Qurban Qurbanov: “Matça ümidlə yollanırıq”

0
100

“Məni narahat edən UEFA-nın qərarı gec bildirməsidir. Püşkdən sonra desəydilər ki, görüş neytral meydanda olacaq, bizə daha rahat olardı”. 

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”si ilə keçirəcəkləri oyun öncəsi jurnalistlərə açıqlamasında deyib. 

48 yaşlı mütəxəssis bildirib ki, matça bir həftə qalmış oyunun Kiprin Larnaka şəhərinə salınması narahatlıq yaradıb: “Hər bir halda bütün qaydaları tətbiq edən UEFA-dır. Biz də bu qərara hörmət etməliyik”.

Təcrübəli baş məşqçi zədəli Mahir Emrelinin görüşdə iştirakının sual altında olduğunu sözlərinə əlavə edib. O, bəzi oyunçuların da yüngül zədələrinin olduğunu vurğulayıb: “Çətinliklərə baxmayaraq rəqibi yetərincə analiz etmişik və matça ümidlə yollanırıq. “Molde” nizam-intizamlı komandadır, fərqli sistemdə oynayırlar. Bu turnirə çox ciddi hazırlaşdıqları görünür. Belə komandalara qarşı oynamışıq. İnanıram ki, düzgün oyun qura biləcəyik”.  

Qeyd edək ki, sentyabrın 16-da “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.