Qubada Arif Məlikovun 85 illiyi qeyd olunub

Qubada görkəmli bəstəkar, Xalq Artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə konsert təşkil olunub. AQuba Uşaq Musiqi Məktəbində keçirilən “Azərbaycan musiqisinin canlı əfsanəsi” adlı yubiley tədbirində Arif Məlikovun yaradıcılığı müasir musiqi mədəniyyətimizin ən parlaq səhifələrindən biri kimi dəyərləndirilib.

Arif Məlikovun yaradıcılıq yolundan söhbət açan natiqlər bildiriblər ki, böyük sənətkar fəaliyyəti ilə Azərbaycan tarixində və mədəniyyətində iz buraxmağı bacarıb. Görkəmli sənətkarın əsərləri təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Buna misal olaraq, bəstəkarın hələ gənc yaşlarında yazdığı, dünyanın 60-dan çox ölkəsinin səhnələrini gəzən “Məhəbbət əfsanəsi” baletini göstərmək olar.

Çıxışlardan sonra məktəbin müəllim və şagirdləri konsert proqramı ilə çıxış ediblər. Bəstəkarın “Düşüncələr”, “İki qəlbin dastanı”, “Lirik vals”, “Komdinin xəyalları”, “Güllər”, “Gəl bizim dağlara”, “Ötəri anlar” və digər əsərləri ifa olunub.