Qubanın tarixində yunan-Roma güləşi üzrə ilk dünya çempionu Musa Mirzəyev

726
Məlum olduğu kimi, 22-31 avqust tarixində kişilərdən ibarət güləş üzrə milli komandamız Belqradda keçirilən dünya çempionatında iştirak edib.
 Milli komandanın heyətində yer alan qubalı idmançı Musa Mirzəyev ən ağır çəki üzrə dünya çempionu adını qazanıb. Qeyd edək ki, Musa Mirzəyev Qubanın tarixində ilk dünya çempionudur. 36 yaşlı beynəlxalq idman ustası bu yarışda ən texnikalı güləşçi kimi də yarışın yüksək mükafatına layiq görülüb. Fürsətdən istifadə edib, Musa Mirzəyev və ilk məşqçisi, müəllimi beynəlxalq idman ustası, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi Xubyar Mirzəməmmədli ilə görüşdük. Qubada güləşin vəziyyəti, eləcə də Musa Mirzəyevin çempion olana qədərki  idman həyatından da danışdıq.

“Bir neçə nəfər güləşə gəlməyimin gec olduğunu dediyi üçün ruh düşkünlüyü formalaşmışdı”

İdmana olan həvəsinin hələ uşaq yaşlarından başladığını bildirən idmançı bədii filmlərdə idmançı rollarını böyük həvəslə izləyib. Bu həvəslə fərdi məşqlərə başlayıb. Özünün dediyi kimi, güləşə gəlməyində isə Xubyar Mirzəməmmədlinin böyük rolu olub. Xubyar müəllim isə o illəri belə xatırlayır: “Təxminən 1995-1996-cı illər olardı, idman zallarından birinə getmişdim, orada uşaqların məşqini izləyərkən 100 kiloqram çəkidə məşq edən bir nəfər diqqətimi çəkdi.  Daha sonra onu məşqlərə dəvət etdim”.

Musa Mirzəyev isə o tanışlığın ardını belə xatırlayır: “O illər bir neçə nəfər mənim güləşə gəlməyimin gec olduğunu dediyi üçün bir ruh düşkünlüyü formalaşmışdı. Daha sonra Xubyar müəllimlə olan tanışlıq həyatımda, necə deyərlər, bir səhifə açdı. Mənə ürək-dirək verərək, güləşdə müvəffəqiyyət qazana biləcək qabiliyyətimin olduğunu dedi. İlk formanı da mənə elə o özü almışdı. Ondan sonra rayondaxili yarışlarda, milli spartakiadalarda iştirak etdim. İki dəfə güləş üzrə Azərbaycan kubokunun sahibi, Dağıstanda da mötəbər yarışların qalibi olmuşam. Almaniyada olduğum müddətdə də yarışlarda iştirak edərək, qalib gəlmişəm. Türkiyədə də “yağlı güləş” yarışlarında iştirak etmişəm. Nəhayət, Serbiyanın paytaxtı Belqradda keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatına 130 kiloqramlıq çəki dərəcəsi ilə iştirak etdim. Şükürlər olsun ki, burada birincilik – qızıl medal qismət oldu. Bu yarışda həm də ən texnikalı idmançı kimi də mükafatlandırıldım”.

“Seçimlər elə də asan olmadı”

Bu yarışa qədər milli komandaya seçim prosesi barədə və yarış haqqında veteran güləşçi bunları danışdı: “Seçimlər elə də asan olmadı. Çünki rəqiblərim tanınmış legioner güləşçilər idilər. Onların arasında dünya çempionu, əslən iranlı güləşçi var idi. O, Azərbaycan çempionatının yarımfinalında mənə uduzdu. Rodrigez, Rodamir, Sabah Şəriəti, Maksim Proxanov, Davidadze kimi legioner güləşçilər seçimlərdə iştirak ediblər. Bunların da gəlməsi yaxşı oldu ki, yarışa hazırlaşdım. Bu gedişatla dünya çempionatına qatıldım. Burada da finala qədər ardıcıllıqla Gürcüstan, Macarıstan, Rusiya, ABŞ, İran idmançıları ilə görüşdüm. Görüşlərin, demək olar ki, heç biri asan deyildi. Çünki bu mərhələyə qədər gəlib çıxmış rəqiblər elə-belə rəqib ola bilməzdilər. Bununla belə, çətin görüşlərdən biri elə final mərhələsində iranlı güləşçi ilə oldu. O, daha çox yorucu üsluba üstünlük verirdi”.

“Zaman-Azərbaycan” vasitəsilə səfirə  təşəkkürümü çatdırıram”

“Çempionatın ən yadda qalan maraqlı anları hansılar oldu?” sualına həmsöhbətimizin cavabı belə oldu: “Sözsüz ki, çempion kürsüsünə çıxıb, himnimizin ifasını bu kürsüdən dinləyərkən kövrəldim və ermənilərin də himnimizi ayaqüstə dinləmələrini görüb, daha çox qürur hissi keçirdim ki, bəli, biz  gücümüzü bir daha ifadə etdik və edə bilirik. Orada olarkən ölkəmizin Serbiya, Bosniya-Herseqovina və Çernoqoriyada səfiri Eldar Həsənovla da görüşdük. Təşkil olunmuş ziyafət də yüksək səviyyədə keçirildi. Fürsət bilib, qəzetiniz vasitəsilə hörmətli səfirimiz Eldar Həsənova təşkilati dəstəyinə görə təşəkkür edirəm. Bundan əlavə, yarışda bir də yaddaqalan anlardan biri də iranlı güləşçinin yarışa uyğun olmayan hərəkəti oldu. Güləşə uyğun olmayan hərəkətinə görə müəllimi onu vurdu, o da əsəbindən monitora təpik vurdu. Bu idmançını yarışdan uzaqlaşdırdılar, elə monitorun pulunu da ödətdirdilər”. Daha sonra isə həmsöhbətimiz sözünü belə davam etdirdi: “İdmanda, əsasən də güləşdə güc-çeviklik rol oynasa da, bu gücü ağıllı istifadə etmək də şərtdir. Güləş ağıl oyunudur. Bu sirr deyil ki?! Güləşi müşahidə edən, həvəsi olanlar bunu duya bilirlər. Məsələn, mənim ən çox istifadə etdiyim fənn “brasok” üsuludur ki, bunu tətbiq etmək üçün rəqibi o vəziyyətə gətirməliyəm. Burada ağıl, güc və çeviklik vəhdət təşkil edir. Bunlar qeyri-ixtiyari olaraq beyində olur. Bu səbəblərə riayət edəndə uğur əldə etmək olur. Bəzən olub ki, müəyyən səbəblər ucbatından güləşdən ayrılmaq istəmişəm. Əgər o vaxtı mən güləşdən möhkəm yapışmışamsa, indi də görürəm ki, o məndən möhkəm “yapışıb”. Neçə illərdir səbirlə, təmkinlə məşq edirəm, yarışlara qatılıram, 36 yaşda dünya çempionu olmaq mənə nəsib olub. Yeniyetmə güləşçilərə bir qardaş məsləhəti olaraq demək istəyirəm ki, heç vaxt həvəsdən düşməsinlər. Həmişə düşündüyüm bu olub ki, zəhmət çəkmişəmsə, uğurum da olacaq. Hətta rəqiblə meydana çıxanda ürəyimdə demişəm ki, hansımız daha çox zəhmət çəkmişiksə, Allah onu müvəffəq etsin. Bəzən də respublikadaxili yarışlarda haqsızlıqla üzləşmişəm. Təəssüf ki, hələ də meydana çıxıb “adam”ı olana daha fərqli, üstün münasibət göstərirlər. Bu cür yarışlar bir qayda olaraq, məni daha çox məşq etməyə vadar edir ki, o cür “rəqib”ləri daha çox xalla üstələyim. Hazırda hədəfim I Avropa Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. Dekabr ayında kişilərdən ibarət Azərbaycan yığma komandasının seçimləri olacaq. Çalışıram və Allah nəsib etsə, olimpiadada iştirak etməyi hədəfləmişəm”. Söhbət əsnasında güləşçilərimizin məşq zalına da baş çəkdik. Zalın baxımsız vəziyyətdə olması çox üzücü idi.  Məhdud şəraitdə fəaliyyət göstərən bu zal çempion yetişdirirsə…

“Gənclər və İdman İdarəsi tamamilə ögey münasibət bəsləyir”

Söhbət əsnasında Xubyar müəllim dedi ki, hazırda bu zalda məşq edən yeniyetmələrdən ibarət yığma komandanın üzvü Nəzərşah Nəsrullayev ilk olimpiya mükafatçımız Rəşid Məmmədbəyovun xatirə turnirində iştirak edir: “Zalın şəraiti ilə bağlı dəfələrlə yazılı formada müraciətlərimiz olub aidiyyəti qurumlara. Zalın sanitar otağı, soyunub-geyinmə otağı, duşu-hamamı yoxdur. Məşqdən sonra uşaqlar gedib evdə yuyunurlar. Məşq etdiyimiz döşəklər neçə illərin döşəkləridir. Zalın dam örtüyü ürəkaçan deyil. Yağış da damır. Rayonun Gənclər və İdman İdarəsi tamamilə ögey münasibət bəsləyir. Mustafa Nöhbalayev bir dəfə də olsun qapını açıb, içəri girməyib ki, burada nə var, nə yox. Əvvəlki idarə müdirləri belə münasibət göstərməyib. Onlar, heç olmasa, qayğı göstərirdilər. Biz də bu rayon üçün, ölkə üçün çalışırıq. Gənclər və idman naziri cənab Azad Rəhimov Qubada vətəndaşları qəbul edəndə qəbulunda da olmuşam. Zalın vəziyyəti barədə əyani şəkildə ona bildirmişəm. Cənab nazir məni dinlədi, qeydlər də götürdü. Artıq o görüşdən xeyli vaxt keçib. Ümidliyik ki, bizim xahişlərimiz nəzərə alınacaq. Zalın bu vəziyyətinə görə də valideynlər soyuq yanaşırlar, övladlarını məşqlərə göndərmirlər. Nəticədə Quba idmanı zəifləyir”.

Amil Tağıyev Quba