Quba-Qonaqkənd avtomobil yolunun inşası niyə aktualdır?

0
313

Qonaqkənd Qubanın ən səfalı guşələrindən biridir. 1958-ci ilə kimi rayon mərkəzi olan bu yaşayış məntəqəsi vaxtilə Qubanın istər iqtisadi, istərsə də ictimai həyatında mühüm rol oynayıb. Lakin sonradan Cimi çayında suyun səviyyəsinin tez-tez qalxması və daşqınlar yaranması burada yaşayış imkanlarını məhdudlaşdırıb. Bu səbəbdən əhali doğma yurd-yuvalarından köçərək rayon mərkəzinə daha yaxın ərazilərdə məskunlaşmağa məcbur olub. Nəticədə bir neçə kənd tamamilə tarixdən silinib. İndi Bilgəh, Qarabulaq, Qilcanlı, Yergüc kimi  kəndlərdən yalnız söküntülər nişanə qalıb.

Son illər Qonaqkəndin şöhrətini qaytarmaq məqsədilə bir sıra mühüm tədbirlər görülməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 11 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Qonaqkəndin ən böyük çətinliklərindən biri sayılan yol probleminə son qoyulur. Sərəncama əsasən, 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması davam etdirilir. Yeri gəlmişkən, ötən il Qubaya səfər edən Prezident İlham Əliyev rayon sakinləri ilə görüşündə demişdir: “…Bu yolun bir hissəsi Rustov kəndinə qədər artıq tikilib. Rustov kəndindən Qonaqkəndə qədər, düzdür, məsafə çox böyükdür və çox böyük maliyyə tələb edən layihədir. Ancaq biz bunu etməliyik. Çünki o yol üzərində bir çox kəndlər var, minlərlə insan yaşayır və indi yol, əlbəttə ki, çox pis vəziyyətdədir. Yəni belə yol bizə yaraşmır”.

Azərbaycan Avtomobil Yolları  Dövlət Agentliyinin  5 saylı Quba  Yol İstismarı MMC-nin mətbuat xidmətinin rəhbəri Elvin Orucov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, 46 kilometrlik yolun 20 kilometrlik hissəsinə, daha doğrusu, Xırt kəndinə qədər birinci qat asfalt döşənib: “Hazırda Cimi və Baba çayları üzərində körpülərin tikintisi üzrə qızğın iş gedir. Belə ki, Quba-Qonaqkənd avtomobil yolunun 46-cı kilometrliyində, Cimi çayı üzərində ümumi uzunluğu  102 metr olan 5 aşırımlı körpü inşa edilir. Yolun 43-cü kilometrliyində, Baba  çayı üzərində salınan 140 metr uzunluğa malik 7 aşırımlı körpüdə isə işlər yekunlaşdırılır. Yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə yeni su boruları tikilir”. 

Müsahibimiz bu ilin yay aylarında Quba-Qonaqkənd avtomobil yolunun istismara tam hazır olacağını vurğuladı: “İyunun axırında, yaxud iyulun əvvəllərində bu yol camaatın istifadəsinə veriləcək. Onu da qeyd edim ki, Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq”.

Cimi, Qaraulüstü, Xaşı, Ördüc, Puçuq, Gümür-Dəhnə yaşayış məntəqələrini özündə birləşdirən Qonaqkənd İnzibati Ərazi Dairəsinin nümayəndəsi Elvin Hüseynov isə qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən bütün bu işlər Qubanın turizm imkanlarını artırmaqla yanaşı, Quba-Qonaqkənd yolu üzərində yerləşən bütün kəndlərə yeni nəfəs verəcək: “Ümummilli liderimiz Heydər Əliyev əbəs yerə demirdi ki, yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir. Onu da qeyd edim ki, zəngin potensiala mailk olan ölkəmizdə yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Odur ki, Prezident İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında  bu sahənin inkişafı da önəmli yer tutur”. Qeyd edək ki, hazırda Qubanın qədim kəndərindən sayılan açıq səma altında muzeyi xatırladan, təkrarsız təbiəti, gözoxşayan gözəllikləri, meşələri, dağları ilə könül oxşayan  Xınalıq kəndinə də yeni yol çəkilir.

Qvami Məhəbbətoğlu, “İki sahil”