Qurban Qurbanov: “Amma yenə də mədəniyyətimizi qoruyub saxlamışıq”

47

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün “Qarabağ” Bakıda Kiprin AEL komandasını qəbul edəcək. Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov avqustun 11-də təşkil olunan mətbuat konfransında deyib ki, azarkeşlərimiz önündə oynayacağıq: “Bu üstünlüyümüz var. Amma həddindən artıq diqqətli olmalıyıq. AEL-ə boşluq versən, istənilən rəqibi cəzalandıra bilər. Bu üzdən sabah oyunboyu konsentrasiya həddən artıq vacib olacaq”.

Səfərdəki oyundan danışan Qurban Qurbanov bildirib ki, həmin matçda xoşagəlməz hallar yaşanıb: “Amma mən həmin görüşdən sonra da demişdim ki, idman prinsiplərindən kənara çıxmalı deyilik. Yazılanlara baxıram, aqressiv azarkeşlərimiz var, onların cavabını verməyi düşünürlər. Bu, ümumilikdə yaxşı haldır. Futbolçuların və məşqçilərin bütün diqqəti yaşıl meydanda olmalıdır. Orada səhv etməyək. Biz azərbaycanlılar olaraq çox yerdə davranışımızla fərqlənmişik. Avrokuboklarda bizə qarşı haqsızlıqlar olub, böyük səhvlərə görə böyük uğurları əldən vermişik. Bəzən hirslənmişik. Amma yenə də mədəniyyətimizi qoruyub saxlamışıq”.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq. Kiprdəki ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.