Qurumların borcu vətəndaşları dondurur

640

Hər il noyabr ayının 15-dən etibarən Bakıda mənzillərə istilik verilməsinə başlanırdı. Lakin bu il vəziyyət heç də belə olmadı. Bu gün (dünən-red) noyabr ayının 24-ü olmasına baxmayaraq, mənzillərin çoxuna hələ də istilik verilməyib. İnsanların çoxu ilk vaxtlar istilik verilməsinin gecikməsini texniki problem hesab edirdilər, ancaq heç də belə deyilmiş. Yayılan məlumatlara görə, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə 3 milyon manat borcu var. Buna görə də “Azəriqaz” qazanxanalara qaz vermir, nəticədə mənzillərə istilik də verilmir.

Olan isə, necə deyərlər, sadə vətəndaşlara olur. Dünən jurnalist Azər Qismət bu mövzuda sosial şəbəkədə belə bir status yazmışdı: “Hörmətli jurnalist həmkarlarım! İnanın ki, bina evlərində adamlar donurlar. Bu mövzuda çox yazaq. “Azəristiliktəchizat” hələ də istilik vermir. Adamlar donurlar”.

İndi isə bir qədər problemin təfərrüatları barədə. “Azəristiliktəchizat” rəsmilərinin açıqlamalarına görə, “Azəriqaz”ın gözləyib, gözləyib məhz noyabrın 15-də borcu tələb etməsi, qazanxanalara verilən qazı kəsməsi doğru deyil: “Azəristiliktəchizat” olaraq borcla bağlı qazın bağlanmasına yaxşı münasibət bəsləmirik. Burada sakinlərin nə günahı var ki? “Azəriqaz” da dövlət təşkilatıdır, biz də. Borc isə indinin deyil, Bakı İstilik İdarəsinin vaxtından yaranan borcdur. O vaxt “Bakıistilik” də, “Bakıqaz” da Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində idi. “Azəristiliktəchizat” yaranan ərəfədə isə borc artıq yığılmışdı. Doğrudur, cari borcları artmağa qoymamışıq, mütəmadi ödəmişik. “Azəriqaz”ın bu gün köhnə borcları tələb etməsi düzgün deyil”.

“Danışıqlar davam edir”

Məsələ ilə bağlı “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev “Zaman-Azərbaycan”a açıqlama verdi. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı danışıqlar davam etdirilir: “Bildiyiniz kimi, Bakıda mənzillərə qaz verilməsində heç bir problem yoxdur, hər şey qaydasındadır. Qazanxanaların bir çoxuna qaz verilməməsinin səbəbi isə məlumdur. Danışıqlar davam edir, mərhələli şəkildə bir çox qazanxanalara mavi yanacağın verilməsinə başlanılıb. Qazanxanalardan müraciət olunduqca qazla təmin edilirlər. Digər qazanxanalara da qaz verilməsi istiqamətində işlər davam etdirilir”.

Lakin “Azəriqaz” rəsmisi borcla bağlı məsələyə fikir bildirmək istəmədi: “Nə qədər borcun qalması ilə bağlı, hazırda işin hansı mərhələdə olması ilə əlaqədar suallarınızı “Azəristiliktəchizat”a ünvanlaya bilərsiniz. Mən bu barədə dəqiq məlumatlı deyiləm”.

“Təxminən 250-yə yaxın qazanxana da var ki, hələ də qazsızdır”

Mövzu ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev də “Zaman-Azərbaycan”a açıqlama verdi. R. Əliyevin sözlərinə görə, hazırda bu məsələ ilə əlaqədar, yəni qazanxanaların qazla təmin edilməsi ilə bağlı danışıqlar davam edir: “Qazanxanaların müəyyən hissəsi qazla təmin edilib, mənzillərə istilik verilib. Lakin hələ də qazsız qalan mənzillər də kifayət qədərdir”.

Rafiq Əliyevdən konkret rəqəmlər istədik: “Hazırda 290-a yaxın qazanxanaya mavi yanacaq verilir. Bu 290 qazanxana paytaxtın müəyyən ərazilərini əhatə edir. Həmin qazanxanaların əhatə etdiyi binalar istiliklə təmin edilir. Təxminən 250-yə yaxın qazanxana da var ki, onlar hələ də qazsızdır. Bu təbii olaraq o deməkdir ki, həmin qazanxanaların əhatə etdiyi binalara istilik verilmir. Bir daha qeyd edirəm – danışıqlar davam etdirilir. Yəqin ki, yaxın vaxtlarda məsələ tamamilə həll olunacaq”.

R. Əliyev iki dövlət qurumu arasında yaranmış borc probleminə hökumət səviyyəsində baxılacağını da sözlərinə əlavə etdi. Onun sözlərinə görə, yəqin ki, yaxın vaxtlarda bununla əlaqədar tədbir görüləcək.

“Qaynar xətt” “donub”

Nəticənin nə olacağını deyə bilmərik, ancaq problem ondan ibarətdir ki, Bakıda minlərlə ailə mənzilini qızdıra bilmir, soyuqdan əziyyət çəkir.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-nin 956 nömrəli “qaynar xətt”i də aktivdir. Dünən həmin nömrəyə zəng vurub, vətəndaşların müraciətlərinə nə dərəcədə həssas yanaşıldığını aydınlaşdırmaq istədik. Lakin bu “qaynar xətt”də zənglərə birbaşa operator cavab vermir, vətəndaşlar yalnız səsli mesaj göndərə bilərlər. Səsli mesajdan öncə isə bu sözləri eşitmək olar: “Səsli mesajınızı qoyun, gün ərzində sizinlə əlaqə yaradılacaq”.

Əgər qazanxanalar işləmirsə, vətəndaşlarla əks əlaqə yaradılıb onlara nə deyiləcək, o da maraqlıdır…

Nicat İntiqam