Qubadan Palıdlıya gətirilən iki bayrağın tarixçəsi…

69

Xaçmazın Palıdlı kəndində Azərbaycan-Türkiyə bayraqları qürurla dalğalanır. Bunun da bir tarixi və səbəbkarı var. Tarixi Vətən müharibəsindən başlayıb. Yadımdadı, mən və Palıdlı kənd sakini olan dostum Zamin Həsənoğlu ilə Xaçmazın Xudat şəhərinin 2-ci şöbəsinə Vətən müharibəsinin ilk şəhidlərindən olan İlham Rəşidovun dəfninə getmişdik. Şəhidin evindən götürülməsində iştirak etdikdən sonra mən Qubaya gətirilən iki şəhidin dəfninə getdim. Quba Şəhidlər Xiyabanında rayonun ilk iki Vətən Müharibəsi şəhidinin- İsmət Hacıyevlə Yaşar Xudayevin dəfnində iştirak etdikdən sonra Palıdlıya qayıtdım.Qayıdanda maraqlı bir səhnə ilə qarşılaşdım. Zamin kəndin mərkəzində hündürlükdən Azərbaycanın Dövlət Bayrağını asmışdı. Öyrəndim ki, o bu müqəddəs atributumuzu Palıdlı kənd məktəbinin ikinci mərtəbəsindən öz evinin ikinci mərtəbəsinə ip keçirərək  asıb. Çox qürurlandım.Zamin deməsə də xanımından öyrəndim ki, Zamin dəfndən gələndə  cibindəki ərzaq puluna Azərbaycan bayrağını alıb gəlib. Mən onun bayraq sevgisinə bələd idim. ANS televiziyasında işləyərkən Zamindən xüsusi bir videomaterial da  hazırlamışdım. O materialda  bildirmişdim ki, Zamin Türkiyəyə işləməyə gedəndə çamadanında mütləq Azərbaycanın bayrağını aparırmış. İndi onun bu bayraq sevdası doğrudan məni çox mütəəssir etdi.

Yenidən bayraq mövzusu necə gündəmə gəldi? Əvvəl asılan bayraq köhnəldiyinə, rəngi solduğuna və külək cırdığına görə onu dəyişmək lazım idi. İyulun 12-si Qubaya – həkim qostum  Mübarizin qızının toyuna gedirdim.Yola çıxanda Zamin mənə dedi ki,”bayrağın yeri boşdur, mənə Qubadan bir bayraq tapa bilərsən? Burada tapa bilmirəm.” Mən də yolda məsələni isti-isti həll eləmək üçün Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi Anar Kazımova zəng edib bizə bayraq tapmağını xahiş etdim. Anar müəllim də eləmə tənbəllik,elə toyun gedişində həmin gün bayrağı mənə çatdırdı. Səhəri gün Zamin Azərbaycan bayrağını evdə ütülədib yenidən asdı öz yerindən. Mən Anar müəllimə təşəkkür üçün zəng vuranda o bizə belə bir təklif verdi:”Siz ki, belə vətənpərvərsiniz, sizə bir ədəd də Türkiyə bayrağı verəcəyəm. Asın Azərbaycan bayrağının yanından”

Anar Kazımov  dediyini elədi. İyulun 24-də Qubada daha bir toyda olarkən mənə Türkiyə bayrağını çatdırdı. Mən də Zaminə. Zamin də dərhal Türkiyənin Dövlət Bayrağını da ütülədərək asdı Azərbaycanın  Dövlət Bayrağının yanından. Bəli, Qubada iki toydan kəndə gətirilən iki dost, qardaş ölkənin bayraqları indi Xaçmazın Palıdlı kəndində qürurla dalğalanır…

Kəndin uşaqları,kəndə gələn qonaqlar hətta bu qoşa  bayraqların yanından xatirə şəkilləri də çəkdirir. Sadə bir Azərbaycan vətəndaşının – Palıdlı kənd məktəbində təsərrüfat müdiri işləyən – Culfanın ləkətağ kəndinin yetirməsi Zamin Həsənoğlunun təşəbbüsü sayəsində… Bu təşəbbüsü dəstəkləyən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi Anar Kazımova təşəkkür etsəm, yerinə düşər… Özüm isə belə təşəbbüsləri reallaşdırğıma görə çox şadam.!

Aytəkin Alxaslı