Qubalı fermer: Zəhmət sərvətin atası, torpaq isə anasıdır

0
286

Ölkəmizdə həyata keçirilən uğurlu siyasət qeyri-neft sektorunun dadinamik inkişafına əlverişli şərait yaradıb, əhalinin maddi rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Bu prosesdə fermerlərin də kifayət qədər rolu var.

Bu günlərdə Qubanın Birinci Nügədi kəndində olarkən bunun bir daha şahidi olduq. Fermer Bahadır Kərimov əvvəlcə kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət dəstəyindən məmnunluğunu dilə gətirdi: “Bu dəstək ayrı-ayrı formalarda fermerlərə təqdim olunur. Məsələn, onlara güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilir. Bundan başqa, dərman preparatlarının, gübrələrin güzəştli şərtlərlə, yəni dəyərinin böyük hissəsinin dövlət tərəfindən ödənilərək satılmasını qeyd edə bilərəm.  Fermerlərə becərdikəri torpaqlarda istehsal olunan məhsullara görə subsidiyaların verilməsi də bu dəstəyin bir hissəsidir. Bütün bunlar istehsal olunan məhsulun maya dəyərinin azalmasına imkan yaradır. Məhsulun da maya dəyəri nə qədər aşağı düşərsə, fermerin gəliri o qədər çox olar. Belə olan təqdirdə fermer məhsul istehsalında daha da maraqlı olur. Bir sözlə, bütün bunlar sübut edir ki, qayğı göstərilən yerdə hər şeyə nail olmaq mümkündür. Bu mənada, bu gün insanların kənd təsərrüfatı sahələrinə artan marağını da təbii hesab edirəm”. O, həmçinin məlumat verdi ki, Birinci Nügədi İnzibati Ərazi Dairəsinə Birinci Nügədi, Mirzəqışlaq və Qaraçay kəndləri daxildir. Ərazidə 11318 nəfər əhali yaşayır. Onların əsas məşğuliyyəti meyvəçilik, taxılçılıq, heyvandarlıq, bağçılıq və tərəvəzçilikdir. Fermerlərin öhdəsində  450 hektar alma bağı, 200 hektar armud və gilas bağı, 40 hektar tərəvəz sahəsi var. Bu il 900  hektarda arpa və buğda əkilib. Şəxsi təsərrüfatlarda  2223 baş iribuynuzlu, 2988 baş xırdabuynuzlu mal-qara bəslənilir.

Daha sonra 62 yaşlı fermer bir zamanlar kənd təssərrüfatı sahəsinda yaşanmış mənzərəni də canlandırmağa çalışdı: “Ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizdə hökm sürən anarxiya nəticəsində əkin sahələri kəndlinin üzünə həsrət qalmışdı. Mal-qara da dəyər-dəyməzə satılırdı. Həmin dövrdə bütün çətinliklərə baxmayaraq, atamın tövsiyəsi ilə 2 baş inək aldım. Qısa müddətdə onu artıraraq sayını 45-ə çatdırdım. Lakin get-gedə dərinləşən böhran üzündən mal-qaranın  sayını xeyli azaltmalı oldum. Son illər isə bu sahəyə diqqət və qayğının artdığını görüb heyvanların sayını artırmağa başladım. Artıq inəklərimin sayını 15 başa çatdırmışam. Bundan başqa,  200-ə yaxın qoyunum da var”.

Bu zəhmətkeş insanın  kənd təsərrüfat sahəsi üzrə təhsili olmasa da,  işləyə-işləyə özünü həm baytar, həm də aqronom kimi təsiq edə bilib. Yəni o, bol məhsul əldə etmək üçün nəyin lazım olduğunu, zərərvericilərə qarşı mübarizə metodlarını, xəstə heyvanı necə müalicə etməyi yaxşı bilir. Dediyinə görə, bütün bunları əldə etdiyi yeni materialları mütaliə etməklə nail olub: “Bunları bilmədən təsərrüfatı idarə etmək olduqca çətindir”.

Bahadır Kərimov təsərrüfatının çoxşaxəli olması üçün bütün imkanlardan istifadə edir. Belə ki, o, kənd təsərrüfatının digər sahələri ilə də məşğuldur. Dediyinə görə,  bu il 100 hektar sahədə taxıl əkib: “4 hektar bağ sahəm, o cümlədən yarım hektar gilas bağım var. Üstəlik, arıçılığa da meyil salmışam”.

Bahadır Kərimovun texnika sarıdan korluq çəkib-çəkmədiyi ilə maraqlandıq. O: “Lap az qala unutmuşdum”, – deyərək bildirdi ki, lizinq yolu ilə 2 ədəd “Niva” markalı  kombayn, “MTZ-80”, “DT-75”, “Belarus” markalı traktorlar, toxumsəpən, toxumtəmizləyən, kotan və s. Kimi kənd təsərrüfat texnikaları alıb. Zərurət yarandığı hallarda digər fermerlərə də texnika sarıdan köməklik göstərir. Əlavə etdi ki, dövlətin bu sahəyə göstərdiyi yüksək qayğının müqabilində daha əzmkarlıqla çalışmaq niyyətindədir: “Məni kənd təsərrüfatına həvəsləndirən daha bir amil də var. Bu da gördüyüm işın bəhrəsidir. Hər dəfə əməyimin nəticəsini görəndə sevincimin həddi-hüdudu olmur. Bunun üçün təbii ki, zəhmətə daha çox qatlaşmaq lazımdır. Əbəs yerə deməyiblər ki, zəhmət sərvətin atası, torpaq isə anasıdır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”