Qubada 8 Noyabr- Zəfər Günü şəhid ailələri və qazilərlə birlikdə qeyd olunub

51

Qubada 8 Noyabr- Zəfər Günü münasibətilə təşkil olunan ümumrayon tədbirində şəhid ailələri, Vətən müharibəsi qaziləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Tariyel İbrahimov çıxış edərək 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub.

Zəfər Günün münasibətilə təşkil olunan tədbirdə şəhidlərimizin fotoları əks olunan göyənəklər geyinmiş gənclər Azərbaycan və qardaş Türkiyə bayraqlarını dalğalandırıb, Vətən müharibəsi şəhidlərinə ehtiramlarını ifadə ediblər.

Tədbirdə tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. azərtac