Qubada “Alma bayramı” və Xalça festivalı keçirilib

0
393

Qubada keçirilən ənənəvi “Alma bayramı”nda və bu il ilk dəfə təşkil olunan Xalça festivalında böyük coşqu yaşanıb. azərtac xəbər verir ki, oktyabrın 7-si səhər saatlarından başlayan bayram tədbiri şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub.

Bayram tədbirinə Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, 40-a yaxın xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb.

2012-ci ildən etibarən ənənəvi olaraq təşkil edilən “Alma bayramı”nın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilir. Tədbir çərçivəsində qonaqlara şimal regionunda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.

Mərasimdə çıxış edənlər festivalın keçirilməsini milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

“Alma bayramı”nda qubalı bağbanlar arasında müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib.

Eyni vaxtda həm də ilk dəfə olaraq Xalça festivalı keçirilib. Festival iştirakçılarına Azərbaycan xalçaları, onların toxunma prosesi nümayiş etdirilib. Tədbir çərçivəsində xalçaların satışı da təşkil olunub.

Tədbir tanınmış incəsənət ustalarının bayram konserti ilə başa çatıb.