Qulaq asaq…

541
“Mart çıxdı, dərd çıxdı”- deyirlər. Əslində dərdi özümüz yaradır, özümüz də yaşayırıq. Dünyanı dərd dünyası edən də biz insanlarıq. Nədən, nə üçün yarandığımızı unudub, hər işlə məşğul oluruq. Bu halımıza şairimiz Məmməd İsmayıl uzun illər bundan əvvəl bir şeirində belə bir poetik tərif vermişdi:
… Dağlara çən düşür günün yerinə;

Qanunlar yazılır dinin yerinə,

Bəndələr göz dikib sənin yerinə

Allahlıq eləyir hərə, bax, Allah…

Sözümüzü martla niyə başladıq? Sizlərə danışacağım və bu yazını qələmə almağıma səbəb olan hadisə mart ayının soyuq bır səhərində baş verib. Hava soyuq olduğu üçün salonun dolmasını gözləyən sürücü gələn hər kəs üçün qapını açır, bağlayırdı. Diqqətinə görə sürücüyə təşəkkür edib, lap arxada əyləşdim. Ön oturacaqda əyləşən gənc bir oğlan qulaqcıqlarla nəsə dinləyirdi. Qadın sərnişinlərin gəldiyini görən sürücü ona bir az arxada əyləşməsini təklif etdi. Gənc narazı halda qalxdı, qapının qarşısında dayandı, isti yerindən olmasının qəzəbini ağzındakı saqqıza qarışdırıb nə qədər sürətlə çeynəsə də, uda bilmədi. Sürücüyə qapını açdırıb düşdü, avtobusun yaxınlığında dayanıb müştəri gözləyən taksilərdən birinə əyləşdi, dolmasını gözləmədən sürdürdü. Bu, avtobus sürücüsünün diqqətindən yayınmadı:

– Bu da bizim gəncimiz, gələcəyimiz. Biz bu dünyanı bunlara buraxıb gedəcəyik? Allah qorusun. Mənim acığıma iyirmi qəpik yerinə, iki manat xərclədi.

Yaşlı sərnişinlərdən biri söhbətə qoşuldu:

– Özü qazanmayıb axı. Pul qazanmağın çətinliyindən xəbərsizdir, ona görə.

Hörmətli sənətkarımız Habil Əliyevin təbirincə desək, “rajok”la geyindiyi dar şalvar, boynundakı zəncır, ayağındakı idman ayaqqabıları gəncin çox müasir olduğunu göstərirdi. Ancaq bu zahiri görünüş əlindəki bir-iki dəftərə yaraşmırdı. Dəftərlər onun tələbə olduğundan xəbər verirdi. Bu dərs günündə iki dəftərlik bilik daşıyan bu gəncin gələcəyə əliyalın gedəcəyinə şübhə yeri qoymurdu.

Gündə saatlarla qulaqcıq vasitəsilə bir şeylər dinləyən gənclər haqqında oxuduğum bir yazı düşdü yadıma. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, bir milyarddan artıq yeniyetmə və yetkin insanlar yüksək səslə musiqi dinləyir və onların təxminən yarısı “təhlükəli” musiqi çaldıranlar və smartfonlar ucbatından eşitmə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Gecə klubları, barlar və yüksək musiqi səsləndirilən digər yerlər bu riski daha da artırır.

Dünya Səhiyyə Təşkilatı bu ziyanlı dinləməni gündə bir saata endirməyi tövsiyə edir. Hətta səsin həddən artıq yüksək olduğu halda, bir saatın da zərərli olduğunu bildirən tədqiqatçı Ralf Holm (Ralph Holme) qeyd edir ki, yüksəksəsli müsiqi daxili qulaqda minlərlə hüceyrələri öldürərək eşitmə qabiliyyətini zədələyə bilir. Müxtəlif səs tonlarını tutan bu hüceyrələr çox zərif olduğundan tez zədələnə və ölə bilir. Məsələ burasındadır ki, onlar bərpa olunmur.

Qulaq asmaq Uca Allahın insana bəxş etdiyi sonsuz nemətlərdən biridir. Onun nə qədər qiymətli bir nemət olduğunu adi üsulla, asanlıqla yoxlaya bilərik.  Bir anlığa qulaqlarımızı tıxasaq, ətrafımızdakıların nə dediklərini, çalınan, oxunan musiqinin nədən ibarət olduğunu bilmədiyimizə görə ürəyimiz ağzımıza gələcək.

Qulaq asmaq həm də insanın ehtiyacıdır. Qulaq asmaq deyəndə həmişə uşaqlığım düşür yadıma. O zamanlar bizim evdə radio yox idi. Əslində nə var idi ki, demək də olardı. Hər istirahət günü “Muğamat” konserti olurdu. Harada olsam da, özümü bu konsertə çatdırırdım. Bəzən yaxınlıqda yaşayan qohumlardan birinin evinə gedərdim. Tay-tuşlarımla oturub diqqətlə muğama qulaq asmağım kişinin xoşuna gəlsə də, qadın heç xoşlanmazdı bu vəziyyətdən. Elə vaxt olurdu ki, “radiomuz yanıb” sözləri güllə kimi dəyərdi qəlbimə. Hərdən inciyib bir müddət getməzdim. Balkonumuzda dayanıb qonşumuz Balasoltan kişigilin balkonundakı “Rekord” radiosundan yayılan muğamları dinləyərdim. Uşaqların ən gözəl cəhətlərindən biri də üzləşdikləri hər cür xoşagəlməz hadisələri tez unuda bilmələridir.

Qulaq asmaq, dinləmək ehtiyacını bircə musiqi ilə məhdudlaşdırmaq olmaz. Ağıllı məsləhətlərə, dünyagörmüş insanların nəsihətlərinə qulaq asmaqdan kim zərər görüb? İngilislərin qafiyəli bir məsəlində deyilir: ‘A piece of good advice is beyond price’ – yəni ki, bir parça yaxşı məsləhətin qiymətini ölçmək mümkün deyil. Məsləhətdən söz düşmüşkən, hikmətli bir hekayətdə qələmə bənzədilərək insana beş gözəl məsləhət verilir:

Birincisi, qələmin öz funksiyasını yerinə yetirməsi üçün kiminsə onu əlində tutması lazım olduğu kimi, insanın da öz insanlığını ləyaqətlə yerinə yetirməsi üçün o, özünü Allaha təslim etməli, ən gözəl qabiliyyətlərindən başqalarına istifadə etmək imkanı verməlidir.

İkincisi, yaxşı yazması üçün qələm zaman-zaman yonulmalı olduğu kimi, insan da üzləşdiyi müxtəlif həyat problemlərinə dözərək möhkəmlənməyi bacarmalıdır.

Üçüncüsü, qələm buraxdığı səhvləri düzəldə bildiyi kimi, insan da buraxdığı səhvləri düzəltməyi bacarmalıdır.

Dördüncüsü, qələmin ən mühüm, yararlı hissəsi içərisində olduğu kimi, insanın da dəyəri onun daxilindədir.

Və beşincisi, qələm “gəzdiyi” hər yerdə özündən sonra iz buraxdığı kimi, insan da olduğu hər yerdə, hər zaman iz qoymalı, nə olur olsun öz İNSANLIQ vəzifəsini yerinə yetirməyə davam etməlidir.

Başqa bir hikmətli hekayətdə deyilir ki, bu dünya bir dağ kimidir, üzünü ona tutub necə qışqırsan, nə desən, onu eşidəcəksən. Həyatımız, sadəcə olaraq, etdiklərimizin əks-sədasından ibarətdir. Sevilmək üçün qəlbində daha çox sevgi daşımalısan. Həyat elə hər kəsin öz əksindən ibarətdir. Kim nə əkir, onu da biçir. Bu həyat da bizlərə münbit bir tarla misalı olaraq verilib. Ən münbit torpağı qayğı göstərib becərmədikdə ondan kimə nə fayda düşər? İnsan da ömrü boyunca öyrənməli, özünü mənəvi cəhətdən zənginləşdirməyə çalışmalıdır. Öyrənməyin yollarından biri də qulaq asmaqdır. Bəs kimə və nəyə qulaq asmaq lazımdır?

Hər şeydən əvvəl, Allahın yaratmış olduğu kainat kitabının pıçıltılarına, bu möhtəşəm kitabı layiqincə anlamaqda yolçumuz olan Quranın səhifələrindən süzülən məsləhətlərə qulaq asmağı bacarmalıyıq.

Vicdanın səsinə qulaq asmaq da lazımdır. Dünya Səhiyyə Təşkilatının qənaətinə əlavə etməyə səlahiyyətimiz çatmasa da, acı bir haşiyəni bölüşmək istərdim. Təkcə yüksək səsə qulaq asmaq deyil, ümumiyyətlə, qulaq asmamaq, illah da məsləhətə qulaq asmamaq insanın qulağını sıradan çıxara bilir. Bu günlərdə qonşular söhbət edirdik. Səksən yaşlı birisi tez-tez: “Mən eşitmirəm, bir az ucadan danışın,” – deyirdi. Cavanlardan bəziləri onun halına acıyıb, həkimə müraciət etməsini məsləhət görsələr də, ağır eşitməyindən gileylənən qonşu ilə yaşıd olan kişi:

– Onun qulaqlarının müalicəsi qalıb o biri dünyaya.  Ata-ananın nəsihətlərinə qulaq asmayan qulaqların kar olması təbiidir, – mən onunla yaşıdam, yüz metrdən qarışqanın ayaq səslərini eşidirəm, – deyərək, sözünü zarafatla bitirdi. Əslində qonşunun sözlərində acı həqiqət var idi. Böyüklərin, xüsusilə də ata-ana nəsihətlərinə qulaq asmayanların aqibətləri heç birimizə sirr deyil.

Allah bizlərə doğru görüb, doğru düşünməyi, haqqı dinləyib, nə qədər ki, gec deyil, qələm kimi səhvlərimizi düzəltməyi, gözəl davranıb gözəllik izləri buraxmağı, yaddaşlarda da gözəl təəssürat yaratmağı nəsib eləsin. Amin!

RAHIB ALPANLI,