Quba və Xaçmazda “Hərənin öz ulduzu” olacaq

Azərbaycan Dövlət Musiqili Teatrı bölgələrə növbəti qastrol səfərinə hazırlaşır. Belə ki, teatrın repertuarında olan “Hərənin öz ulduzu” (Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası iyunun 11-də Xaçmaz, 12-də isə Quba şəhərlərində olacaq.

Tamaşada əsas rollarda respublikanın xalq artisi Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva çıxış edəcəklər.

Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat Xidmətindən verilən məlumata görə, teatr rəhbərliyinin təşkilatçılığı ilə keçirilən qastrol səfərinin məqsədi yay mövsümü ilə əlaqədar bölgə əhalisinin mədəni istirahətini, eləcə də bölgələrdə yaşayanların sevimli teatrı və aktyorları arasında canlı təmas yaratmalarını yüksək səviyyədə təmin etməkdir.