Qurban Qurbanov: “Ən yaxşı oyunlarımızın birini göstərməyə çalışacağıq”

65

“Viktoriya” klubu standart vəziyyətlərdə təhlükəli olur. Xırda detallar üzərində danışmışıq. Epizodları futbolçularıma göstərmişəm. Daha dəqiq oynamaq və rəqibin hücumlarının qarşısını almaq üçün diqqətli olmalıyıq.

Bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Çexiyanın “Viktoriya” (Plzen) komandasının qonağı olacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, hamımızın məqsədi yaxşı nəticə göstərərək, qrupa düşməkdir. Bu gün belə şansımız var. Rəqib də eyni fikirdədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq. Rəqib də istəklidir. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə çalışacağıq.

“Maksim Medvedev və Kevin Medinadan başqa bütün oyunçular sağlamdır. Hamı oyuna hazırlaşır. Sadəcə 2 mərkəz müdafiəçisi olmayacaq. Digərləri ilə bağlı problem yoxdur. Hər şeyə hazır olmalıyıq. Rəqibin çox yaxşı hücum potensialı var. Müdafiədə mütləq diqqətli olacaqlar. Amma hücumda da güclüdürlər. Rəqibin ancaq qapanacaqlarını düşünsək yanlış olar. “Viktoriya” klubu həm pressinq etməyi, həm də topla oynamağı bacarır. Müdafiədən oynamağı düşünmürük. Rəqib bizi buna məcbur edərsə, yalnız o zaman müdafiəyə çəkilərik. Amma öz oyunumuzu göstərməyə çalışacağıq”, – deyə Q.Qurbanov əlavə edib.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı ilk görüşdə hesab açılmayıb.