Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib

77

“Azərkitab” Kitab Mərkəzinin Quba filialında yazıçı-dramaturq Əmir Pəhləvanla oxucuların görüşü keçirilib.

Tədbirdə Azərbaycan Ya­zıçılar Birliyi Quba bölməsinin sədri, “Əhməd Cavad” mükafatı laureatı, şair Ramiz Qusarçaylı çıxış edərək Əmir Pəhləvanın həyat və yaradıcılığı haqqında danışıb. O, Ə.Pəhləvanın həm müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi kimi qazandı­ğı ədəbi uğurlar barədə, eyni zamanda, ədibin Qazaxıstan və Qırğızıstan respublikalarının, Şimali Kipr Türk Respublikası dövlət mükafatlarının laureatı olduğu haqqında görüş iştirakçı­larına məlumat verib.

Tarix elmləri doktoru, pro­fessor, şair Şahin Fazil görüşdə bildirib ki, Əmir Pəhləvanı Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında, “Bakı” – “Baku” axşam qəzetlərində, “Azərbaycan müəllimi” qəzetində işlədiyi və “İlham” qəzetinin təsisçisi və baş redaktoru olduğu vaxtdan tanıyır. Yazıçı-dramatur­qun 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabı digər postsovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunub.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direk­toru, fizika elmləri doktoru Yusif Alıyev çıxışında Əmir Pəhləvanın “Step LTD” kinoşirkətini təsis etdiyindən, şirkətin xətti ilə yaradılan “Fransız”, “Qarabağ şikəstəsi”, “Spasibo”, “Qız qala­sı” bədii filmlərinin, “Bakı nefti və Nobellər”, “Avtoritet”, “Göyçay yəhudiləri”, “Doqquzuncu oğuz uyğurları”, “Kurqanlar”, “Hun­qoriya”, “Şəhriyar”, “Sivilizasiya beşiyi – Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru kimi bu filmlərdə tariximizin və taleyimizin maraqlı səhifələrini uğurla canlandırma­sından bəhs edib.

ADPU Quba filialının di­rektor müavini, fəlsəfə doktoru Aysel Şeydayeva çıxışında belə görüşlərin əhəmiyyətindən danışıb, Əmir Pəhləvana filia­lın tələbələri ilə də görüşünün təşkil edilməsi ilə bağlı təklif səsləndirib.

Görüşdə Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin sədri, şair Fərzalı Zi­yanur, Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin sədri, yazıçı Şixəmməd Seyidməmmədov, Qusar ya­zarları adından şair Ceyhun Ağabəyov, həmçinin bölgədə fəaliyyət göstərən digər şair və yazıçılar çıxış edərək, yazıçı-dra­maturqun yaradıcılığından söz açıblar.

Tədbirin sonunda Əmir Pəhləvan görüş iştirakçılarını maraqlandıran sualları cavablan­dırıb, yaradıcılıq planları barədə danışıb. O, belə bir maraqlı görüşün təşkili üçün Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbərliyinə təşəkkürünü bildirib.