Qurban Qurbanov: “Valideynlərim həmişə məndən oxumağı tələb edərdilər”

600

“Bizi həyatda nələr gözlədiyini bilmirik… Hər şey Allahın əlindədir. Odur ki, mənim fikrimcə, biz sadəcə çalışmalıyıq ki, hər işimizdə məsuliyyətli olaq, bizə güvənənlərin etimadını doğruldaq”.

– Qurban bəy komandanı oyunlara necə kökləyir?

– Bizdə demək olar ki, iş qurulub. Bu mənada komandanı bu və digər oyuna kökləmək çətin olmur. Kökləmə prosesində hər bir oyunçunun fiziki durumunun qaydasında olması önəmlidir. Bunu isə oyuna qədərki məşq prosesində görmək mümkündür. Tapşırıqlarımla onları oyuna ruhlandırıram. Təbii ki, bütün bu prosesdə hər bir futbolçunun psixologiyasına bələd olmağım mühüm rol oynayır.

– Bəs Qurban bəyi oyunlara kim kökləyir?…

– Komandam – “Qarabağ”. Yeri gəlmişkən, mən hansı komandanın baş məşqçisi olduğumu yaxşı dərk edirəm. Ona görə də hər an bu komandanı, bu adı düşünürəm. Onu da deyim ki, yaxşı məşqçi olmağım üçün bu komanda mənə əlavə güc verib. Klubun adının “Qarabağ” olması da komandanın, o cümlədən mənim üzərimə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcəkdə komandamız xalqımızı sevindirməkdə davam edəcək.

“Dəcəl şagird olmuşam”

– Konfet dedikdə Qurban Qurbanovun təhsil aldığı məktəbin zavuçu Yusif müəllim yadına düşür. (Müsahiblərin birində Qurban Qurbanov nəql edib ki, Yusif müəllim qonşusu idi. Yusif müəllim hər dəfə onu görəndə konfet verərmiş. O zaman ya birinci, ikinci sinifdə oxuyurmuş. Bir gün necə olubsa Yusif müəllim onların darvazasının yanından keçərkən Qurbana konfet verməyibmiş. Deyib ki, gəl məktəbə gedək, orda verəcəm konfet. Beləcə, söhbət eləyə-eləyə gediblərmiş. Məktəbə çatanda deyib ki, konfet yoxdur. Qurban da söyləyib ki, necə yəni yoxdur? Müəllim deyib ki, bəs bu gün evdən konfet götürməyi unudub. Qurban müəlliminin bu hərəkətindən çox hirslənib. Odur ki, əyilib yerdən daş götürüb onu vurmaq istəyib. Bunu görən Yusif müəllim başlayıb qaçmağa, Qurban da dalınca. Müəllimin bu imdadına uşaqlar çatıb). Bəs digər müəllimlər hansı özəl xasiyyətləri ilə həyatınızda izlər qoyublar?

– Yaddaşımda qalmayan müəllimim, demək olar ki, yoxdur. Bütün müəllimlərimlə bağlı müəyyən xatirələrim var. Onu da deyim ki, dəcəl şagird olmuşam. Bütün müəllimlərin dərslərində dəcəllik etmişəm. Hər müəllimlə də müəyyən konfliktim olub. Hətta buna görə direktorumuz Həşim müəllim məni danlayıb. Ancaq müəllimlərim mənim xətrimi çox istəyiblər. Riyaziyyatı çox sevdiyimə görə bu fənni tədris edən Gülnaz müəllimə mənə böyük ümidlər bəsləyirdi. Lakin yuxarı siniflərdə futbolla əlaqədar bu fəndən də soydum. İlk müəllimim Gülşən xanım (Allah rəhmət eləsin) olub ki, mənim həyatımda onun da xüsusi yeri var. Bu sözləri deyəndə tarix müəlliməm Pərixanım yadıma düşdü. Dərs prosesində onunla konfliktim yaranmışdı (Mən 5 nömrəli məktəbin 8-ci sinfini fərqlənmə ilə başa vurandan sonra 3 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm). Odur ki, bir dəfə mən dərsə hazır olduğum halda, müəlliməyə hazırlıqsız olduğumu söylədim, o da mənə “2” yazdı. Bu proses 4 gün belə davam etdi. Halbuki müəllim görürdü ki, mən hər dərsdə uşaqlara kömək etməyə çalışıram. Nə isə, beşinci gün müəlliməm mənə çox səmimi yanaşdı. Və mən də onun dərsində daha fəal oldum. Hətta ardıcıl beş gün “5” aldım. Rüblüyüm də “5” oldu. Amma onu da deyim ki, dərslərə kifayət qədər vaxt ayırmasam da, müəllimlərin söylədiklərindən yükümü tuturdum, yəni məlumatlı olurdum, bu da mənə qiymət almaq üçün kifayət edirdi.

– Atanız, ananız ziyalı olublar?

– Yox, onlar fəhlə olublar. Amma anam yaxşı oxuyan şagirdlərdən biri olub. Lakin imkansızlıqdan ali təhsil ala bilməyib.

– Futbolçu olmasaydınız, hansı peşənin ardınca gedərdiniz?

– Deyə bilmərəm. Amma valideynlərim həmişə məndən oxumağı tələb edərdilər. İstəyirdilər ki, ali məktəbə qəbul olum.

“Qardaşım yetərincə təcrübəlidir”

– Bir zamanlar “Qalatasaray”da ad çıxarmış Fateh Terim milliyə gətirildi. Qurban Qurbanovdan da belə bir gediş gözlənilirmi?

– Açığı bizi həyatda nələr gözlədiyini bilmirik… Hər şey Allahın əlindədir. Odur ki, mənim fikrimcə, biz sadəcə çalışmalıyıq ki, hər işimizdə məsuliyyətli olaq, bizə güvənənlərin etimadını doğruldaq.

– Bu günkü Azərbaycan futbolunu necə xarakterizə edərdiniz?

– Bəri başdan deyim ki, ölkə başçısı son illər bu sahəyə də kifayət qədər diqqət yetirir. Məhz bunun nəticəsidir ki, indi futbolda da müəyyən nailiyyətlər əldə olunur. Təkcə bir faktı deyim ki, bu gün hər bir klubda 200-dən çox uşaq futbolla məşğul olur. Hər klubdan 4-5 yaxşı oyunçu çıxsa, futbolumuzun sabahı da ümidverici olacaq.

– Yeri gəlmişkən, oğlunuz Musa da həmin 4-5 nəfərin arasında ola bilərmi?

– Bu barədə nəsə demək hələ tezdir. Amma üzərində daha çox çalışsa ola bilər.

– Hansı futbolcunu daha çox bəyənirsiniz?

– Hamı kimi mən də bu günün lider futbolçularını, o cümlədən Messini, Ronaldonu bəyənirəm. Amma bir idmançı kimi Ronaldonu prinsipiallığına görə həmişə nümunə göstərirəm. Niyə? Çünki Messi talantlı futbolçudur, amma Ronaldo onunla müqayisədə daha çox zəhmətkeşdir. O neçə illərdir ki, formasını saxlayır. Bu isə hər futbolçuya xas olan xüsusiyyət deyil. Məncə, o, bu xüsusiyyətinə görə Messini də üstələyir. O zəiflik etsə idi, tez gözdən itərdi.

– Qvardiolanın belə bir kəlamı var: “Barselona”da Messini dünyanın ən yaxşı futbolçusu etməyə çalışdım. Amma o, məni dünyanın ən yaxşı baş məşqçisi etdi. Qurban bəyin belə bir futbolçusu varmı?

– Bu barədə bizim danışmağımız, məncə, hələ tezdir.

– “Qarabağ” mənim üçün birinci yerdə dursa da, “Neftçi”yə həmişə azarkeşlik etmişəm”. Bu sözlərin müəllifi sizsiniz. Bu sevgi indi də davam edirmi?

– Bəli, davam edir. Sovetlər dönəmində, eləcə də müstəqillik illərində “Neftçi” məmləkətimizin ən populyar komandası olub. Hər bir futbolçu da bu komandanın heyətində çıxış etməyi arzulayıb. O cümlədən mən də. Çox şükürlər olsun ki, həmin komanda həm futbolçu, həm də məşqçi kimi çıxış etmək mənə də nəsib olub. Bu mənada “Neftçi” mənim üçün həmişə əzizdir. O komandanın uğurlarına daim sevinirəm. Bu gün də ona uğurlar diləyirəm.

– “Simurq”un dağılmasından sonra AFFA-nın “Zaqatala” adlı klub yaradılması haqda qərar qəbul etdi. O komandanın dağılması sizə necə təsir etdi?

– Təbii ki, təsirsiz ötüşmədi. Güclü komandalardan biri idi. Onun birdən-birə liqanı tərk etməsi Azərbaycan üçün itki idi.

– Hazırda həmin komandaya böyük qardaşınız rəhbərlik edir. Onun sizin köməyinizə ehtiyacı varmı?

– Qardaşım yetərincə təcrübəlidir. Bu mənada mənim köməyimə ehtiyacı yoxdur.

– Görəsən, nə vaxtsa ölkəmizdə müəyyən uğurlara imza atmış legionersiz komanda olacaqmı?

– Mənim fikrimcə, bu, mümkünsüzdür. Ümumiyyətlə, futbol bunu tələb edir. Unutmayın ki, bu gün dünyanın heç bir aparıcı komandasını legionersiz təsəvvür etmək mümkün deyil.

– Baş məşqçinin əsas işi təbii ki, rəqibini udmaq üçün baş sındırmaqdır. Görəsən, Qurban bəy hansı komanda ilə oyunda daha çox baş sındırıb?

– Mən bu suala belə cavab vermək istəyirəm. Qurban Qurbanov öz komandasının uğurları üçün daha çox baş sındırır. Təbii ki, rəqibləri də həmişə saf-çürük edirəm.

“Reallıqdan çıxış etsək…”

– Qurban bəy, “Qarabağ” bu ayın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Tottenhem”lə keçirəcək oyuna necə hazırlaşır?

– Hazırlıq istədiyimiz şəkildə getmir. Niyə? Bildiyiniz kimi, bu ayın 17-də milli komandamız Moldova yığması ilə yoldaşlıq görüşü keçirdi. Həmin matçın hazırlıq prosesinə bizim komandanın bəzi üzvləri də cəlb olunmuşdular. Digər tərəfdən, həm Albaniya, həm də Bosniya millilərinə bizim komandanın oyunçuları dəvətli idilər. Yəni bütün futbolçular, əgər belə demək mümkünsə, əlimizdə deyildi. Bu da həmin oyuna tam heyətlə, başqa sözlə desək, istədiyimiz kimi hazırlaşmağa, təbii ki, imkan vermir. Digər tərəfdən, həmin oyuna az vaxt qalıb. Üstəlik, həmin matça qədər, daha doğrusu, bu ayın 21-də bizim “Kəpəz”lə çox vacib bir oyunumuz var. Bildiyiniz kimi, “Kəpəz” hazırda yaxşı oyun nümayiş etdirir. Hətta “Qəbələ”ni belə məğlub edib. Elə bu kimi səbəblərdən biz də “Kəpəz”lə oyuna çox ciddi yanaşmalıyıq. Biz “Kəpəz”lə oyundan yaxşı nəticə almağı bacarmalıyıq ki, ingilislərlə oyunda qalibiyyətə inamımız daha da artsın. Yenə deyirəm, həyatda mümkünsüz heç nə yoxdur. Dəfələrlə onu da demişəm mən öz azarkeşlərimiz qarşısında məğlub olmaq istəmirəm. Hər şeyin ən yaxşısını etməyə çalışacağıq ki, “Tottenhem”ə məğlub olmayaq. Reallıqdan çıxış etsək, rəqibimiz bizdən çox güclüdür.

– “Qarabağ” orada, yəni “Vayt Hart Leyn” stadionunda, demək olar ki, başa-baş oynadı.

– Başa-baş deməzdim. Sadəcə, pis oynamadıq. Mən öz oyunçularıma güvənirəm. Yenə deyirəm, onlar hər komponent üzrə bizdən üstündürlər. Amma biz komanda şəklində ən yaxşısını etməyə çalışacağıq.

– “Qarabağ”ın da yer aldığı “J” qrupunda hazırda vəziyyət gərgindir…

– Hazırda qrupda bizdən başqa hamı favoritdir. Amma xallara baxsaq, bizim də şansımız var. Qarşıdakı oyunları layiqincə keçirməklə güman edirəm ki, nəyə isə nail ola bilərik.

– Qurban bəy, deyilənlərə görə, Reynaldonun yoxluğu komandaya təsir edir. Bu fikrə sizin münasibətiniz necədir?

– Mən həmişə demişəm ki, təkcə Reynaldonun deyil, ümumiyyətlə, hər bir futbolçunun kənarda qalması komandaya təsir edir. Mənim məşqçi kimi də seçimim azalır. Amma mən hər bir futbolçuma güvənirəm. Reynaldonun olmaması hər hansı problem yaşada bilməz. Biz Reynaldosuz da, Rəşadsız da, Almeydasız da dəfələrlə oynamışıq. Bilirsinizmi, futbolun öz qanunları var: kimi zədələnir, kimi cəzalandırılır… Amma etiraf edək ki, yerləri görünür.

– “Qarabağ”ın Avroliqanın son iki oyununda, “Monako” ilə matçları nəzərdə tuturam, 70-ci dəqiqədən sonra qol buraxması təsadüfdür, yoxsa yorğunluğun nəticəsidir?

– “Monako”, əgər səhv etmirəmsə, bütün oyunlarda elə 70-ci dəqiqədən sonra qol vurur. Belə hallara normal baxıram.

Qvami Rəsulov, Səbahəddin Qurbanov