Qubalı arıçı: Keyfiyyətli balın müştərisi həmişə olur

0
359

 

Oktyabr-noyabr aylarında ölkəmizdə növbəti bal yarmarkası keçiriləcək. Yarmarkada 350 arıçının iştirakı gözlənilir. Onların arasında Quba arıçıları da olacaqlar. Bu barədə “İki sahil”ə məlumat verən Azərbaycan Arıçılar Assosiasiyasının Quba rayonu üzrə nümayəndəsi Emin Bayramov bildirib ki, cari ildəki bal yarmarkasının formatı ötənilki yarmarkalarla  müqayisədə fərqli olaçaq: “Belə ki, builki yarmarka Qida Təhlükəsizliyi Agentliyi ilə birgə təşkil ediləcək. Təbii ki, bu da hər bir arıçının məsuliyyətini birə-beş qat artıracaq”.

Bal yarmarkalarının əhəmiyyətindən söz açan həmsöhbətimiz qeyd edib ki, bu kimi tədbirlər arıçılara öz məhsullarını  satmağa, reklam etməyə, həm də yeni müştərilər qazandırmağa xidmət edir: “Məsələn, şəxsən mən məhz bu yarmarklar vasitəsilə neçə-neçə müştəri qazanmışam”.

Emin Bayramov söhbət zamanı bir məqama da toxunub: “Hər kəs bal alarkən ilk növbədə onun keyfiyyəti ilə maraqlanır. Yəni bilmək istəyir ki, təmiz baldır, yoxsa qarışığı var? Yeri gəlmişkən, indi elə arıçılar peyda olublar ki… Belə ki, onlar müxtəlif qatqılardan istifadə etməklə saxta bal əldə edirlər. Odur ki, son illər insanlar tanıdıqları arıçılardan bal almağa üstünlük verirlər. İndi bal seçmək də asan deyil. Düzdür dədə-baba üsulları var. Məsələn, balı qaşığa götürüb süzmək, dadına baxmaq və s. Amma indiki zəmanədə belə üsullar aldadıcı ola bilir. Odur ki, indi bu barədə dəqiq məlumat yalnız balın laboratoriya analizindən sonra söyləmək mümkündür. Bu mənada bu yarmarkalarda satışa çıxarılacaq ballardan nümunələr götürülərək laboratoriyalarda analiz edilməsi çox gözəl bir təşəbbüsdür. Məqsəd yarmarkaya keyfiyyətli məhsulların çıxarılmasını təmin etməkdir. Odur ki, bu məkana gələnlər aldıqları məhsulun keyfiyyətindən arxayın ola bilirlər”.

Həmsöhbətimiz daha sonra bildirib ki, arıçılıq gəlirli sahədir: “Yetər ki, onun sirlərinə vaqif olasan. Son illər Quba rayonunda bu sahə üzrə məşğul olanların sayı da artmaqdadır. Amma hələ ki, onlardan təxminən 5 minə yaxın arı ailəsi olan 120 nəfəri bizim qurumun üzvləridir. Digər arıçıları da  qurumumuza cəlb etmək istiqamətində müəyyən tədbirlər həyata keçiririk”.

200 arı ailəsindən ibarət təsərrüfata sahib olan Emin Bayramovun dediyinə görə, yaşadığı region üçün səciyyəvi olan Boz Qafqaz arısıdır, məhsuldarlığın təməlində isə bir neçə amil mühüm rol oynayır: “Onlardan ən önəmlisi, mənim fikrimcə,  mövsüm boyu arıların yerinin 3-4 dəfə dəyişdirilməsidir. Yəni onları daha çox şirə çəkə biləcək  məkanlara daşımaqdır. Təcrübələrimə əsasən bildirmək istəyirəm ki, arı, əgər belə demək mümkündürsə, gəzdirilməsə, məhsuldarlıq yaxşı olmur. Doğrudur, bu, xərc tələb edir. Amma bunu etməyəndə də olmur. Bir sözlə, bu, daha keyfiyyətli bal əldə etməyin yollarından biri budur. Keyfiyyətli balın isə müştərisi həmişə olur. Şəxsən mən bu kimi proseduralara əməl etdiyimə görə, müştəri sarıdan problemim yoxdur”.

Bununla yanaşı, arıçılıq üzrə təcrübəsini daha da artırmaq məqsədilə xarici ölkələrə – Almaniya, Hollandiya, Türkiyə, Rusiya, Gürcüstana səfərlər etdiyini diqqətə çatdıran E. Bayramov gözünü dünyaya açandan arı vızıltısını eşitdiyini söyləyib: “Babam Üzdən, atam Bayram da arıçılıqla məşğul olublar. Onlardan çox şey öyrənmişəm. Amma müasir zəmanədə arıçılıqla bağlı daha çox biliklərə ehtiyac var. Odur ki, mən də bu sahə üzrə hər bir yeni detala diqqət  yetirməyə çalışıram. Amma nə gizlədim. Arıçılıq məhsullarını hələ də kustar üsulla qablaşdırmaqdayam. Son illər ölkəmizdə arıçılığa artan maraq müşahidə olunur. Kənd Təsərrüfatı Nazirliyi kənd yerlərində məşğulluğa müsbət təsirini nəzərə alaraq, bu sahənin inkişafı məqsədilə müvafiq tədbirlər də həyata keçirir. Yeri gəlmişkən, elə bu günlərdə kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Arıçılar Assosiasiyasının üzvləri ilə görüşüb. O, daxili bazarda keyfiyyətli, ekoloji təmiz arıçılıq məhsullarına böyük tələbat olduğunu deyib, həm də bal və digər arıçılıq məhsullarının ixrac potensialının artırılmasının vacibliyini vurğulayıb. Şübhəsiz, bu sahədə görüləcək kompleks tədbirlər daxili bazarın tam şəkildə yerli məhsulla təmin olunmasına və xarici ölkələrə məhsul ixracina da yeni təkan  verəcək. Bu mənada ümid edirəm ki, yaxın illərdə qablaşdırma sexinin təşkilinə də nail olacağam”.

Qvami Məhəbbətoğlu, “İki sahil”