“Qurtuluş”da dil qadağası olmayacaq

641

Teleməkanlarımızda daha bir televiziya “Qurtuluş” TV yayıma başlayacaq. Qeyd edək ki,hazırda qtvxeber.az saytında onlayn yayım həyata keçirən televiziyanın sentyabrın sonuna kimi İstanbulda mərkəzi ofisi fəaliyyətə başlayacaq və “Türksat” peyki vasitəsi ilə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Orta Asiya ölkələrində də izləmək mümkün olacaq.

Bu yeni yayımla daha yaxından tanış olmaq üçün “Qurtuluş” TV-nin regional direktoru, tanınmış telejurnalist İnqilab Şirinbəyliyə müraciət etdik. O bildirdi ki, əsas məqsədimiz Azərbaycan həqiqətlərini, qədim adət-ənənələrimizi, çoxlu etnik qrupların yaşadığı məkanımızdakı multikulturalizm dəyərlərini bütün dünyada təbliğ etməkdir:

– Efir məkanımızda daha çox Azərbaycanın tarixi yerləri və müasir inkişafı, turizm potensialını əks etdirən reklam çarxlarına da xüsusi yer veriləcək. Maarifləndirici və əyləncəli verlişlər də proqram “setka”sının böyük bir hissəsini təşkil edəcək. Yeri gəlmişkən, onu da qeyd edim ki, bizim bu regional nümayəndəlik ümumilikdə 4 bölgənin (Qarabağ, Qərb, Şimal-Qərb və Mərkəzi Aran) 35 rayonunu əhatə edəcək. Bu bölgələrin hər birində bizim bürolar yaradılıb. Artıq bu günlərdə bu bürolardan birinin, daha doğrusu, “Qurtuluş” Teleradio Yayım Şirkətinin Şəki Regional Nümayəndəliyinin inzibatı binasının açılışı oldu. Bu büroya Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı rayonları daxildir. Artıq bu büroda nümayəndəmiz təyin olunub və büronun fəaliyyətinə start verilib. Yaxın vaxtlarda bayaq adlarını sadaladığım bölgələrdə də Şəkidəki kimi hər cür təminatı olan ofislərimiz olacaq.

– Bəs ümumilikdə “Qurtuluş”un fəaliyyəti hansı bölgədən tənzimlənəcək?

– Mingəçevir Regional Nümayəndəliyindən. Bu isə o deməkdir ki, bütün işlər Mingəçevirdən koordinasiya olunacaq.

– İnqilab müəllim, elə isə hansı verlişlər nəzərdə tutulub?

– Müxtəlif səpkili…. Yəni həm siyasi, həm ictimai, həm maarifləndirici, həm mədəni səpkili verilişlərlə tamaşaçılarımızın görüşlərinə gələcəyik. Məlumat üçün bildirim ki, yaradıcı heyət hazırda “Bitməyən ömür”, “Yaşamaq gərək”, “Uşaq dünyası”, “Xalqlar dostluğu”, “Bir iş günü”, “Tarixin izi ilə” və digər verilişlərin çəkilişlərini aparırlar. Biz regionlarımızdakı inkişafı işıqlandırmaqla yanaşı, bu tərəqqiyə əngəl olan nöqsanları da gündəmə gətirməyə çalışacağıq. Təbii ki, dünya miqyasında ölkəmizin əleyhinə yönəlmiş hər hansı informasiya, yaxud veriliş də diqqətdən yayınmayacaq. Bu isə o deməkdir ki, biz, sözün həqiqi mənasında informasiya savaşına da çıxacağıq. Bir sözlə, əsas missiyamız və yayım strategiyamız Azərbaycan Dövlətçiliyinin təbliğ etməkdən, xalqımızın tarixi həqiqətlərinin və  milli-mənəvi dəyərlərinin dünyaya çatdırlmasından ibarət olacaq.

– Bu gün dünya üzrə texnoloji inkişaf o səviyyədə və elə sürətlə inkişaf edib ki… “Qurtuluş” rəqabətə tap gətirə biləcəkmi?

– Məlumat üçün deyim ki, “Qurtuluş” TV-nin mərkəzi ofisi İstanbulda yerləşir. O, bir şirkət olaraq 2014-cü ildə təsis olunub. Amma 2015-ci il 16 mart ayında Azərbaycanda bütün hüquqi və beynəlxalq bazada “Qurtuluş” MMC kimi formalaşdırılıb və televiziyanın buradakı fəaliyyəti, bayaq adını çəkdiyim verlişləri Azərbaycanı tanıtmaq missiyasını qarşısına məqsəd kimi qoyub və bu istiqamətdə işini davam etdirəcək. Bir məlumatı da diqqətinizə çatdırım.

Bu ilin iyun ayında Beynəlxalq Mətbuat Mərkəzində “Qurtuluş MR” MMC-nin təsis etdiyi “Qurtuluş” TV-nin təqdimat mərasimi də keçirilib. Mərasimdə media təmsilçiləri,ictimaiyyət nümayəndələri, xarici ölkələrdən gələn qonaqlar və ziyalılar iştirak ediblər. İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) bununla bağlı bağlı süjet də yayımlayıb. Media qurumları da televiziyamızın fəaliyyəti barədə geniş məlumatlar dərc ediblər.

O ki qaldı konkret sualınıza. Təbii ki, rəqabətə tab gətirməyə çalışacağıq. İş fəaliyyətimizdə bu kimi nüanslar nəzərə alınıb. Amma unutmayın ki, “Qurtuluş”un teleməkanda özünəməxsus bir yer tutmağına, reytinqlərdə öndə gedə biləcək bir televiziya kanalı olmasına kifayət qədər əsaslar var.

– Bəs “Qurtuluş” dünya kanalları ilə rəqabəti barədə nə deyə bilərsiniz?

– Ərz etdiyim kimi, kanalımızı “Türksat” peyki vasitəsi ilə Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Orta Asya ölkələrində də izləmək mümkün olacaq. Bu isə o deməkdir ki, kanalımız həm Avropada, həm də Asiyada yayımlanacaq. Biz həmin ölkələrlə də əlaqələr qurmağa çalışacağıq. Təbii ki, bu da bizə daha effektli verilişlər ərsəyə gətirməyə imkan verəcək. Bir məsələni də vurğulamaq istərdim. Bizim televiziya kanalında – “Qurtuluş”da dil qadağası olmayacaq. Yəni verilişlərimizi bizi izləyən müxtəlif ölkələrin xalqlarının dillərində təqdim edəcəyik.

– Daha nə demək istərdiniz?

– Çoxdan oxuduğum bir fikirlə söhbətimi davam etdirmək istəyirəm: İnsanın tərbiyə almasında, mədəni-intellektual fərd kimi formalaşmasında ailənin rolu nə qədərdirsə, millətin də millət kimi formalaşmasında mədəni səviyyəsinin yüksəlməsində telekanalların funksiyası eynidir. Bu mənada Umummilli liderimizin layiqli davamçısı, ölkə başçımız İlham Əliyev respublikamızda bütün informasiya vasitələrinin inkişafına göstərdiyi diqqət və qayğı bu sahənin daha da tərəqqisinə səbəb olacaq.

Esmira Hidayətova