Qubadakı “İstək”də

498

Bu günlərdə Quba İstək liseyində olduq. Təhsil ocağına daxil olduğumuz ilk andan buradakı səliqə-sahman, şagirdlərin qazandığı nailiyyətləri əks etdirən mükafatların, medalların, kuboklarin, fəxri fərmanların sıralandığı vitrinlər daxilimizdə qürur hissi yaratdı.

Liseyin müdiri Elnur Gülmalıyev söhbət zamanı bildirdi ki, İstək liseyi Azərbaycanın milli təhsil brendidir: “Liseyin adı İstedad, Təhsil, Karyera sözlərinin birləşməsindən yaranıb: “Hazırda Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Quba, Lənkəran, Mingəçevir, Şəki və Şirvan şəhərlərində fəaliyyət göstərən tədris ocaqlarında yüzlərlə şagird təhsil alır. 2014-cü ildən fəaliyyətə başlamağımıza baxmayaraq nailiyyətlərimiz ilbəil artır. Məzunlarımızın demək olar ki, hamısı Azərbaycanın və xarici ölkələrin ən nüfuzlu ali məktəblərində təhsil alır. Təkcə bir faktı qeyd edək ki, 2015-2016 tədris ilində liseyi bitirmiş 33 məzundan 6 nəfəri Türkiyə, 1nəfəri Çexiya, 1nəfəri Rusiya, 25 nəfəri isə Azərbaycanın nüfuzlu ali məktəbinə daxil olub”. O daha sonra dedi: “Şagirdlər istər respublika, istərsə də ölkəmizin hüdudlarından kənarda keçirilən fənn və layihə olimpiadalarında, bilik yarışmalarında yaxından iştirak edir, dərs aldıqları tədris ocağının adını yüksək nəticələr əldə etməklə doğruldurlar”.

Nailiyyətlərin sirri

“Bəs nailiyyətlərin sirri nədədir?” sualımıza isə müdir belə cavab verdi: “Hazırda liseydə 124 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 44 nəfərlik pedaqoji kollektiv məşğul olur. Respublikamızın müxtəlif rayon və şəhərlərindən gəlmiş bu şagirdləri ancaq bir sual düşündürür: mükəmməl və müasir təhsilə yiyələnmək. Bunun üçün üzərimizə böyük məsuliyyət düşür. Müasir təhsili yeni texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. Hər gün, hər saat yeniləşən, inkişafda olan beynəlxalq təhsillə ayaqlaşmaq üçün istər şagird, istərsə də müəllim olsun, daim öz üzərində çalışmalıdır. Yoxsa heç nəyə nail olmaq olmaz.

Liseydə tədris Təhsil Nazirliyi tərəfindən təsdiq ounmuş kurikulum və beynəxalq proqramlar əsasında aparılır. Hamımıza gün kimi aydındır ki, yalnız savadlı müəllim savadlı şagird yetişdirə bilər. Müəllimlərimizdən – Mürkəmil İsmayılov, Ramin Quliyev, Bəhruz Səmədov, Şaiq Məmmədov, Azad İsmixanov və başqalarının öz peşələrinə məsuliyyətlə yanaşmalarının nəticəsidir ki, onlarla şagirdimiz nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda belə respublikamızın adını şərəflə doğruldublar”.

“Hər sinfin öz kitabxanası var”

Bidiyimiz kimi təhsilin inkişafının bir yolu da onun maddi- texniki bazasının möhkəmləndirilməsindən keçir və bu sahə ölkə başçısının daim diqqət mərkəzindədir. Belə qayğıdan yararlanan təhsil müəssisələrindən biri də “İstək” liseyidir. Nügədi yolunda 4,5 hektar sahəni əhatə edən ərazidə tikilmiş tədris müəssisəsi və yataqxana korpusları yoldan ötən hər kəsin nəzərini özünə cəlb edir. Dördmərtəbəli tədris korpusunda təhsilin keyfiyyətli olması üçün hər cür şərait yaradılıb. Müasir təhsil texnologiyaları, intensiv xarici dil şagirdlərin dövrün tələblərinə uyğun nəzəri və praktiki biliklərə yiyələnməsini təmin edir. 9-cu sinifdən başlayaraq şagirdlərin yerli və xarici ölkələrdəki ali məktəblərə yüksək nəticələrlə qəbulu üçün ixtisas fənləri xüsusi metodologiya əsasında tədris olunur.

Təhsil sahəsində aparılan yeniliklərdən biri də elmin son nailiyyəti olan kompyuterin bütün sahələrdə özünə vəsiqə almasıdır. Liseydə şagirdlərin informasiya və kommunikasiya texnologiyaları ilə təmini proqramlarının həyata keçirilməsi sahəsində çox iş görülüb.

Şagirdlər 6 min kitabın yer aldığı kitabxanadan və geniş oxu zalından da səmərəli istifadə edirlər. Kitabxanaçı Reyhan Məmmədova bildirdi ki, burada bədii ədəbiyyatla yanaşı, ingilis dilli dərsliklər də çoxluq təşkil edir. Bundan əlavə, hər sinfin öz kitabxanası var. Kitabxanada tez-tez tanınmış yazıçı və şairlərin yaradıcılıq gecələri, əlamətdar günlər qeyd edilir.

Keyfiyyətinə söz ola bilməz

Liseydə gənclərin sağlam böyüməsinə, onların fiziki tərbiyəsinə ciddi fikir verilir. Həkim Rauf Camalov qeyd etdi ki, həkim otağı səhər saat 9-dan axşam saat 6-ya kimi fəaliyyət göstərir. Sağlamlığından narahatçılığı olan hər hansı bir uşağa ilkin tibbi köməklik göstərilir, məsləhətlər veririk, ildə bir dəfə isə hamını müayinədən keçiririk.

Yataqxananın 1-ci mərtəbəsində yerləşən idman zalında gərgin məşq gedirdi. Şagirdlər tennis və şahmat üzrə paytaxtda keçiriləcək yarışlara hazırlaşırdılar. Fiziki-tərbiyə müəllimi Aydəmir Həsənov qeyd etdi ki, perspektivli idmançılarımız çoxdur. Liseyin voleybol, futbol komandaları da həmişə mükafata layiq yerlər tutub.

Lisey tədris korpusu ilə yanaşı, yataqxana ilə də təchiz olunub. 250 nəfərlik yataqxanada şagirdlərin istirahəti üçün ideal şərait yaradilib. Müasir istilik sistemi ilə təchiz olunmuş binanın hər mərtəbəsində iki istirahət, uzaq yerdən gəlmiş valideynlər üçün qonaq otaqları, köməkçi müəllim, nəzarətçi, dərsə hazırlıq, tennis otaqları, hamam və sanitar qovşaqları vardır.

Liseydə 170 nəfərlik yeməkxana fəaliyyət göstərir. Şagird və müəllimlər gündə 3 dəfə yeməklə təmin olunurlar. Yeməklərin çeşidinə və keyfiyyətinə isə söz ola bilməz. Çünki sonda biz də nahar vaxtı həmin yeməklərdən daddıq.

Qvami Məhəbbətoğlu

Məzahir Məmmədov