“Qürurlanmaq lazım deyil…”

538
Cəmiyyətimizin ağrılı yeri olan ailə problemlərini nə qədər müzakirə etsək, bir o qədər səbəb tapa bilərik. 
Söhbət ondan gedir ki, ailəsində problem yaşayanların hər birinin özünə görə arqumenti var və tərəflərdən biri mütləq özünü haqlı çıxarmaq istəyir. Gəlin etiraf edək ki, ailələrdə problem yaşanmasının bir səbəbi də ailə başçılarının, yəni kişilərin qarşı tərəfin fikirlərinə hörmət etməməsi, nəzərə almamasıdır. Bəziləri bunu mentalitetlə əsaslandırır, bəziləri öz çoxbilmişliyi ilə, bəziləri də başqalarının fikirlərinə ehtiyacının olmaması ilə. Halbuki verilən səhv qərar nəticəsində sabah bir problem çıxanda onun cəzasını ailə çəkir. Bu cür hallar çoxaldıqca isə ailədə tərəflər arasında problem yaşanmağa başlayır. Yəni xanım faktlara əsaslanıb kişini ittiham edir, ailə başçısı isə onun bu fikri ilə razılaşmağı qüruruna sığışdırmır. Nəticədə isə gələcəkdə problemlər meydana gəlir. Bəs əslində necə olmalıdır? Mövzu ilə bağlı “Ailəm” jurnalının redaktoru Aydın Ucala müraciət etdik. Aydın Ucalın sözlərinə görə, insanın sahib olduğu ən böyük nemət Allahın verdiyi ağıldır: “İnsan ağlının işığında öz ehtiyaclarını axtarsa, istədiyinə nail ola bilər. İstər fərd üçün olsun, istər ailə üçün, istərsə də hər hansı bir kollektiv və ya cəmiyyət üçün, başqalarının fikrini öyrənmək, məşvərətlə qərar çıxarmaq həmişə faydalıdir. El arasında söz var: ağıl ağıldan üstündür. Yəni hər kəs məsələyə öz prizmasından münasibət bildirir və nəticədə həqiqət ortaya çıxır”.

Ortaq qərar…

“Ailəm” jurnalının redaktoru deyir ki, dünyanın ən məşhur iş adamlarından bəhs edən bir kitabda bildirilir ki, bu adamları birləşdirən ortaq nöqtə onların məşvərətlə qərar qəbul etmələridir: “Həmin məşhurlardan biri etiraf edir ki, idarəsindəki çayçı ilə də fikir mübadiləsi aparır və hətta vurğulayır ki, bəzi məsələlərdə əsas “ideyanı” da elə o cür sadə insanların fikirlərindən alır. Əslində bütün iclaslar, müşavirələr fikir mübadiləsindən başqa bir şey deyil, ancaq bunlar “protokol qaydalarına” çevriləndə ortada məşvərət qalmır”.

Söhbəti o qədər təbii və səmimi qurun ki…

Həmsöhbətimiz qeyd edir ki, ailə məsələlərində də məşvərət çox vacibdir: “Məşvərətlə verilən qərar ailəyə bərəkət gətirir. Siz hər hansı məsələni təkcə həyat yoldaşınızla yox, uşaqlarınızla da müzakirə etməyə çalışın. Həm də söhbəti o qədər təbii və səmimi qurun ki, uşağınız sizin ona qiymət verdiyinizi, onu böyük adam kimi qəbul etdiyinizi hiss etsin. Siz o uşağın sözündən bir şey götürməsəniz də, hər halda uşağın tərbiyəsində mühüm bir addım atmış olarsınız. Əvvəla, o uşaq özünü ciddi, sanballı adam hesab edər, ən başlıcası ağlını işlədər, düşünər və məşvərət əxlaqını qəbul edər”.

O adamlar həmişə son nəticədə əliboş qalırlar…

Aydın Ucal bu fikirdədir ki, özünü bəyənən, xudbin adamlar məşvərəti sevmirlər. Ona görə də bu cür adamlar həmişə son nəticədə əliboş qalırlar: “Ailə problemlərinin həllində məşvərətin bir faydası da ondadır ki, hamının ortaq fikri ilə görülmüş iş sonradan narazılığa səbəb olmur, lap o iş səhv olsa belə, hamı o səhvlə barışır və başqasını ittiham etmir. Məşvərət ailədə həmrəylikdir, səmimiyyətdir, məsuliyyəti bölüşməkdir, düşünmək vərdişidir, qarşı tərəfə hörmətdir, başqalarını dinləyə bilmək qabiliyyətidir. Ona görə də ailələrdə bir çox məsələlərin hamının iştirakı ilə məşvərət edilməsi vacibdir”.

 

Nıcat İntıqam