Quba Soyqırımı Memorial Kompleksi 1 milyondan çox ziyarətçi qəbul edib

47

Quba Soyqırımı Memorial Kompleksi fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1 milyondan çox ziyarətçi qəbul edib. Ziyarətçilər arasında dünyanın bir çox ölkələrinin vətəndaşları yer alıb.

2021-ci ilin ilk altı ayı ərzində Kompleksə gələn qonaqların sayı isə 8 mindən çox olub.

Quba Soyqırımı Memorial Kompleksi hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejiminin qaydalarına uyğun fəaliyyətini davam etdirir.

Kompleksinin təşkilatçılığı ilə təbliğat və tanıtım xarakterli, soyqırımı – şahid ifadələrini əks etdirən sənədli filmin 3 dildə (Azərbaycan, ingilis və rus) tərcümə olunaraq yazıldığı disklər, həmçinin 5 dildə (Azərbaycan, ingilis, rus, türk və ərəb) buklet, müxtəlif kitabçalar, flayer və digər çap məhsulları hazırlanaraq ziyarətçilərə təqdim edilir. Həmin çap məhsullarının bir qismi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Quba şəhərinin əsas park və meydanlarında könüllü gənclər tərəfindən sakinlərə paylanılıb. Kompleksin muzeyində ziyarətçilər üçün belaruslu fotoqraf Lev Daşkeyeviçin fotoşəkilləri əsasında sərgi təşkil edilib. Bununla yanaşı, Quba rayonunda yerləşən bir sıra təhsil müəssisələrində, idarə və təşkilatlarda “Azərbaycan torpaqlarında erməni vəhşilikləri” mövzusunda sərgilər açılıb.

Sosial şəbəkələrdə Quba Soyqırımı Memorial Kompleksinə aid səhifə və profillərdə təbliğat xarakterli layihələr həyata keçirilir. Kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) canlı bağlantılar qurularaq onlayn məlumat verilir.

2021-ci ilin may-iyun aylarında başlayaraq Kompleksin ziyarətçiləri daha çox olub. Belə ki, Təhsil Nazirliyi tərəfindən təşkil edilən yay məktəblərinin iştirakçılarının karantin qaydalarına əməl etməklə Kompleksə ekskursiyalar keçirilib.

Ötən müddətdə Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları bir sıra uğurlar qazanıblar. Ukraynada nəşr olunan “Humanitar Elmlərin Aktual Məsələləri” adlı elmi jurnalın 34-cü sayında tarixçi Rəxşəndə Bayramovanın “Quba qəzasında soyqırımının törədilməsi və onun nəticələri” adlı elmi məqaləsi dərc edilib. 2020-ci ildə vətənpərvərlik ruhunda işlərinə və milli-mənəvi dəyərlərin təbliğində fərqləndiyinə görə Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı Abutalib Turabov “Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində keçirilən “İlin aktiv gənci” nominasiyasında diplom ilə təltif olunub.

Soyqırımı muzeyi 1918-ci il azərbaycanlıların soyqırımı tarixinə həsr edilən ilk və yeganə muzeydir. Muzeydə yalnız Quba qəzasında deyil, Bakı quberniyasının digər – Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımları haqqında geniş məlumat əldə etmək olar.

Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. azərtac