytın “Urbisid” bölməsində yerləşdirilib. Bölmədə, həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkili ilə də tanış olmaq mümkündür.

“Portalda Ermənistanın qeyri-qanuni fəaliyyəti haqqında tarixçilərin, tədqiqatçıların və jurnalistlərin hazırladığı 150 səhifəlik təhlil və məqalələr öz əksini tapıb. Bundan əlavə, bu materiallar Azərbaycan və rus dillərinə tərcümə olunub. Məqsədimiz bu materialları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Buna görə də onun sosial şəbəkələrdə geniş təbliğinə başalamışıq. Bu layihəni təqdim etməklə həmvətənlərimizin səylərini Qarabağın bərpasına səfərbər etməyə çalışırıq. “Karabakh.Center” internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır”, – deyə Rəhman Hacıyev vurğulayıb.

O, Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına xidmət edən bu internet resursunun yaradılmasının təşəbbüskarı olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya göstərdiyi etimada, fəal dəstəyə görə isə Müşahidə Şurasının üzvlərinə minnətdarlığını bildirib.

Rəhman Hacıyev, həmçinin işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videoların böyük bazasına çıxışı təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə (AzTV) təşəkkür edib. azərtac