Qurban Qurbanov: Amma elə deyil

52

Futbolçuları təbrik edirəm. Çox yaxşı mübarizə apardıq. Oyunçuların əzmkarlığından razı qaldım. Güclü komandaya qalib gəldik. Rəqibin də bacarıqlı oyunçuları var.

Bu fikirləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Qırx doqquz yaşlı mütəxəssis görüşün çətin keçdiyini söyləyib: “Bu komandaya qarşı 90 dəqiqə mübarizə aparmalı və hərəkətli olmalıyıq. Futbolçular çox yoruldular. Çox çətin qrafikdəyik. Hazırda çox diqqətli olmalıyıq. Bəzi matçlarda rotasiya edirik. Bu periodda güc sərf etməliyik. Futbolçulara tez bərpa olunduqları üçün təşəkkür edirəm. Hesab görüşün asan keçdiyini göstərə bilər. Amma elə deyil”.

Qurbanov Ağdam təmsilçisinin fanatlarının rəqib baş məşqçi Samir Abasovu istefaya səsləməsinə də münasibət bildirib: “Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil. Amma etirazımı bildirdim. Mənə görə xoş deyil. Hər zaman demişəm ki, hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddır. Öz düşüncələri və ideyaları var. İstəmirəm ki, bizim fanatları digər klubların məşqçilərinə şüar səsləndirsinlər. Rəqib komandanın baş məşqçisini istefaya səsləmək düzgün deyil. Mən istəyirəm ki, bizim bütün baş məşqçilərə hörmətlə yanaşsınlar. Ümid edirdim ki, bu, bir daha təkrarlanmayacaq”.

Təcrübəli baş məşqçi Abdullah Zubirin görüşün sonunda ayağında ağrılar hiss etdiyini deyib: “Son günlər yaxşılaşmışdı. Ona görə arxayın idim ki, 90 dəqiqəyə gücü çatar. UEFA Konfrans Liqasında Qazaxıstan “Kayrat”ı ilə (2:1) matçdan sonra narahatlıq var idi. Sabah onun durumu tam bilinəcək”.