Qubanın ucqar kəndlərində xüsusi karantin rejiminə riayət olunması təmin edilir

0
170

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunması və tövsiyələrinə riayət edilməsi istiqamətində Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan azərta-ın bölgə müxbirinə verilən məlumata görə, dağlıq ərazidə yerləşən və 47 kəndi əhatə edən Qonaqkənd Polis Bölməsinin əməkdaşları mütəmadi olaraq kəndlər ərazisində xidmət təşkil edərək, sakinləri elan edilmiş rejim qaydalarına riayət etməyə çağırırlar.

Sakinlərdən lüzumsuz yerə evlərini tərk etməməyi, zərurət olduğu halda icazə sistemi vasitəsi ilə hərəkət etməyi tələb edən bölmə əməkdaşları, hər kəsə “evdə qal” kampaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.

Bu tədbirlərlə yanaşı xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşları tərəfindən kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələri idarə edən sürücülər saxlanılır, barələrində xəbərdarlıq və ya inzibati qaydada tədbirlər görülərək, sakini olduqları kəndlərə yönləndirilirlər.