Qubadlının işğal edilməsinin 23 ili tamam olur

0
355

Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23 ili tamam olur. Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalıb. İşğal ərəfəsində əhali 30 minə qədər olub.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.