Qusarda “Azərbaycan mənzərələri”

589

 İyunun 28-də Qusar Dövlət Rəsm Qalereyasında Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır.
 “Azərbaycan mənzərələri” mövzusunda keçirilən sərginin açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin, Qusar rayon icra hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Arif Əşrəfov və gənc rəssamlar iştirak etmişlər.
Sərgidə 40-dan çox gənc rəssamın müxtəlif janrlarda rəsm əsərləri nümayiş etdiriləcəkdir.
Azərbaycan rəssamlar ittifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov bildirmişdir ki, bu kimi sərgilərin keçirilməsində əsas məqsəd gənc rəssamların istedadını nümayiş etdirmək, yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Qalib Qasımov dövlətimizin mədəniyyətin bütün sahələrinə olduğu kimi rəssamlığa da böyük önəm verdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, bu səbəbdən ölkəmizdə rəssamlıq sənətinin inkişaf etməsinə güclü stimul yaranmışdır. İndi Azərbaycan rəssamlarının əsərləri xarici ölkələrin böyük muzeylərinin eksponatına çevrilmiş, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Natiqlər sərginin regionlarda təsviri incəsənətin inkişaf etdirilməsi, bölgələrdə gənclərin bu sahəyə marağının artırılması baxımından da xüsusi əhəmiyyət daşıdığını vurğulamışlar.
Sərgi iyulun 28-dək davam edəcəkdir.