Qürbətdə Azərbaycan yanğısını yaşadan şair (3)

76

 

Düz 25 gün Almas İldırıma aramsız olaraq işgəncə verərək, ona casus olmasını etiraf etdirmək istədilər. İstədiklərini şairdən almaq üçün Almas İldırımı günlərlə ac və susuz, boğazadək doldurulmuş soyuq suyun içində saxlayırdılar. Amma işgəncələr şairin səhhətində dərin izlər qoydu. O, sağalmaz böyrək xəstəliyinə mübtəla oldu. Amma sonda onun casus olmadığını başa düşüb azad edərək, Məşhəd şəhərinə göndərdilər. Ancaq burada onlar iş tapa bilmirdilər və ailə olduqca ağır, sıxıntılı vəziyyətdə yaşamaqda idi. Ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür. Nəhayət, o, çıxış yolunu Türkiyəyə köç etməkdə görür. Bu məqsədlə də 1934-cü ildə böyük əziyyətlərdən sonra Türkiyəyə gələ bilir.

Bu, Almas İldırıma rejim tərəfindən vurulan növbəti zərbə oldu. Lakin Yazıçılar Birliyindən çıxarılan Almas İldırımın Bakıda qalmasını istəməyən bolşevik rejimi gənc şairi bu dəfə Türkmənistanın paytaxtı Aşqabada sürgün elədi. Almas İldırım Bakını tərk edərkən artıq bir də buraya dönə bilməyəcəyini sövq-təbii hiss etmişdi Ona görə də o, göz yaşları içində “Əlvida, Bakı” adlı şeirini yazır. Bu şeirin hər misrası onun doğma Vətən üçün yerləri və göyləri yandıran iniltiləri idi:

Səndə keçib getdi iyirmi dörd yaşım,

Bir zaman bəladan çıxmadı başım,

Sən oldun həmdəmim, dərdli yoldaşım,

Laylalar söylədin mənə, əlvida!

Amma rejim Aşqabadda da Almas İldırımı izləməkdə davam edirdi. Bu məqsədlə Bakıdan Türkmənistana xüsusi xidmət orqanlarının Əkbər Ruhi adlı əməkdaşı göndərilmişdi. Aşqabadda Almas İldırım müəllimlik etməyə başladı və az sonra məktəb direktoru kimi fəaliyyətini davam etdirdi. O, burada əslən Cənubi Azərbaycandan olan və 1932-ci ildə Şamaxıdan sürgün edilən bir ailənin qızı ilə – Zivər xanımla ailə həyatı qurdu. Lakin addımbaşı izləndiyini və daha uzaq ellərə sürgün edilə biləcəyini bilməsinə baxmayaraq, Almas İldırım burada da Vətən sevgisini tərənnüm edən şeirlərini yazmaqda davam edirdi. Onu da deyək ki, sovet hakimiyyətinin ilk illərində Aşqabad türk ellərinin vətənpərvər ziyalıları üçün sürgün yerinə çevrilmişdi. Burada müxtəlif türk ellərindən sürgün edilən onlarla vətənpərvər ziyalı öz ailələri ilə yaşamaqda idilər. Bunu nəzərə alan vətənpərvər şair Aşqabadda türk ellərindən sürgün edilən ailələrin uşaqlarına dərs deyir, onlarda vətən və millət eşqi formalaşdırırdı. Aşqabadda Almas İldırımın azadlıq mövzuları ilə bağlı şeirləri əldən-ələ gəzir dərhal da dillər əzbərinə çevrilirdi..

Aşqabadda uzun müddət şairin hər addımını izləyən Əkbər Ruhi sonda hədəfə aldığı insanın rejimə qarşı düşmənçiliyi davam etdirməkdə olduğu qənaətinə gəldi. Bununla bağlı o, Bakıya yazdığı raportunda: “A. İldırım ideologiyamız üçün zərərli bir insandır…” -deyə bildimişdi. Bu artıq onun həbs edilərək Sibirə sürgünə göndərilməsinin vacibliyi barədə yuxarı orqanlara çağırış edilməsi anlamına gəlirdi. Almas İldırım da addımbaşı izləndiyini, həbs edilərək Sibirə göndərilməsi üçün rejimin yeni bir bəhanə axtardığını başa düşmüşdi. Ona görə də bundan sonra Türkmənistanda qalmağın təhlükəli olduğunu yaxşı anlayan Almas İldırım İrana getmək qərarına gəldi. Bu məqsədlə 1933-cü ilin iyun ayında o, həyat yoldaşı Zivər xanımı və üçaylıq körpəsi Azəri də götürüb Aşqabadı tərk etdi. Gedərkən həsrətini və yanğısını yazdığı yeni şeirinə köçürdü:

Bilmirəm ki, yurdunu sevən bir şair,

Nə üçün bir cani kimi izlənir.

O, qeyri-qanuni yollarla İrana gedən bir dəvə karvanına qoşuldu. Lakin yarı yolda hiss elədi ki, bu karvanla mənzil başına gedib çıxa bilməyəcək və onlar yolda sovet sərhədçiləri tərəfindən saxlanılacaqlar. Ona görə də İranla Türkmənistan arasındakı Firuzə yaylasında o, ailəsi ilə birlikdə karvandan ayrılaraq digər yolla hərəkət etməyə başladı. Onlar günlərlə ac və susuz yol gedirdilər. Bəzən vəhşi heyvan sürüsü ilə də rastlaşırdılar və belə hallarda onları labüd ölümdən Allahın lütfü xilas edirdi. Mənzil başına az qalmış onlar yolu azaraq birbaşa İran sərhəd postunun üstünə çıxdılar. Sərhədçilər onları bolşevik casusu hesab edərək həbs etdilər. Düz 25 gün Almas İldırıma aramsız olaraq işgəncə verərək, ona casus olmasını etiraf etdirmək istədilər. İstədiklərini şairdən almaq üçün Almas İldırımı günlərlə ac və susuz, boğazadək doldurulmuş soyuq suyun içində saxlayırdılar. Amma işgəncələr şairin səhhətində dərin izlər qoydu. O, sağalmaz böyrək xəstəliyinə mübtəla oldu. Amma sonda onun casus olmadığını başa düşüb azad edərək, Məşhəd şəhərinə göndərdilər. Ancaq burada onlar iş tapa bilmirdilər və ailə olduqca ağır, sıxıntılı vəziyyətdə yaşamaqda idi. Ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür. Nəhayət, o, çıxış yolunu Türkiyəyə köç etməkdə görür. Bu məqsədlə də 1934-cü ildə böyük əziyyətlərdən sonra Türkiyəyə gələ bilir. Onlar bir müddət Vanda qalırlar. Sonra isə ailə onlara ürəyi yananların tövsiyəsi ilə Elazığda məskunlaşmağı qərara alır. İnsafən deyək ki, Elazığ valisi onları səmimi qarşılayır. Valinin yardımı ilə Almas İldırım Palunun Qaraca bölgəsində də əvvəl müəllim kimi fəaliyyətə başlayır, sonra nahiyə müdiri vəzifəsinə təyin edilir. O burada onlarla, yüzlərlə gəncə yalnız dərs demədi, həm də vətən sevgisi aşıladı onlara, nahiyədə yeni məktəblərin açılması təşəbbüsü ilə çıxış etdi. Və vaxtaşırı bu məsələni valilikdə gündəmə gətirərək istədiyinə nail oldu. Həmin dövrdə onun vətən həsrəti ilə yazdığı şeirlər Türkiyədə dildən-dilə dolaşırdı. Bu da ona yeni şöhrət gətirmişdi. Amma Vətən həsrəti onu gecəli-gündüzlü sızlatmaqda idi. Şeirlərindən birində ((“Əsir Azərbaycanım”) şair Azərbaycan həsrətini belə ifadə edir:

Salam desəm rüzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gur səsimi göy Xəzərə yetirsə,

Xəzər coşub zəncirini qırsa oy…

Hökm etsə bu sərsəm gediş dursa oy…

Xəbər alsam Muğanımdan, Milimdən,

Nazlı Bakım, o neft qoxan gülümdən,

Kim demiş düşmüş adı dilimdən…

Azərbaycan, mənim eşsiz yurdum oy…

Ölməz eşqim, içimdəki dərdim oy…

Könlümə tək Kəbə etdim səni mən,

Sənsiz neynim qürbət eldə günü mən,

…………………………………………….

Azərbaycan, mənim tacım taxtım oy…

Oyanmazmı kor olası baxtım oy?..

Almas İldırımın oğlu Azər Elazığda bir gölün olduğunu və atasının bu gölün ətrafına gedərək dərdli-dərdli Xəzəri xatırladığını söyləyir. Sonra günlərin birində atası Atatürkə məktub yazır ki, gölə Xəzər adını versinlər. Atatürk onun bu xahişinə müsbət yanaşır və o gündən göl Xəzər adlanır. Şair bu gölə müraciətlə yazırdı:

Aç qoynunu, uzaqdan gəlmişəm,

çox yaslıyam;

Eli, yurdu çalınmış bir qərib Qafqazlıyam.

Zənn etmə ki, yoxsulam,

Kürlüyəm, Arazlıyam

Bakıdan ayrılalı yaxın zamandır Gölcük.

(“Gölcüklə dərdləşmə”)

Onu da deyək ki şair ömrünin 17 ilini Elazığda keçirdi, burada o hamının sevimlisinə çevrildi. ancaq Vətən həsrəti onu üzməkdə idi:

Qafqaz; o yaşıl yurd, o məhəbbət vətənimdir.

Qafqaz; onu mən görmədən ölsəm, ona dair;

Qəbrimdə yazılsın iki misra, bu kitaba:

“Aşıqdir gözəl yurduna qürbətdə də şair,

Xəyyam necə aşiq idisə gül rəngli şəraba”.

(“O məhəbbət Vətənimdir”)

Bu misralar onun vətən iniltiləri, vətən hayqırtıları idi.

Azər Almas deyir: “Çox insan vətənindən qovulur, amma mən vətənini bu qədər geri almaq istəyən, vətəni üçün ölən bir adam – atamı tanıyıram. Atam vətənindən ayrı heç bir şey düşünməzdi. Vətəni onun havası, suyu idi. Bizi də elə hisslərlə böyütdü. Atamın tək istəyi Azərbaycanın müstəqilliyi idi.

Atamın güldüyünü heç xatırlamıram. Çox ciddi idi, daima fikirli görünürdü. Vətəni düşünərdi, əlinə qələm alıb mahnı zümzümə edə-edə şeir yazardı. Onun içində bir vətən mahnısı vardı”.

Almas İldırım da Əhməd Cavad kimi Vətən, millət aşiqi idi. O, işğal altında olan türk xalqlarının müxtəlif cür adlandırılmasından çox üzülmüş və yanğı içində “Qara dastan” adlı şeirini yazmışdı:

Kimsə bilməz Tanrıdağın yaşını,

Duman almış Altayların başını,

Uçurmuşdur başdan dövlət quşunu,

Sərvətinə üz çevirmiş zaman hey…

Qoca türkün düşdüyü hal yaman hey…

Dörd bir yana dağılmış türk soyları,

Sönmüş ocaq, köçüb getmiş boyları,

Dərdli-dərdli axar bozqır çayları,

Saxlar içdən gizli ümid, güman hey…

Qoca türkün düşdüyü hal yaman hey…

Ağ alnına qara yazı yazılmış,

Yaylalarda düyün-dərnək pozulmuş,

Gəlinlərin gur saçları çözülmüş,

Yada qalmış, dilər eldən aman hey…

Qoca türkün düşdüyü hal yaman hey…

Dağdan-dağa çarpıb getmiş doğanlar,

Qayalarda izi qalmış al qanlar,

Ordulara buyruq verməz İlhanlar,

Harda qalmış “set”lər yıxan fərman hey…

Qoca türkün düşdüyü hal yaman hey…

Xarab olmuş Buxarası, Başkəndi,

Matəm tutmuş Səmərqəndi, Daşkəndi,

Kəndi söylər, tökər gözdən yaş kəndi,

Nə ozan var, nə yazan, nə şaman hey…

Qoca türkün düşdüyü hal yaman hey…

Qazan, Başqırd batmış, Krım sürülmüş,

Mənim çəkik gözlü yarım sürülmüş,

Qohum-qonşum, bütün varım sürülmüş,

Bulunurmu Sibiryada iman hey?

Qoca türkün düşdüyü hal yaman hey…

Türk elləri bir-birinə yadlanır,

Qazax, qırğız, türkmən, özbək adlanır,

Azəri türk yanar, içdən odlanır,

Ana yurdun içdən halı duman hey,

Qoca türkün düşdüyü dərd yaman hey…

Keçən çağlar, yatmış ellər ayılmaz,

Tarım çayı doğru yola qoyulmaz,

Hey… səslənir Amudərya duyulmaz,

Sırdəryada qalmamışdır dərman hey…

Qoca türkün düşdüyü dərd yaman hey…

Xəzər coşar, xəbər salar Kürünə,

Axıb gedər Kür sürünə-sürünə,

İdil ağlar Altın Ordu yerinə,

Aral da öz varlığından peşman hey…

Qoca türkün düşdüyü dərd yaman hey…

Azərbaycan dərd içində boğulmuş,

Sevənləri diyar-diyar qovulmuş,

Ağla şair, ağla, yurdun dağılmış,

Nerdə qopuz, nerdə qırıq kaman hey?

Nerdə böyük Vətən, nerdə Turan hey…

Sinəsində ölənə kimi vətən həsrətini gəzdirən, bolşevik nökəri olan insanların əli ilə doğma Azərbaycandan didərgin salınan Almas İldırım 1951-ci ildə 45 yaşında dünyasını dəyişdi. O, özü Azərbaycanın müstəqilliyini görə, ölkəmizə gələ, bir də doğma yurdun havası ilə nəfəs ala bilmədi. Amma özündən yadigar qoyub getdiyi oğlanları Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu Bakını ziyarət edərək qohumlarını tapdılar.

Onu da deyək ki, Almas İldırım Türkiyədə yaşadığı illərdə jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini çap etdirərək, vətənsevər bir şair kimi tanınmışdı. Türkiyədə yazdığı şeirlərini “Boğulmayan səs” adı altında çap etdirmişdi. Bundan başqa, şair Azərbaycanımızı Türkiyədə daha yaxından tanıtmaq üçün “Azərbaycan mahnıları” adlı kitabını qardaş ölkə oxucularına, azərbaycansevərlərinə ərməğan edib.

Təsadüfi deyil ki, onun anadan olmasının 100 illiyi həm Türkiyədə, həm də Azərbaycanda böyük təntənə ilə dövlət səviyyəsində qeyd edildi. O, ölümündən illər ötəndən sonra belə, iki qardaş ölkə arasında körpü, iki dövlət, bir millətin oğlu olaraq qalmaqda davam edir. Baş əyirik qarşında ulu vətən şairimiz. Ruhun şad olsun, qəbrin həmişə nurla dolsun.
ƏZIZ MUSTAFA